Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2788/2024 24.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının Məmmədov Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “Qəbələ Rayonu Bunud kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.1954-cü ildə tərtib edilmiş 52 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Səhrat”dan-“Səhrab”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ Rayon Qeydiyyat Şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ona məxsus doğum haqqında akt qeydində adının “Səhrab”, doğum tarixinin “xx.xx.1954-cü il” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi baradə ərizə təqdim edərək, Qəbələ Rayonu Bunud kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.1954-cü ildə tərtib edilmiş 52 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Səhrat”dan-“Səhrab”a, düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx xxxxxx 1954-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Seyidqışlaq kəndində anadan olmuşdur. Valideynləri Bunud kənd Sovetinə doğumu barədə müraciət etmiş və doğumu qeydə alınmışdır. Hazırda valideynləri vəfat etmişlər. Bir neçə gün bundan əvvəl mərhum anası və həyat yoldaşının vərəsəlik işinin açılmasına görə Qəbələ regional “ASAN xidmət” mərkəzindəki Notariat ofisinə müraciət etmiş və onun vaxtilə Bunud kənd Sovetliyi tərəfindən xx.xx.1954-cü ildə tərtib edilmiş 52 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən adının “Səhrab” əvəzinə “Səhrat”, doğum tarixinin “xx.xx.1954-cü il” əvəzinə “xx.xx.1954-cü il” kimi qeyd olunduğu məlum olmuşdur. Hamı isə onu İddiaçı olaraq tanıyır. Həmçinin, şəxsiyyət vəsiqəsində, doğum və nikah haqqında şəhadətnamələrdə və s. digər sənədlərdə İddiaçı yazılmışdır. Hal-hazırda notariat ofisində sənədləşmə işləri aparmaq istəsə də, Qəbələ rayon Qeydiyyat Şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sisteminə adı və doğum tarixi səhvən qeyd olunduğundan bu mümkün olmamışdır. Qəbələ rayon Qeydiyyat Şöbəsinə müraciət edərək vətəndaşlıq vəziyyəti aktlarının arxiv kitablarında səhvən qeyd olunmuş adının, doğum tarixi qeydlərin düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 05 iyul 2024-cü il tarixli, 3-16-5/8-152/2024 saylı imtina məktubu da verilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, İİİ- ЖГ №395158-li Nikahın bağlanması haqqında şəhadətnamə, xx.xx.1984-cu il tarixli 56 nömrəli Nikahın bağlanması haqqında akt qeydi, 52 nömrəli doğum haqqında akt qeydi, xx.xx.1988-ci il tarixli 7 nömrəli doğum haqında akt qeydi, Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Qəbələ Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş qeydiyyat kartası. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, xx xxxxxx 1954-ci ildə doğulmuşdur. Onun barəsində xx.xx.1954-ci il tarixdə Qəbələ rayon Qəbələ Rayonu Bunud kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 52 nömrəli doğum haqqında akt qeydində “uşaq haqqında məlumat” qrafasında adı “Sərhat” olaraq qeyd edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək doğum haqqında akt qeydində adına düzəliş edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmamasına istinad edərək imtina cavabı vermişdir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, işdə olan cavabdeh orqanın özünün təqdim etdiyi onun övladı barəsində tərtib edilmiş doğum akt qeydində (övladı X1 xx.xx.1991-ci il 11 nömrəli doğum haqqında akt qeydi) “ata” qrafasında iddiaçıya münasibətdə “Səhrab”, övladı X2 məxsus İİ- ЖГ №480363-li doğum haqqında şəhadətnamədə ata adı “Səhrab” kimi qeyd edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində, 56 nömrəli Nikahın bağlanması haqqında akt qeydində, Azərbaycan Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininin Qəbələ Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş qeydiyyat kartasında onun adı “Səhrab” olaraq qeyd edilmişdir. Odur ki, cavabdeh orqanın düzəlişin edilməsi üçün kifayət qədər əsasın olmaması dəlilinə istinadı tamamilə əsassız olmuş, iddiaçı haqlı olaraq sözügedən akt qeydinə düzəliş edilməsini cavabdeh orqandan tələb etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı barəsində Qəbələ Rayonu Bunud kənd İcra nümayəndəliyi tərəfindən xx.xx.1954-cü ildə tərtib edilmiş 52 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adının “Səhrat”dan-“Səhrab”a düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.