Məhkəmə qərarları › İş №2-1(116)-2768/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2768/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2768/2025 04.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Zəkəryəyeva Gülnarə Hikmət qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I.İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvanlı sosial yardımın verilməsinə dair müraciətdən imtina edilməsinə dair imtinanın ləğv olunması, xx.xx.2025-ci il tarixdən ünvanlı sosial yardımın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 xx.xx.2025-ci il tarixli ərizə göndərərək, e-2-1(116)-2768/2025 nömrəli inzibati iş üzrə onun iddiaçılar sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Onlar “Ünvanlı Sosial yardım” haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən ünvanlı sosial yardım təyin edilməsi üçün “VEMTAS” sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsələr də, həmin sistem tərəfindən imtina gəlmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ailənin gəlirləri barədə məlumat düzgün göstərilməmiş və son 12 ay ərzində yaşayış minumumunun 12 mislindən çox alqı-satqı edilməsi aşkarlanmışdır. Halbuki, belə bir hal baş verməmiş, onun iradəsi ziddinə baş verməsi ehtimal edilən absurd və cəfəngiyyatdan ibarət bir şeyə görə imtina edilmişdir. Hazırda həmin imtinanı qanunsuz hesab etmişlər. Bu səbəbdən də, imtina ləğv olunmalı, onlara xx.xx.2025-ci il tarixdən çatası ünvanlı sosial yardım təyin olunmalıdır. Cavabdeh orqan iddia tələbinə etirazını və etirazı əlavəni aşağıdakı kimi əsaslandırmışdır: - Etirazda “Ünvanlı dövlət sosial yardımı haqqında” xx.xx.2005-ci il tarixli Qanunun 1.0.5, 6.2, 6.3, 10.1, 10.3, 10.2, 10.4-cü maddələrinə, “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”n 1.1, 2.2, 3.2, 3.3, 3.4.1, 3.4.2, 3.7.1, 3.7.3 maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2.2, 3.1, 3.3, 5, maddələrinə istinad olunaraq qeyd edilmişdir ki, İddiaçı1 ünvanlı dövlət sosial yardımın (bundan sonra - ÜDSY) təyin edilməsi ilə bağlı 21.01,2025-ci il tarixli, **********3209-1 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətə aşağıdakı əsaslarla imtina verilmişdir: > Son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı edilməsi. > Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi. Bildirilmişdir ki, iddiaçının xx.xx.2025-ci il tarixli **********3209-1 nömrəli müraciəti əsasında xx.xx.2025-ci il tarixində “Ərizəbəyannamə”də qeyd edilən ünvanda monitorinq yoxlama həyata keçirilmiş və yoxlama aktı tərtib edilmişdir. Həmin yoxlama aktına əsasən iddiaçı 2024-cü ilin may ayında istifadəsində olan nəqliyyat vasitəsini satmış və 5000 AZN gəlir əldə etmişdir. Həmçinin iddiaçı satıcı olaraq işlədiyini və aylıq 335 AZN stabil əməkhaqqı aldığını, həyat yoldaşının əczaçı kimi aptektə işlədiyini və aylıq 355 AZN stabil əməkhaqqı aldığını qeyd etmişdir. Monitorinq yoxlamanın nəticəsinə əsasən iddiaçının gəlirlərini düzgün göstərmədiyi, son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı etdiyi müəyyən edilmiş və müraciətindən əsaslı olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ev təsərrüfatları tədqiqatının əsas yekunlarına dair statistik məcmuəsində ev təsərrüfatının nədən ibarət olmasını qeyd etmişdir. Ev təsərrüfatı - bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. Ev təsərrüfatı bir nəfərdən, bir və ya bir neçə ailədən və ailə üzvü olmayan şəxsdən (şəxslərdən), eləcə də qohum olmayan şəxslərdən ibarət ola bilər. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının müraciətində son 1 il ərzində 5798.20 manat məbləğində ailənin rəsmi gəliri olduğu qeyd edilsə də, yoxlama zamanı iddiaçının və həyat yoldaşının aldığı əməkhaqqıların ((335x12=4020) +(355x12=4260)) ümumilikdə 8280 manat təşkil etdiyi və qeyd edilən məbləğdən 2400 manatdan daha artıq olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçı istifadəsində olan nəqliyyat vasitəsini ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki 12 ay daxilində satdığını və 5000 AZN gəlir əldə etdiyini qeyd etmişdir. Nəzərə almaq lazımdır ki, 2024-cü il üzrə respublika üzrə təsdiq edilmiş yaşayış minimumu 270 manatdır və bu məbləğin 12 misli (270x12) 3240 manat təşkil edir ki, bu məbləğ iddiaçının əldə etdiyi gəlirdən aşağıdır və Qaydaların 3.7.3cü maddəsinin tələblərinə əsasən bu hal birbaşa olaraq imtina əsasıdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, müayinə əsasında iddiaçının öz ərizəbəyannaməsində ailə gəlirləri barədə düzgün məlumatlar göstərmədiyindən və son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı etdiyindən uyğunsuzluqlar aşkarlanmış, bu səbəbdən ÜDSY təyinindən imtina edilmişdir. Beləliklə, iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Fondun X1 üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-57420/2025 nömrəli xidməti məktubuna əsasən, iddiaçıların sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin (MEİS) “Ünvanlı yardım” (VEMTAS) altsistemində son 3 il ərzində müxtəlif müraciətləri qeydə alınmışdır. Son üç il ərzində ailəyə ünvanlı dövlət sosial yardım təyin edilməmiş və məhdudiyyət tətbiq olunmamışdır. - İş materiallarında olan xx.xx.2025-ci il tarixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan görünür ki, ünvanlı dövlət sosial yardımın alınması üçün xx.xx.2025-ci il tarixli **********3209-1 nömrəli müraciətə cavab olaraq bildirilmişdir ki, “Son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı etməsi”, “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İPM-ə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. - Ailənin X1 barədə xx.xx.2025-ci il tarixli məlumat vərəqəsindəki əlavə məlumat hissəsində aşağıdakı məlumatlar qeyd edilmişdir: “Ünvanda olduq. Qapı bağlı idi. Əlaqə saxladıqdan sonra təmsilçi işdən ünvana yaxınlaşdı. Həyat yoldaşının işdə, uşaqların məktəbdə olduğunu bildirdi. Ev ailəyə məxsusdur. Verilən məlumata əsasən təmsilçi 1 ildən çoxdur satıcı olaraq çalışır, aylıq 335 AZN stabil əmək haqqı alır. Həyat yoldaşı aptekdə çalışır, aylıq 355 AZN əmək haqqı alır. Başqa gəlirin olmadığı 2024-cü ilin may ayından sonra təmsilçinin istifadəsində olan nəqliyyat vasitəsinin 5000 (beş min) AZN-ə satıldığı, həyətyanı sahənin 0,06 ha, pay torpağının 0,17 ha olduğu qeyd olundu. Ünvanda işıq, qaz və su xətti mövcuddur. İş materiallarında olan iş yeri haqqında məlumatlara dair sistem çıxarışlarından görünür ki, İddiaçı1 Aboy evində satıcı vəzifəsində işləyir, əmək haqqı 400 manat, İddiaçı2 isə "xxxx" MMC-də satıcı vəzifəsində işləyir, əmək haqqı 400 manat qeyd olunmuşdur. İİ.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İİİ.Məhkəmənin mövqeyi. İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi iddiaçı tərəfindən “ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” və “son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı edilməsi” qeyd edilmişdir. İddiaçı, qeyd edilən əsaslarla imtinanın qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının “ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” və “son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı edilməsi” ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina əsasları göstərilmişdir. Cavabdeh orqan bildirir ki, iddiaçının müraciətində son 1 il ərzində 5798.20 manat məbləğində ailənin rəsmi gəliri olduğu qeyd edilsə də, yoxlama zamanı iddiaçının və həyat yoldaşının aldığı əməkhaqqıların ((335x12=4020) +(355x12=4260)) ümumilikdə 8280 manat təşkil etdiyi və qeyd edilən məbləğdən 2400 manatdan daha artıq olduğu müəyyən edilmişdir. Cavabdeh orqan bunu “ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” kimi qəbul edib iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtinaya səbəb olan digər dəlili “son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı edilməsi”dir. Məhkəmə qeyd edir ki, ailənin gəlirləri barədə uyğunsuzluq Qaydaların 3.7.2-ci bəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin bəndə görə sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilər. Cavabdeh orqan Qaydaların 3.7.2-ci bəndində göstərilən səbəblərin mövcud olduğunu sübut etmədən və əsaslandırmadan imtina qərarı vermiş, məhkəmə araşdırması zamanı da, aşkar edilmiş uyğunsuzluqların ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtinaya səbəb olması müəyyən edilməmişdir. Həmin qaydaların 3.7.1-ci bəndində imtina əsası kimi “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunması göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (xüsusilə ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, göstərilən hal ünvanlı sosial yardımın təyin edilməsinə maneə olan hal deyildir. Təyin olunan məbləğinin müəyyənləşdirilməsində də heç bir əhəmiyyət kəsb etmir. Odur ki, həmin hal iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi. Məhkəmə həmçinin cavabdehin imtinasının və iddiaya etirazının iddiaçının son 12 ay ərzində yaşayış minimumunun 12 mislindən çox alqı-satqı edilməsi barədə dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdehin həmin dəlili, yəni iddiaçının alqı-satqı əməliyyatları nəticəsində əldə etdiyi gəlir barədə göstərdiyi məlumatlar iş materialları ilə təsdiqlənmir. Həmçinin məhkəmə iclasında iddiaçı açıq şəkildə bildirmişdir ki, o, heç vaxt ona məxsus bir avtomobilin satıldığını qeyd etməmişdir və belə bir satışın mövcudluğu ilə bağlı heç bir məlumat verməmişdir. Həmin avtomobil faktiki olaraq onun qardaşına məxsusdur və iddiaçı heç vaxt onun satışından əldə edilmiş gəlir barədə danışmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı elə bir ifadə işlətmiş olsa belə, onun həqiqi olubolmamasını müəyyən etmək cavabdeh orqanın öhdəliyidir. İnzibati orqan yalnız faktiki və sübuta əsaslanan məlumatlara əsaslanaraq qərar qəbul edə bilər. Cavabdeihn imtinası təkcə şifahi və heç bir sübuta əsaslanmayan məlumatlar əsasında verilə bilməz. Belə olan halda, cavabdeh orqanın şifahi və formal dəlilləri əsas gətirərək sosial yardımın təyin edilməsindən imtina etməsi qanunsuz hesab olunmalıdır. Beləliklə, məhkəmə, cavabdeh orqanın etirazında ünvanlı sosial yardımın təyin edilməsi üçün əsaslı hüquqi maneələrin mövcudluğunu sübut edə bilməməsi faktını, həmçinin iddiaçının verdiyi məlumatların Qaydaların 3.7.2-ci bəndində nəzərdə tutulan ailənin orta aylıq gəlirinin ehtiyac meyarının məcmusuna bərabər və ya ondan yuxarı olması halını yaratmadığına dair aşkar bir əsaslandırma təqdim etməməsini müəyyən edərək inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun tələb etdiyi obyektiv və hərtərəfli araşdırma aparmamışdır. Göründüyü kimi cavabdeh orqanın iddiaçının təqdim etdiyi məlumatların doğruluğunu və ya uyğunsuzluğunu hər hansı sübuta əsaslanmadan qiymətləndirməsi, şifahi izahatlara istinad etməsi (həmin izahatların verilməsi də iş materialları ilə sübut edilmir), həmçinin ailənin maddi vəziyyəti, gəlirləri və digər sosial şərtləri ilə bağlı obyektiv və hərtərəfli araşdırma aparmaması nəticəsində Konstitusiyanın 38-ci maddəsi ilə qorunan sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına gətirib çıxarmışdır, bu isə inzibati orqanın funksional və hüquqi öhdəliklərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki iddia təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı1 xx.xx.2025-ci il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı1 aztəminatlı ailəsinə xx.xx.2025-ci il tarixdən ünvanlı dövlət sosial yardım təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5 Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar