Məhkəmə qərarları › İş №2-1(116)-275/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-275/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-275/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixli № NA00021273 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi” barədə qərarın ləğv edilməsi, ali təhsil haqqında Rusiya Federasiyaı X4 xx.xx.2016-cı il tarixli 135524 ******* nömrəli bakalavr diplomu və 135524 ******* nömrəli diploma əlavə (transklipt) sənədlərinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi” barədə qərarın ləğv edilməsi, ali təhsil haqqında Rusiya Federasiyaı X4 xx.xx.2016-cı il tarixli 135524 ******* nömrəli bakalavr diplomu və 135524 ******* nömrəli diploma əlavə (transklipt) sənədlərinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 2011-ci ildə Rusiya Federasiyası Müasir X2 Respublikasının Ekibastuz şəhərində yerləşən nümayəndəliyində İqtisadiyyat fakültəsinə qiyabi daxil olmuşdur. Tədrisin onlayn qaydada keçirilməsinə baxmayaraq həmin il universitetin yaratdığı tələbələrə aid şəxsi kabinet vasitəsi ilə mərkəzə qoşularaq keçirilən bütün dərslərdə iştirak etmiş və imtahanları tələb olunan qaydada vermişdir. 2011-ci ildə təhsil aldığı ölkə - Qazaxıstan Respublikası ərazisində xx.xx.2011-ci il tarixdən xx.xx.2011ci il tarixədək (155 gün) olmuşdur. Sonra xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (21 gün) təhsil aldığı ölkənin ərazisində olmuşdur. Lakin 2013-cü ildə həm yeni işə qəbul olduğu (AG Telekom KATV1 kabel televiziyası 119 Məlumat və Xidmət Mərkəzi, vəzifə: Qrup rəhbəri) həm də tədrisin onlayn olması səbəbilə təhsillə əlaqədar ölkəyə giriş- çıxışı olmayıb. Buna baxmayaraq keçirilən bütün dərslərdə onlayn şəkildə iştirak etmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (9 gün) Qazaxıstan Respublikası ərazisində olmuşdur. 2015-ci ildə isə təhsil aldığı X3 akkreditasiya müddətinin uzadılmaması səbəbi ilə ölkə ərazisində olmamışdır. xx.xx.2015-ci ildə sənədləri Rusiya Federasiyası Omsk X1 Respublikasının Ekibastuz şəhərində yerləşən nümayəndəliyinə eyni ixtisas üzrə qəbul edilməklə müəssisələr arası köçürülmə olmuşdur. xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 130 gündən artıq Qazaxıstan Respublikasında olmuşdur. Ümumilikdə isə təhsil aldığı ölkə ərazisində yanlız təhsil səbəbli 315 gündən artıq yaşamış və həmin dövrlərdə orada heç bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. Bütün illər üçün dərs yükünü tam şəkildə mənimsədiyi və istehsalat təcrübəsini uğurla keçdiyi üçün Dövlət imtahanını vermək məqsədilə xx.xx.2016-cı ildə Qazaxıstan Respublikasından Rusiyanın Omsk şəhərinə getmiş və xx.xx.2016-cı il tarixdə ölkəyə qayıtmışdır. Eyni zamanda onu da qeyd etmək istəyir ki, xx.xx.2016 - xx.xx.2016-cı il tarixlərdə isə Diplom müdafiəsi üçün bir daha Rusiya Federasiyasının Omsk şəhərində olmuşdur. Qeyd etdiyi bütün tarixlər iddiaçının Ümumvətəndaş (xarici) pasportunda öz əksini tapır. Beləliklə iddiaçı Rusiya Federasiyası X4 05 iyul 2016-cı il tarixli 135524 ******* nömrəli Bakalavr Diplomu və 135524 ******* diploma əlavə (tansklipt) sənədi verilmişdir. Həmin diplom və ona əlavə sənədlər xx.xx.2023- cü il tarixdə Rusiya Federasiyası Moskva şəhəri Təhsil və Elm Departamenti tərəfindən təsdiqlənərək leqallaşdırılmışdır. 2015-ci ildə köçürüldüyü ali təhsil müəssisəsinin təhsil aldığı müddətdə və sonrakı dövrdə akkreditasiyası, lisenziyası olmuş və bu barədə X4 hal-hazırda da rəsmi internet səhifəsində bütün Şəhadətnamələr əks olunmaqdadır. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2011/2012-ci tədris ili üzrə - getməyib, 2012/2013-cü tədris ili üzrə - getməyib, 2013/2014-cü tədris ili üzrə - getməyib, 2014/2015-ci tədris ili üzrə - getməyib, 2015/2016-cı tədris ili üzrə - 6 gün. İddiaçı təhsil aldığı 2011-2015-ci tədris illəri ərzində Rusiya Federasiyası ərazisində olmayıb. Yalnız sonuncu tədris ilində 6 gün Rusiya Federasiyasının ərazisinə daxil olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bununla yanaşı, icraat zamanı iddiaçının xarici ali təhsil müəssisəsinin Qazaxıstan filialında təhsil aldığı müəyyən edilmişdir. Bildiririk ki, iddiaçının faktiki təhsil aldığı ali təhsil müəssisəsinin Qazaxıstandakı filialı qanuni əsaslar olmadan fəaliyyət göstərmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçı tərəfindən bəyan edilən Qazaxıstan filialında təhsil alması məsələsinə dair aidiyyatı üzrə sorğular göndərmişdir. Sorğuların nəticəsindən məlum olur ki, X4 hər hansı bir ölkədə filialı yoxdur. Yekunda filial qanuni əsası olmadan(llsenzlyasız) fəaliyyət göstərir. Bununla yanaşı, əldə olunan sorğuya cavabdan və diplom əlavəsinin 5-ci bəndindən də məlum olur ki, iddiaçı qiyabi təhsilalma forması əsasında təhsil almalıdır. Lakin o qanunsuz filialda distant texnologiyaların köməyi ilə təhsil aldığını bildirir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Bu səbəblərdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarından görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarında iddiaçının sərhəd çıxma məlumatları qeyd edilmişdir.

3. İddiaçıya məxsus **********757 seriyalı xx.xx.2016-ci il tarixli diplomun surəti.

4. İddiaçıya məxsus P ******* nömrəli xarici pasportun surəti.

5. Ali təhsil barədə diploma əlavənin surəti.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırkı iddia mümkün iddiadır,lakin, iddia əsassızdır. İşin hallarından görünür ki, iddiaçıya məxsus ali təhsil haqqında xx.xx.2016-cı il tarixli 135524 ******* nömrəli bakalavr diplomda onun Rusiya Federasiyaı Omsk Humanitar Akademiyası tərəfindən verildiyi qeyd edilmişdir. Cavabdeh 30 dekabr 2023-cü il tarixli, NA00021273 nömrəli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar qiyabi təhsil müddəti üzrə tədris ili müddətinin uyğun olmaması ilə əsaslandırılmışdır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Qanunun 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanuna əsasən Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” : 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 1.4. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); İşin hüquqi halları ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə əyani formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Hazırki işin xüsusi halları baxımından, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda, onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və buradan hərəkətlə Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğu müəyyən olunmur. Belə ki, iddiaçı Rusiya Federasiyasına 2011-2015-ci tədris illərində getməmiş, 2015-16-cı tədris ilində 6 gün Rusiya Federasiyasının ərazisində olmuşdur. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bununla yanaşı, icraat zamanı iddiaçının xarici ali təhsil müəssisəsinin Qazaxıstan filialında təhsil aldığı qeyd edilmişdir. Lakin iddiaçının faktiki təhsil aldığı ali təhsil müəssisəsinin Qazaxıstandakı filialı qanuni əsaslar olmadan fəaliyyət göstərmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçı tərəfindən bəyan edilən Qazaxıstan filialında təhsil alması məsələsinə dair aidiyyatı üzrə sorğular göndərmişdir. Sorğuların nəticəsindən məlum olur ki, X4 hər hansı bir ölkədə filialı yoxdur. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin əyani formada olması işin mübahisəsiz halıdır. Ona görə də iddiaçının halına münasibətdə əyani təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin əyani formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış əyani formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2023-cü il tarixli № NA00021273 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi” barədə qərarın ləğv edilməsi, ali təhsil haqqında Rusiya Federasiyaı X4 xx.xx.2016-cı il tarixli 135524 ******* nömrəli bakalavr diplomu tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar