Məhkəmə qərarları › İş №2-1(116)-279/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-279/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-279/2021 26.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli imtinasının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi və ona xx.xx.2020-ci il tarixdə 64 yaşında yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020ci il tarixli imtinasının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi və ona xx.xx.2020-ci il tarixdə 64 yaşında yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Yevlax rayonunda anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixdən başlamış və əmək kitabçasına əsasən 20 il iş stajına malikdir. Həmçinin xx.xx.2007-ci il tarixdən ********** nömrəli VÖEN-lə vergi ödəyicisidir. İddiaçı “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq cavabdeh orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh orqan imtina məktubunda iddiaçıya bildirmişdir ki, onun pensiya hüququ 65 yaşı tamam olduqda yaranacaqdır. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsaslanaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, maddənin tələblərinə əsasən kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu səbəblə də iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 65 yaşı tamam olduqda, yəni xx.xx.2021-ci il tarixdə yaranmış olacaqdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55 və 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 17 saylı regional ərazi filialına qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli imtinasının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi və ona xx.xx.2020-ci il tarixdə 64 yaşında yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar