Məhkəmə qərarları › İş №2-1(116)-2764/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2764/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2764/2024 14.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı – İddiaçı cavabdeh – İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı «torpaq sahəsinə dair sənədlərin və sorğuya cavaba dair arayışın verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı müvafiq mülki mübahisənin məhkəmədə həllinə nail olmaq məqsədilə 4 iyun 2024-cü il tarixdə cavabdeh İsmayıllı RİH başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək, ona mərhum atası X1 Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsinə dair sənədlərin təqdim olunmasını və məlumat verilməsini xahiş etmişdir. Cavabdeh İsmayıllı RİH başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyindən müvafiq cavab almadığından, həmin quruma qarşı «torpaq sahəsinə dair sənədlərin və sorğuya cavaba dair arayışın verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki, mərhum atasına İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının Quşəncə kəndində ayırdığı pay torpağı əmisi tərəfindən zəbt olunmuşdur. Arxiv qurumuna müraciət etsə də, həmin torpaqayırma sənədlərinin təhvil verilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı mülki mübahisənin məhkəmədə həllinə nail olmaq üçün atasına torpaq ayrılması barədə sənədlərin və məlumatlar bildirilən arayışın verilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin məsələnin həllini təmin etməmişdir. Cavabdehin hərəkətləri əsassız və qanunsuzdur, onun hüquqlarını pozur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 47 və 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə 15 gün müddətində iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ilə bağlı bildirir ki (iddiaya qarşı yazılı münasibətə əsasən), Nümayəndəlikdə İddiaçı müraciəti üzrə araşdırma aparılmış, onun nəticəsi barədə 5 iyul 2024-cü il tarixli məktub ərizəçinin vəkilinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh tərəfindən ona göndərilmiş məktubda göstərilənlərlə razılaşmır, iddianı mümkün sayır və müdafiə edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirdi və qeyd etdi ki, iddiaçının müraciətinə cavab verilmişdir. Əsaslandırma hissəsi : İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən İsmayıllı rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan cavabdeh İsmayıllı RİH başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyi İsmayıllı rayonunun Quşəncə kəndində yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə cavabdeh İsmayıllı RİH başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyinin yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. «İnformasiya əldə etmək haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Həmin Qanunun 2.4-cü maddəsinə görə fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1-ci maddəsinə görə informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 3-cü maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır, şəxsi və ailə həyatına dair məlumat – şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilərdir, informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir, informasiyanın açıqlanması – informasiyanın sorğu verilmədən mediada, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, internet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. Həmin Qanunun 20.1-ci maddəsinə görə informasiya sahibinin vəzifəli şəxsi araşdırmanın nəticəsindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir: sorğunun icrasından imtina edir, sorğunun icrasını təmin edir, sorğunu aidiyyəti informasiya sahibinə göndərir. Həmin Qanunun 21.1.2-ci maddəsinə görə informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə informasiya sahibi sorğunun icrasından imtina edir. Hazırkı işin məhkəmə araşdırması ilə məlum olur ki, cavabdeh İsmayıllı RİH başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyi İddiaçı sonuncunun 4 iyun 2024-cü il tarixli müraciətinə 5 iyul 2024-cü il tarixli yazılı cavabını göndərmişdir. İddiaçı qaldırdığı məsələ barədə məhkəməyə iddia ərizəsi təqdim etməmişdən əvvəl cavabdeh tərəfindən cavablandırılmışdır. Belə olan halda, iddiada qaldırılan tələb üzrə cavabdeh İsmayıllı RİH başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən hazırkı İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. İddiaçının hər hansı hüququna aşkar müdaxilə baş verməmişdir və nəzərə də çarpmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İsmayıllı RİH başçısının Quşəncə kənd ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı «torpaq sahəsinə dair sənədlərin və sorğuya cavaba dair arayışın verilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar