Məhkəmə qərarları › İş №2-1(116)-280/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-280/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-280/2021 29.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X1 xx.xx.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və xx.xx.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X1 xx.xx.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və xx.xx.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir «Toxuculuq» Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi X2 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Bəşir Hüseynovun xx.xx.2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq onun istifadəsinə verilmiş və xx.xx.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini Bəşir Hüseynovdan satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da, o da orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına xx.xx.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlər onda olmadığından ərizəyə əlavə edə bilmir. Ancaq Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli məktubda həmin məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Həmin bağ torpraq sahəsini 2010-cu ildə X4 və X5 adlı ər-arvada satmışdır. Belə ki, bağ sahəsini 30000 (otuz min) manata satmaq istəsə də, 20000 manatını ona Ayaz Qasımovun yanında Günel Qasımovanın anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Ayaz Qasımovun adına olan 21063 markalı avtomobili mülkiyyətinə verməklə ödəmişlər. 2000 və 2000 manat olmaqla pulu müxtəlif vaxtlarda Ayaz Qasımov və Günel Qasımova ona ödəmişdir. Hazırda torpaq sahəsini Günel Qasımova və Ayaz Qasımovun adına sənədləşdirib qalıq pulunu almaq istəyir. Bu əsasla da cavabdeh orqana müraciət etsə də, imtina almışdır. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı Mingəçevir şəhər “Toxuculuq” Kombinatının “Günəşli” bağçılıq təsərrüfatından X2 ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sənəsinə dair bağçılıq pasportu verilmişdir. Sonradan həmin daşınmaz əmlak xx.xx.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X3 tərəfindən 2 otaqlı, kürsülü evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən xx.xx.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DTX və XK-nin Mingəçevir şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi ilkin hüquq sahibi X3 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı ücün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rənbər tutaraq, məhkəmədən iddia tələbi əsassız olduğu üçün iddianın təmin olunmamasını xahiş edirik Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********65 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli" bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sahəsinə dair bağçılıq pasport verilmişdir. Sonradan həmin daşınmaz əmlak xx.xx.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X3 tərəfindən 2 otaqlı, kürsülü yaşayış evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən xx.xx.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına JTX və XK-nin Mingəçevir şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Göstərilənləri nəzərə alaraq Mingəçevir şəhərində yerləşən 0.049933 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş bağ evi üzərində torpaq sahəsinin ilkin sahibi X1 mülkiyyət hüququnun qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində qeyd edilən sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Mingəçevir şəhər şöbəsinə rəsmi təqdim etməklə müraciət etdiyi təqdirdə tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 52 sıra nömrəsi ilə qeyd olunmuşdur. Mingəçevir şəhər Toxuculuq Kombinatının “Günəşli” bağçılıq təsərrüfatından X1 adına torpaq sahəsinə dair bağçılıq pasportu mövcudur. Sonradan həmin daşınmaz əmlakı xx.xx.2002-ci ildə ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən xx.xx.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DTX və XK-nin tərəfindən xx.xx.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, ilkin hüquq sahibi X3 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına hüquq vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X1 xx.xx.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və xx.xx.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar