Məhkəmə qərarları › İş №2-1(116)-2786/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2786/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2786/2023 04.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixli 2300/813Ş nömrəli əmrinin ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X3 və Texniki Xidmətin Göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixli 2300/813Ş nömrəli əmrinin ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X3 və Texniki Xidmətin Göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2012-ci ildə Odlar Yurdu Universitetinin mühəndis itqisadiyyatı və idarə etmə fakültəsini bitirmişdir. 14 iyun 2017-ci ildə “My Broka” məhdud məsuliyyətli cəmiyyətinə mütəxəssis vəzifəsinə təyin edilmiş, 21 iyun 2017-ci il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən işdən azad olunmuşdur. İddiaçı 3 iyul 2017-ci il tarixdə “Azərterminalkompleks” X3 X5, Gömrük Brokeri və Texniki Xidmətin Göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru vəzifəsinə təyin edilmişdir (Əmr № 182/284Ş, xx.xx.2017). İddiaçı 15 noyabr 2017-ci il tarixdə “Azərterminalkompleks” X3 və Texniki Xidmətin Göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru vəzifəsindən azad edilərək Analtik şöbənin inspektoru vəzifəsinə köçürülmüşdür (Əmr №182/558Ş, xx.xx.2017). İddiaçı 4 may 2018-ci il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilərək xidmətinə xitam verilmişdir (Əmr № 2300/813Ş, 05.1 1.2018). İddiaçı cavabdeh inzibati orqanın onun tutduğu vəzifədən azad edilməsi barədə həmin əmrini aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız hesab edir, bildirir ki, həmin əmr ləğv edilməklə o, işinə bərpa olunmalı və məcburi işburaxmaya görə əmək haqqı almalıdır. İddiaçı bildirir ki, o, işlədiyi müddətdə öz vəzifəsinə vicdanla yanaşaraq üzərinə götürdüyü öhdəliyi daim yerinə yetirmiş, işlədiyi müddətdə cavabdeh inzibati orqan tərəfindən barəsində hər hansı inzibati tənbeh tədbiri görülməmişdir. Rəhbərlik dəyişəndən sonra, yəni 2018-ci mart ayında yeni rəhbərliyin göstərişi ilə o, Balakən Mazımçay keçid məntəqəsinə ezam olunmuşdur. Orada xidmət keçdiyi zaman iddiaçı yenidən Binə şöbəsinə çağırılmış və heç bir əsas olmadan ona öz xahişi ilə işdən çıxması barədə ərizə yazmasını istəmişlər. İddiaçı bundan qəti imtina etmiş və yenidən Balakən rayonuna işinə qayıtmışdır. Bir müddət sonra rəhbərlik iddiaçını ezamiyyətdən geri çağırmış və öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmağa məcbur etmişlər. Bundan sonra rəhbərliyin müavini iddiaçını guya vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə maddə ilə işdən azad edəcəkləri ilə hədələmiş və hətta onun məsuliyyətə cəlb olunacağını bildirmişlər. Bundan sonra iddiaçı məcbur olub onun adından kiminsə tərəfindən öz xahişi ilə işdən azad olunmasını istəməsi barədə yazılmış ərizəni imzalamışdır. Həmin vaxt iddiaçıya bildirmişlər ki, aradan bir müddət keçsin, ara sakitləşsin, onu yenidən dəvət edib, öz işinə bərpa edəcəklər. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-33/2-017255/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, hazırkı mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılması üçün müəyyən meyarlara əməl edilməsi zərurəti mövcud olmalıdır. Aşağıda qeyd edilənlərə əsasən cavabdeh hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi mümkün sayılmamalıdır. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” təsdiq edilmişdir. Əsasnamənin 1.1-ci bəndinə əsasən Komitə Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. 2.1.1-ci yarımbəndinə əsasən gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, 2.1.2-ci yarımbəndinə əsasən gömrük işini təşkil etmək və onun inkişafını təmin etmək, 2.1.3-cü yarımbəndinə əsasən gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirmək, 2.1.4-cü yarımbəndinə əsasən hüquq mühafizə fəaliyyətini həyata keçirmək və 2.1.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil Komitənin fəaliyyət istiqamətlərinə daxildir. Əsasnamənin 3.1.5-ci yarımbəndinə əsasən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək, 3.1.6-cı yarımbəndinə əsasən mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək, 3.1.7-ci yarımbəndinə əsasən gömrük ödənişlərinin alınmasını təmin etmək, 3.1.8-ci yarımbəndinə əsasən gömrük rüsumlarının, müvafiq vergilərin və dövlət rüsumunun vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin etmək Komitənin əsas vəzifələrindəndir. Cavabdeh bildirir ki, qeyd olunan “Azərterminalkompleks” Birliyinin “Gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru" ştatı və sorğuda qeyd olunmayan İddiaçı xidmətinə xitam verildiyi “Azərterminalkompleks” Birliyinin “Analitik şöbəsinin inspektoru” ştatı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsəsnamə”nin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşən işçilərin say tərkibinə daxil deyildir. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra "gömrük orqanları” adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Əsasnamənin: 1-ci bəndinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Əsasnamənin 2-ci bəndinə əsasən gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununum dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir. Həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə öz təşəbbüsü ilə xitam verilə bilər. “Azərtermınaikompleks” Birliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” nun 2.4.6-cı yarımbəndində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan digər qurumların siyahısında qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının xx.xx.2013-cü il tarixli 100/01/004 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”nin (əlavə olunur) 1.1-ci bəndinə əsasən “Azərterminalkompleks” Birliyi (bundan sonra - Birlik) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil (bundan sonra - Komitə) olan qurumdur. Həmin Əsasnamənin: 1.6-cı bəndinə əsasən Birliyin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş mənbələrdən və göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. 5.1-ci bəndinə əsasən Birliyin strukturu və ştat cədvəli Komitə sədrinin razılığı ilə onun direktoru tərəfindən təsdiq olunur. 5.2-ci bəndinə əsasən Birliyə Komitə sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. 5.9.10-cu yarımbəndinə əsasən Birliyin direktoru əmək müqaviləsi əsasında vətəndaşları işə qəbul edir və işdən azad edir. 5.9.15-ci yarımbəndinə əsasən Birliyin direktoru Birlikdə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvssləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı fəaliyyəti həyata keçirir. Gömrük Məcəlləsinin 53.4-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və onların verilməsi qaydaları “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə ilə müəyyən edilir. Həmin Məcəllənin 53.5-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması və fərqlənmə nişanları pulsuz verilir. Həmin Məcəllənin 53.6-cı maddəsinə əsasən bu Məcəllənin 53.4-cü və 53.5-ci maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan digər qurumların vəzifəli şəxslərinə də şamil edilir. Həmin Məcəllənin 53.10-cu maddəsinə əsasən gömrük orqanlarında xidmətə qəbul, xidmət keçmənin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunun əsasları bu Məcəllə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir. Cavabdeh məlumat üçün bildirir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi direktorunun 03 iyul 2017-ci il tarixli 182/284Ş nömrəli əmri ilə (əlavə olunur) “Azərterminalkompleks” X3 X5nin Gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru vəzifəsinə işə qəbul edilmişdir. “Azərterminalkompleks” Birliyi direktorunun 15 noyabr 2017-ci il tarixli 182/558Ş nömrəli əmri ilə (əlavə olunur) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək, “Azərterminalkompleks” Birliyinin Analitik şöbəsinin inspektoru vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 17 noyabr 2017-ci il tarixli 100/1158Ş nömrəli əmri ilə (əlavə olunur) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53.6-cı maddəsinə əsasən “Azərterminalkompleks” Birliyinin Analitik şöbəsinin inspektoru İddiaçı ilk xüsusi rütbə gömrük xidməti kiçik leytenantı rütbəsi verilmişdir. “Azərterminalkompleks” Birliyi direktorunun 23 may 2018-ci il tarixli 182/180Ş nömrəli əmri ilə (əlavə olunur) “Azərterminalkompleks” Birliyinin Analitik şöbəsinin inspektoru İddiaçı xidməti zərurətlə əlaqədar “Azərterminalkompleks” X3 və texniki xidmətin göstərilməsi üzrə Balakən şöbəsinin “Yüklü avtonəqliyyat vasitələrinin boşaldılması və yenidən yüklənməsi” bölməsinə təhkim edilmişdir. “Azərterminalkompleks" Birliyi direktorunun 05 noyabr 2018ci il tarixli 2300/813Ş nömrəli əmri ilə (əlavə olunur) “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci bəndinə əsasən “Azərterminalkompleks” Birliyinin Analitik şöbəsinin inspektoru İddiaçı öz təşəbbüsü ilə ərizəsi əsasında xidmətinə xitam verilmişdir. Qeyd etmək lazımdır ki İddiaçı İddia qaldırdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini cavabdeh olaraq göstərmişdir. Hazırki işin mübahisəsiz hallarından görünür ki, İddiaçı işə qəbulu və xidmətinə xitam verilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən aparılsa da, iddiaçı “cavabdehin xx.xx.2018-ci il tarixli 2300/813Ş nömrəli əmrinin ləğv edilməsi, işdən azad edildiyi dövr üçün iddiaçıya əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X3 və texniki xidmətin göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsi” iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini cavabdeh olaraq göstərmişdir. İddia tələbindən də göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh bildirmişdir ki, İddiaçı iddia ərizəsində cavabdeh sırasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi deyil, yalnız Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan aidiyyəti qurumu “Azərterminalkompleks” Birliyi olmalıdır. Belə ki, İddiaçı “Azərterminalkompleks” Birliyi direktorunun 03 iyul 2017-ci il tarixli 182/284Ş nömrəli əmri ilə işə qəbul edilmiş və Azərterminalkompleks” Birliyi direktorunun 05 noyabr 2018-ci il tarixli 2300/813Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 1 -ci bəndinə əsasən öz təşəbbüsü ilə ərizəsi əsasında xidmətinə xitam verilmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, İddiaçı xidmətinə xitam verilməsindən 5 il keçdiyindən məhkəməyə müraciət üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür Cavabdeh etiraz məktubunda qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə araşdırması zamanı, iş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli 2300/813Ş nömrəli əmrindən iddiaçı daha əvvəlki tarixdə (ən geci xx.xx.2021-ci il tarixdə "xxxx" ASC Mərkəzi- Aran RETSİ-nin X1 Enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə təyin edildiyi tarixdə, Əmr №k/21-01669) məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxmaqla xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanmış, ona həmin Məcəllənin 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və yuxarıda göstərilənlərə münasibət bildirməsi təklif edilmişdir. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlara yazılı münasibətini bildirməmişdir. İddiaçı məhkəmə iclasında buraxılmış prosessual müddətin üzürlü sayılması üçün ərizə təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddiaçını işdən çıxaran qurumun rəisi onu məcbur etmişdir ki, əgər işdən çıxmasa digər əsasla işdən azad edəcəklər. İddiaçı ərizəsində buraxılmış prosessual müddətin üzürlü sayılmasını xahiş etmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəməyə müddətin bərpa edilməsi ilə bağlı iddiaçının təqdim etdiyi ərizəsində qeyd olunanlardan belə qənaətə gəlir ki, İPM 24.1-ci maddəsində müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmamışdır. Belə ki, İPM-in 24.2-ci maddəsinə əsasən, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Lakin iddiaçı ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları göstərməmiş, həmçinin məhkəmə iclasında prosessual müddəti hansı səbəbdən buraxmasını əsaslandıra bilməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları məhkəmə iclasında iştirak edən iddiaçıya izah edilmiş, mübahisənin faktiki və hüquqi halları onunla müzakirə olunmuş və iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. Digər tərəfdən cavabdeh bu iddiaya cavab verməli orqan olmadığını iddia etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Dövlət Gömrük Komitəsinin tabe qurumunun xüsusi rütbəli vəzifəli şəxsi olmuş, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq səlahiyyət verilmiş şəxs tərəfindən işə götürülmüş və əmrlə Əsasnamənin 120-ci maddəsinin birinci bəndinə əsasən işdən azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tələb üzrə cavabdehə münasibətdə səhvə yol verməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixli 2300/813Ş nömrəli əmrinin ləğv edilməsi, işdən azad edildiyi dövr üçün ona əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X3 və Texniki Xidmətin Göstərilməsi üzrə Binə şöbəsinin kompyuter operatoru vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar