Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-275/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X12 və üçüncü şəxs X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “mülkiyyətində olan 0,0220 ha torpaq sahəsi üzərindən məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,0220 ha torpaq sahəsi üzərində məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2018-ci il tarixdə X5 0,0220 ha torpaq sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. xx.xx.2019-cu il tarixdə iddiaçıya çıxarış verilmişdir. X9 iddiası üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Zaqatala rayonu Bəhmətli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı etibarsız hesab edilmişdir. Həmin qərarı əsas tutaraq DƏDRX-in 18 saylı Ərazi İdarəsi torpaq sahəsi üzərinə qoyduğu məhdudiyyəti götürməmişdir. Halbuki iddiaçı torpaq sahəsini alarkən torpağın mülkiyyət sənədləri qaydasında olmuşdur. İddiaçıya, həmçinin ondan əvvəlki torpaq sahibinə verilmiş çıxarışlar ləğv olunmamışdır. X19 Məhkəməsində iddia qaldırmış X9 da hazırda həmin torpaq sahəsinə dair heç bir iddiası yoxdur. İddiaçı nümayəndəsi vasitəsilə cavabdehə müraciət edərək 0,0220 ha torpaq sahəsi üzərində məhdudiyyətin götürülməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********82 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 rayonu Bəhmətli kəndi ünvanında yerləşən torpaq sahəsi üzərinə məhkəmə mübahisəsi ilə bağlı qoyulmuş müvəqqəti nəzarətin götürülməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Qanuni qüvvəyə minmiş Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2- 1(116)-83/2020 saylı qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olan Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 14 aprel 2011-ci il tarixli, 07 nömrəli qərarı etibarsız hesab edildiyindən daşınmaz əmlakın dövlət reyestrində hər-hansı əməliyyatın aparılmasının mümkün olmaması səbəbilə onun ərizəsinin icrası mümkün olmamış və bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 xx.xx.2021-ci il tarixli **********57 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq məlumat veririk ki, iddiaçı X9 cavabdeh Zaqatala rayonu Bəhmətli bələdiyyəsinə (üçüncü şəxs İddiaçı) qarşı “Zaqatala rayon Bəhmətli bələdiyyəsinin 14 aprel 2011-ci il tarixli, 07 nömrəli qərarının etibarsız hesab edilməsi barədə” iddiası üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirildiyindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(116)-83/2020 saylı sorğusuna əsasən ünvan 2i ünvanında yerləşən 0,0220 ha torpaq sahəsi üzərinə tərəfimizdən müvəqqəti nəzarət qoyulmuşdur (məhkəmənin həmin sorğusunun surəti təqdim olunur). Qeyd olunan mübahisə ilə məhkəmənin sorğusuna əsasən həmin torpaq sahəsinə dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surətləri və bələdiyyənin qərarının əsli məhkəməyə təqdim olunmuşdur. Belə ki, Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 14 aprel 2011-ci il tarixli, 07 nömrəli qərarına əsasən bələdiyyənin adına qeydiyyata alınmış ünvan 2i ünvanında yerləşən 0,04 ha torpaq sahəsi (Torpaq sahəsindən yeraltı kabel və yüksək gərginlikli elektrik xəttinin qorunma zolaqları çıxdığına görə torpaq sahəsi 0,0220 ha kimi qeydiyyata alınmışdır. Bundan sonra mübahisəli 0,0220 ha torpaq sahəsi) 20 fevral 2012-ci il tarixində Zaqatala rayonu 2 saylı Dövlət notariat kontorunda bağlanılmış 4Ə-109 reyestr nömrəli alqı-satqı müaviləsinə əsasən X2 və həmin müqaviləyə əsasən Nuriyyə Babayevanın 28 sentyabr 2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Zaqatala rayonu 2 saylı Dövlət notariat kontorunda 20 noyabr 2018-ci il tarixində X8 ilə İddiaçı arasında bağlanılmış 4Ə-1569 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mübahisəli 0,0220 ha torpaq sahəsi İddiaçı adına keçmiş və 19 mart 2019-cu il tarixində, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmışdır. İddiaçı müraciət ərizəsinə əlavə etdiyi Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020ci il tarixli, 2-1(116)-83/2020 saylı qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 14 aprel 2011-ci il tarixli, 07 nömrəli qərarı etibarsız hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 14 aprel 2011-ci il tarixli, 07 nömrəli qərarı Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(116)- 83/2020 saylı qərarı ilə etibarsız hesab olunduğundan ünvan 2i ünvanında yerləşən mübahisəli 0,0220 ha torpaq sahəsinə dair digər sənədlərin (dövlət reyestrindən çıxarışlar və alqı-satqı müqavilələrinin) hüququnun itirilib-itirilməməsinə və həmin qərarın qanuni qüvvəyə minməsi məsləsinə münasibət bildirilməsi üçün xx.xx.2021-ci il tarixində məhkəməyə sorğu göndərilmişdir. Həmin sorğu xx.xx.2021-ci tarixində cavablandırılmış və məktubda qeyd olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2- 1(116)-83/2020 saylı qərarından qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verilmədiyinə görə qərar qanuni qüvvəyə minmişdir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı X9 iddiasında dövlət reyestrindən çıxarışların və alqı-satqı müqavilələrin hüququnun itirilməsi tələbi olmamışdır. Eyni zamanda iddiaçı X15 məhkəmə qərarı ilə etibarsız hesab edilmiş bələdiyyə qərarına əsasən dövlət reyestrindən verilmiş çıxarışın və alqı-satqı müqaviləsinin ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə ərizə ilə 18 saylı Zaqatala ərazi idarəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Onun müraciəti xx.xx.2021-ci il tarixində cavablandırılmış və ona bilavasitə cavab məktubu təqdim olunmuşdur. Bundan sonra iddiaçı X15 özünün xx.xx.2021-ci il tarixli müraciətinə baxıldığı və 18 saylı Zaqatala ərazi idarəsinin cavab məktubu ilə bağlı hər-hansı tələbin və ya iddianın olmadığı barədə yenidən ərizə ilə xx.xx.2021-ci il tarixində ərazi idarəsinə müraciət etmişdir. Həmin ərizəyə iddiaçı X15 xx.xx.2021-ci il tarixli, 8İ-4778 reyestr nömrəli notarial təsdiqli razılıq ərizəsini əlavə etmişdir. İddiaçı X9 həmin ərizəsində qeyd olunmuşdur ki, “İddiaçı məxsus olan ünvan 2ində yerləşən 0,0220 ha ehtiyat fondu torpağına qarşı heç bir tələb və iddiam yoxdur. Həmin torpaqla əlaqədar heç bir məhkəmədə və hər hansı bir təşkilatda iddia qaldırmayacam. Xahiş edirəm ərizəmi nəzərə alasınınız”. Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(116)-83/2020 saylı qərarında İddiaçı vicdanlı alıcı olub-olmaması məsələsinə münasibət bildirilmədiyini və Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin 14 aprel 2011-ci il tarixli, 07 nömrəli qərarının etibarsız hesab olunduğunu nəzərə alaraq, ünvan 1i ünvanında yerləşən mübahisəli 0,0220 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışların və alqı-satqı müqavilələrinin ləğv olunub-olunmaması və İddiaçı vicdanlı alıcı olub-olmaması məsləsinə münasibət bildirilməsi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə sorğu göndərilmişdir. Həmin sorğu xx.xx.2021-ci tarixdə cavablandırılmış və məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində məhkəmə baxışının hədləri müəyyən edilmişdir. Həmin maddədə deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “iddiaçı X9 məhkəmədə baxılmış iddia tələbində 0,0220 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışların və alqı-satqı müqavilələrinin ləğv olunması, İddiaçı vicdanlı alıcı olubolmaması barədə tələb olmadığına görə məhkəmə həmin məsələlərlə bağlı qərar qəbul etməmişdir”. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-275/2022 nömrəli qərardadı ilə X15 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinə etirazının olmadığını bildirmiş və təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl nümayəndəsi vasitəsilə müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin etirazına əlavə olunmuş A seriyalı 367266 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 400 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün Zaqatala rayonu Bəhmətli bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07 saylı qərarı ilə bələdiyyənin adına qeydə alınmışdır. Cavabdehin etirazına əlavə olunmuş Bəhmətli bələdiyyəsinin cavabdehə ünvanladığı xx.xx.2012-ci il tarixli 05 nömrəli məktubu ilə Zaqatala rayon Bəhmətli bələdiyyəsinə məxsus, bələdiyyənin 14 aprel 2011-ci il tarixli 07 saylı qərarı ilə bələdiyyənin mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyatdan keçirilməsi nəzərdə tutulmuş, məktuba əlavə olunmuş A№ 337266 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 400 kv.m torpaq sahəsinin yaxın ətrafından yüksək gərginlikli elektrik xətti keçdiyinə görə həmin ərazini 220 kv.m sahəsinin sənədləşdirilməsi xahiş olunmuşdur. MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 0,0220 ha torpaq sahəsi Bəhmətli bələdiyyəsinin xüsusi mülkiyyətində olmuşdur. Cavabdehin etirazına əlavə olunmuş: xx.xx.2012-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın aldı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli bələdiyyəsi 0,0220 ha torpaq sahəsini X1. A seriyalı 091624 nömrəli plan-ölçü sənədi və RX seriyalı ******* nörməli xx.xx.2016-cı il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 0,0220 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2018-ci il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X8 0,0220 ha torpaq sahəsini İddiaçı satmışdır. A seriyalı 363331 nömrəli plan-ölçü sənədi və RX seriyalı ******* nörməli xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 0,0220 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-83/2020 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçı X9 cavabdeh Zaqatala yayonu Bəhmətli Bələdiyyəsinə (üçüncü şəxs İddiaçı) qarşı “Zaqatala rayon Bəhmətli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmuş və Zaqatala rayonu Bəhmətli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı etibarsız hesab edilmişdir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş hazırkı iş üzrə üçüncü şəxs Şirin Durmuşov tərəfindən notariat qaydada verilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onun 0,0220 ha torpaq sahəsinə dair heç bir iddiası və tələbi yoxdur, həmin torpaq sahəsi bağlı hər hansı məhkəmədə və təşkilatda iddia qaldırmayacaqdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 14-cü maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər (14.1). Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (14.2). Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir (14.4). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5-ci maddəsinə əsasən 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağanın qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.4-cü maddəsinə əsasən daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması hüquqların dövlət qeydiyyatından imtina əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Göründüyü kimi, iş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin bələdiyyənin adına qeydiyyata alınması, üzərində notariat qaydada alqı-satqı əməliyyatlarının həyata keçirilməsi və təkrar qeydiyyatın aparılmasına əsas olmuş Zaqatala rayon Bəhmətli Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 07 nömrəli qərarı, yəni ilkin sənəd məhkəmə qaydasında etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən iddia tələbi üçüncü şəxsin razılığı, torpaq sahəsinə münasibətdə bağlanmış mülki hüquqi əqdlərin və onlar əsasında aparılmış qeydiyyatın mübahisələndirilməməsi ilə əsaslandırılsa da, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə yekunlaşmamış və öz həllini tapmamışdır. Göstərilənlərə münasibərdə daşınmaz əmlaka hüququn yaranması barədə bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edildiyindən, cavabdeh tərəfindən həmin daşınmaz əmlak üzərində sonrakı qeydiyyatın aparılmasından imtina edilməsi və müvafiq qeydlərin aparılması hüquqa zidd olmamış, iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçıların hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “mülkiyyətində olan 0,0220 ha torpaq sahəsi üzərində məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-275/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-275/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver