Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-280/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvanda yerləşən 0.23 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı və ailəsi 50 ildən artıq müddətdir ki, ünvan 2 ünvanda yaşayırdı. Hazırda anası vəfat etmişdir. Yaşayış evləri özbaşına tikili olsa da sonradan həmin evlər, yəni onlarla qonşuluqda olan evlər də daxil olmaqla siyahıya alınmış və onlar yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Onlarla qonşuluqda olan hər bir həyətyanı torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilsə də, siyahıya alınma günü evdə olmadıqlarından, siyahıya alınmadıqlarından onlara şəhadətnamə verilməmişdir. Həmin siyahını əldə edə bilmir. Belə ki, onlarla qonşuluqda olan ev sahiblərinə JN-4115A, JN398A, JN- 400A, JN-402A və JN-419A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. Həmin siyahılar Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətin "xxxx" MMC-də saxlanılır və həmin siyahıda onların adlarının olmaması barədə rəsmi cavab almışlar. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin sahibləri və mülkiyyət formaları ilə bağlı müraciət etmişdir. Müraciətinə xx.xx.2019-cu ildə cavab verilmiş və bildirilmişdir ki, mütəxəssis tərəfindən inventarlaşdırma işləri aparılaraq torpaq sahələrinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılarkən məlum olmuşdur ki, onların istifadəsində olan torpaq sahəsi elektron xəritə bazasında sahibsiz kimi qeyd olunan JN-6553S nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. Bundan sonra həmin qonşuların əhatəsində olan torpaq sahəsinə qeyd olunan şəhadətnamə hüdudunda göstərilən torpaq sahəsinə mülkiyyət hüquqlarımın qeydə alınması üçün müraciət etsə də imtina cavabı almışdır. Cavabdehin etirazının dəlilləri: Xəlilova X2 şəhəri, H.Hüseynov küçəsi 18 nömrəli ünvandakı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi barədə torpağın mülkiyyətə verilməsinə dair JN-6553S nömrəli şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçı ərizəsinə baxılmış, idarənin arxiv materiallarına və elektron xəritə məlumat bazasına istnad edilərək araşdırma aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Əsaslı məlumat əldə edilməsi üçün sözügedən torpaq sahələrində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə inventarlaşdırma işləri aparılmış, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlara aid faktiki sahəsi 0.21628 ha olan iki hissədən 0,1008 ha olan boş ərazidən və digərində fərdi yaşayış evi inşa olunan ərazidən ibarətdir. İddiaçı yaşadığı evin və həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən torpaq sahəsinin ayrılmasına dair hüquqi aktlardan biri, torpağın yerquruluşu planı və evə dair memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş cizgi layihəsini təqdim etdiyi təqdirdə mümkün ola biləcəyi barədə müvafiq cavab vermişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 078220 nömrəli ş/v-nin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********59 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********46 nömrəli məktubu, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 1062 nömrəli məktubu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixli **********07 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********37 nömrəli məktubu, Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2019-cu il tarixli 1488 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********87 nömrəli məktubu, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi 9 saylı Mənzil İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 190 nömrəli Arayışı, xx.xx.2018-ci il tarixli eskiz layihə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli **********54 nömrəli məktubu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli **********61 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********59 nömrəli məktubundan görünür ki, mütəxəssis tərəfindən inventarlaşdırma işləri aparılaraq torpaq sahələrinin döngə nöqtələrinin kordinatları təyin edilmiş və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanarkən məlum oldu ki, sözügedən torpaq sahəsi elektron xəritə bazasında sahibsiz kimi qeyd olunan JN-6553S nömrəli şəhadətnaməyə aid 0,23 ha torpaq sahəsində yerləşir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri ayrıayrı subyektlərin adlarına JN-4115A; JN-398A; JN-400A; JN-402A və 419A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********46 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri H.Hüseynov küçəsi 18 ünvanında yerləşən torpaq sahəsi ilə bağlı ərazi idarəsinin arxivində heç bir (hüquqi və texniki) sənəd və sənəd məlumatı mövcud deyil. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********54 nömrəli məktubundan görünür ki, idarənin arxiv materiallarına və elektron xəritə məlumat bazasına istnad edilərək araşdırma aparılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Əsaslı məlumat əldə edilməsi üçün sözügedən torpaq sahələrində mütəxəssis tərəfindən texniki müayinə baxışı keçirilərək ərazidə inventarlaşdırma işləri aparılmış, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və mövcud faktiki ölçüləri müəyyən olunmuşdur. Torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlara aid faktiki sahəsi 0.21628 ha olan iki hissədən 0,1008 ha olan boş ərazidən və digərində fərdi yaşayış evi inşa olunan ərazidən ibarətdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. -14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. -20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. -22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, ölkədə aparılan aqrar islahatının məqsədi yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuş və torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmışdır.Ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilməmiş və adlarına “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair akt”a tərtib olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçıya tələbində qeyd olunan torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Bundan əlavə iddiaçının 0,23 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının həmin torpaq sahəsinə hüququnu təsdiq edən heç bir sənəd və sübut olmadığı üçün həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, statusu və s. barədə əlavə araşdırma aparılmasına ehtiyac olmamışdır. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 0,23 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvanda yerləşən 0.23 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-280/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-280/2020
01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver