Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-279/2025 04.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı “280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə: İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Mağaza” binası və onun yerləşdiyi 0,007 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozan cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi və “Mağaza” binası bərpa edilməklə onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəməyə xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.metr sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması, iddiaçıya vurulmuş 280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1557/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli 2-1(116)-279/2025 nömrəli qərardadı ilə iddia tələbinin “Zaqatala rayonu Göyəm kəndində yerləşən 75 kv.metr sahəsi olan “Mağaza” binasının yerləşdiyi 0,007 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Zaqatala rayonu, Göyəm kəndində yerləşən 75 kv.m sahəsi olan “Mağaza” binası 12 sentyabr 2004-cü il tarixli, 223509 saylı müqaviləyə əsasən, yerləşdiyi 0,007 ha torpaq sahəsi isə 21 aprel 2005-ci il tarixli torpağın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən alınmışdır. Həmin əmlak üzərində mülkiyyət hüquqları 03 noyabr 2004-cü il tarixli Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən qeydə alınmışdır. Adı çəkilən 75 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üç hissədən ibarət olmaqla, 25 kv.m hissəsi qapı-darvaza sexi, 25 kv.m hissəsi plastik qapı-pəncərə sexi, 25 kv.m hissəsi su çəni hazırlanan sex kimi fəaliyyət göstərilməsi üçün icarəyə verilmişdir. Hər bir sahənin icarəyə verilməsinə görə aylıq 300 manat olmaqla, cəmi 900 manat icarə haqqı ödənilirdi. Mülkiyyətində olan əmlak qanunsuz olaraq sökülmüş və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından, gəlirdən qanunsuz olaraq məhrum edilmişdir. Əmlakının qanunsuz sökülməsi və torpaq sahəsinin zəbt edilməsi ilə bağlı aidiyyatı orqanlara dəfələrlə müraciət etmiş, səlahiyyətli şəxslərin qəbulunda olmuşdur. Əmlakının sökülməsi və torpaq sahəsinin mənimsənilməsinə əsas olan sərəncamlar ona təqdim edilməmişdir. Həmin əmlakla bağlı qəbul edilmiş sərəncamın ləğv edilməsi, mülkiyyət hüququna maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş əmlakın geri qaytarılması ilə bağlı dəfələrlə etdiyi müraciətləri nəticəsiz qalmışdır. Cavabdehə ünvanlanmış 20 dekabr 2023-cü il tarixli müraciətində mülkiyyətində olan əmlakla bağlı qanunsuz qəbul edilmiş sərəncamın ləğv edilməsini təkrarən xahiş etsə də, Zaqatala Rayon İcra Hakimiyyətinin 11 yanvar 2024-cü ildə daxil olmuş 08 yanvar 2023-cü il tarixli,5-82/1-B-37-149/2023 saylı cavabında müraciətin mahiyyəti üzrə cavablandırılmasından yayınılaraq, “Azərbaycan Respublikasında mülkiyyət hüququ” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən mülkiyyət hüququnun məhkəmə qaydasında müdafiə olunması kimi anlaşılmaz mövqe irəli sürülmüşdür. Beləliklə, mülkiyyətində ola əmlakın sökülməsi ilə bağlı cavabdehin qanunsuz sərəncamının ləğv edilməsi və sökülmüş qeyri-yaşayış sahəsi bərpa edilməklə onun yerləşdiyi torpaq sahəsinin ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında iddia tələbiini qəbul etmədiyini, Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış obyektinin sökülməsi ilə əlaqədar heç bir qərar və ya sərəncam verilmədiyini, söküntü işləri aparılmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; xx.xx.2004-cü il tarixli 223509 nömrəli müqavilə; xx.xx.2005-ci il tarixli torpaqların alqı-satqı müqaviləsi; 95 №-li Qeydiyyat vəsiqəsi; cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi; Zaqatala şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, Zaqatala bələdiyyəsinin xx.xx.2024-cü il tarixli və Zaqatala RPŞ xx.xx.2024-cü il tarixli məktubları. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2, 2.2.7-ci maddələrinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun : Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi iddiaçıya vurulmuş 280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın İddiaçı ödənilməsindən ibarətdir. İddiaçı, xx.xx.2004-cü il tarixli, 223509 saylı müqavilə əsasında əldə etdiyi və 95№li Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı qeyriyaşayış binasının sökülməsinə görə cavabdeh orqandan maddi və mənəvi ziyan tələbi ilə müraciət etsə də, həmin tikilinin konkret olaraq Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən və ya həmin orqanın göstərişi ilə sökülməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçının vəkilinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilir ki, iddiaçının icra hakimiyyətinə qarşı ziyan tələbini irəli sürməsi - rayon icra hakimiyyətinin rayona ümumi rəhbərliyi həyata keçirməsi və müvafiq hüquqpozmalara cavabdeh olması kimi yanaşmaya əsaslanır. Lakin, məhkəmə bu mövqeni əsaslı hesab etmir. Belə ki, inzibati məhkəmə icraatı zamanı konkret mübahisəyə münasibətdə konkret inzibati orqanın hərəkət və hərəkətsizliklərinin hüquqi əsasları yoxlanılır. Odur ki, qaldırılmış tələbə münasibətdə cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə vurulmuş ziyan arasında səbəbli-əlaqənin mövcudluğu sübuta yetirilməlidir. Yəni, cavabdeh orqan yalnız öz hərəkətləri (hərəkətsizlikləri) ilə başqasına ziyan vurduğu halda bu hərəkətlərin müvafiq hüquqi nəticələri yaranacaqdır. Məhkəmə tərəfindən iddia olunan tikilinin hansı qaydada sökülməsi və aparılmış söküntü işləri barədə məlumatın əldə edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular verilmişdir. Zaqatala bələdiyyəsi xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçıya məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin bələdiyyənin istifadəsində olmamasını, həmin torpaq sahəsində aparılmış söküntü işlərinin hansı qaydada həyata keçirilməsindən məlumatsız olduğunu bildirmişdir. Eyni zamanda Zaqatala şəhər İƏD üzrə nümayəndəliyi xx.xx.2024cü il tarixli məktubunda sözegedən ərazidə aparılan söküntü işləri ilə bağlı heç bir rəsmi və şifahi tövsiyə və tapşırıqların verilmədiyini bildirmişdir. Sözgedən torpaq sahəsi ilə üzbəüz ərazidə Zaqatala rayon Polis Şöbəsinin inzibati binası yerləşdiyindən eyni məzmunlu sorğu həmin orqana verilmişdir. Zaqatala RPŞ xx.xx.2024-cü il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinin ümumi istifadədə olan parkinq ərazisi olmasını və həmin ərazidə əvvəllər hər hansı tikilinin olub-olmaması və ya söküntü işlərinin aparılıb-aprılmaması barədə məlumatın olmamasını bildirmişdir. İddiaçı tərəfindən təqdim olunan videoçəkilişdə yalnız daş hasarın arxasında işləyən kənd təsərrüfatı texnikasının bir hissəsi görünməkdədir. Lakin bu görüntü əsasında söküntü işlərinin kim tərəfindən, hər hansı inzibati orqanın vəzifəli şəxsinin göstərişi və ya fiziki şəxs tərəfindən aparılıb-aparılmamasını müəyyən etmək mümkün deyildir. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın məhv olmasının cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi sübuta yetirilmir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Zaqatala Rayon İcra Hakimiyyətinə qarşı “280.387 (iki yüz səksən min üç yüz səksən yeddi) manat maddi ziyanın, 15.000 (on beş min) manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-279/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-279/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver