Məhkəmə qərarları › İş №2-1(116)-2753/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2753/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2753/2025 01.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “onun xəstəxanada vakansiya yeri olan həkim-uroloq vəzifəsinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “onun xəstəxanada vakansiya yeri olan həkim-uroloq vəzifəsinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddiadan imtina edilməsi hazırkı halda cavabdehin iradəsindən asılı olmadığına görə, yəni iddiaçı şifahi məhkəmə baxışına qədər imtina etdiyi üçün imtina qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə ərizəni iş materialları ilə birlikdə qanunvericiliyin tələbləri baxımından araşdırıb hesab edir ki, iddiaçı iddiadan imtina etdiyi üçün hazırkı işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə qarşı “onun xəstəxanada vakansiya yeri olan həkim-uroloq vəzifəsinə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. X4 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar