Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2794/2024 19.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Vüqar Musayev Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “icarəsində olan 50 ha torpaq sahəsinə dair 2023cü il üzrə əkin subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “subsidiyanın buraxılmasına dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi baradə ərizə ilə müraciət edərək, cavabdeh orqanın Kənd Təsərrüfatı Nazirliyi kimi qeyd edilməsini və icarəsində olan 50 ha torpaq sahəsinə dair 2023-cü il üzrə əkin subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşməsi baradə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “əsl olmayan tərəfin əvəz edilməsi” barədə cavabdehin vəsatəti təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, icarəsində olan Dövlət Fondu torpaqlarından 50 ha torpaq sahəsinə görə əkin subsidiyasının alınması ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan 50 ha torpaq sahəsində həyata keçirilən payızlıq buğda və payızlıq arpa əkinlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmaması əsası ilə müraciətə imtina cavabı vermişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin 19 mart 2024-cü il tarixli imtina məktubu, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış, A 156901 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi. Əsaslandırma hissəsi : Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi qarşısında hesabatlı olmasına və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilkin müraciətə mahiyyəti üzrə imtina cavabı verməsinə baxmayaraq, iddia tələbinə münasibət bildirilməsi üçün tələbi düzgün cavabdehə yönəltməmiş, əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı vəsatət verməklə kifayətlənmişdir. Bununla belə iddia tələbi hər bir halda əsassız olduğundan düzgün cavabdehin iddia tələbinə münasibətinin əldə edilməsi üçün əlavə araşdırmanın aparılmasına lüzum olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasında sığortalanmalı olan bitkilərə münasibətdə əkin subsidiyasının verilməsi üçün sığorta müqaviləsinin mövcudluğu məcburi tələb kimi nəzərdə tutulmuşdur. X1 xx.xx.2023-cü il tarixli qərarına əsasən əkin subsidiyalarının verilməsi üçün sığortalanmalı bitkilərə buğda aid edilmişdir. “Qaydalar”ın 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. “Qaydalar”ın və “Aqrar sığorta haqqında” Qanunun ümumi mahiyyətindən görünür ki, əkin subsidiyasının verilməsində məqsəd Dövlətin maliyyə dəstəyi ilə fermerlərin təsərrüfat fəaliyyətinin davamlılığını təmin etmək, fermerlərə maliyyə yükünü yüngülləşdirməklə onların iqtisadi vəziyyətini yaxşılaşdırmaq, kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və ümumi riskləri azaltmaqla kənd təsərrüfatı sahəsinin inkişafını təşviq etməkdir. Bununla belə “Qaydalar”ın 3.1-1-ci bəndinə əsasən Bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin minimum ölçüdən az olmayan əkin sahəsində becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. İş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışda görünür ki, Şəki rayonu “Məclis qış otlağı” adlanan 50 hektar torpaq sahəsi xx.xx.2014-xx.xx.2023-cü illər üzrə iddiaçının icarəsinə verilmişdir. İddiaçı, sözügedən torpaq sahəsində payızlıq buğda və payızlıq arpa əkinləri həyata keçirdiyini bildirir. İddiaçı, 2023-2024-cü əkin ili üzrə həyata keçirdiyi payızlıq buğda və payızlıq arpa əkinlərini qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalamamış və məhkəmə iclasında verdiyi izahatında buna - əvvəlki il üzrə əkdiyi taxılın məhsuldarlığı aşağı olmasına və dəfələrlə Aqrar Sığorta Fonduna müraciət etməsinə baxmayaraq, müraciətinə baxılmaması, sığorta təşkilatı tərəfindən torpaq sahəsinə ümumiyyətlə baxış keçirilməməsi ilə əsaslandırmışdır. Buna görə də, 2023-cü il üzrə sığorta ödənişi etməmiş, sonradan ödəniş etmək istəsə də, sığorta ödənişlərinin qəbul edilməsinin başa çatdığı bildirilərək müraciəti təmin edilməmişdir. İstinad olunan “Qaydalar”ın 3.8-ci bəndinə əsasən fermerlərin bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə normada nəzərdə tutulmuş digər sənəd və məlumatlarla birgə sığortalanmalı olan bitkilərə münasibətdə sığorta müqaviləsinin nömrəsinin SİS-ə daxil etməli olması müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, kənd təsərrüfatı məhsulları təbiət hadisələrinə həssas olduğundan, sığorta müqaviləsinin bağlanması fermerin təbii fəlakətlər və digər gözlənilməz hadisələr nəticəsində yaranan zərərlərdən qorunmasını təmin edir və onun təsərrüfat fəaliyyətini davam etdirməsinə şərait yaradır. Müvafiq sığortalanmanın məqsədi sığorta hadisələri nəticəsində yaranan zərərləri fermerlərin üzərindən götürmək, fermerləri risklərə qarşı qorumaq, onların təsərrüfat fəaliyyətini davam etdirə bilmələrini təmin etmək və kənd təsərrüfatı sektorunun ümumi dayanıqlılığını artırmaqdır. İddiaçı, isə subyektiv mülahizələrlə öz iqtisadi fəaliyyətini qorumaq və davam etdirmək üçün vacib olan hüquqi öhdəliklərinin icrasından yayınmış, bununla da, subsidiya ödənişinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərt yerinə yetirilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “icarəsində olan 50 ha torpaq sahəsinə dair 2023cü il üzrə əkin subsidiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2794/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2794/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver