Məhkəmə qərarları › İş №2-1(116)-280/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-280/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-280/2024 13.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X11, üçüncü şəxs X4, üçüncü şəxs X16, üçüncü şəxsin vəkili X6 iştirakı ilə İddiaçı Zaqatala rayonu X15 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X16 06 yanvar 2022-ci il tarixdə üzərinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0.0812 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsi dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, torpaq sahəsinə dair hissədə-islahat xəritələrində X9 və X12 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, X15 mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X16 06 yanvar 2022-ci il tarixdə üzərinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0.0812 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsi dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın”, torpaq sahəsinə dair hissədə-islahat xəritələrində X9 və X12 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, X15 mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2177/2023 nömrəli qərardadı ilə X25, X9 və X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X9 və X13 ümumi birgə mülkiyyətində Zaqatala rayonu, Misles kəndində 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə həmişədən gediş-gəliş yolu nəzərdə tutulmuş və həmin yol islahat xəritələrində də əks etdirilmişdir. Qeyd olunan yolun açılması üçün X9 və X3 Rayon Məhkəməsinə müraciət etmişdirlər. Məhkəmə işin obyektiv həlli məqsədi ilə ekspertiza təyin etmiş və məlum olmuşdur ki, islahat xəritələrində X9 və X13 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol üzərində qanunsuz və əsassız olaraq həmin iş üzrə cavabdeh X16 mülkiyyət hüququ 06 yanvar 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilmişdir. X16 06 yanvar 2022-ci il tarixdə üzərində mülkiyyət hüquq dövlət qeydiyyatına alınmış Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0812 ha torpaq sahəsi ilə bağlı daşmmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın, islahat xəritələrində X9 və X13 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Misles kəndində yerləşən 0,0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmuş Zaqatala rayonu, X15 mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfatdaxili) yolla üst-üstə düşən hissədə ləğv edilməsi məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu gəlmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, qeyd olunan məslənin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun müraciətinin icrası mümkün olmamışdır. İddiaçı Zaqatala rayonu X15 mübahisələndirilən əraziyə aid olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri ərazi idarəsində aşkar edilməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X9 izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X25 izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X16 vəkili izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AA seriyalı 526043 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X14 0.0811 ha torpaq sahəsi ayrılmışdır.

3. 3620008273 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu, Misles kəndində yerləşən 0.0811 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi X13 birgə mülkiyyətindədir.

4. ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 61.30 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi X16 ümumi birgə mülkiyyətindədir.

5. 3620005555 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Zaqatala rayonu, Misles kəndində yerləşən 0.0811 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi X5 mülkiyyətindədir.

6. A seriyalı 264997 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə X22 812 kv.m torpaq sahəsi ayrılmışdır.

7. Zaqatala Rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarının surəti,

8. 11.08.2020-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X21, X1 Abdulla Məhəmməd oğlunun vərəsəsidir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-287/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, X16 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli X2 və X10 ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu, Mişleş kəndində yerləşən 0.0811 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə giriş-çıxış yolu kimi nəzərdə tutulmuş, Zaqatala rayonu, X15 mülkiyyətinə aid ümumi istifadəsində olan yerli əhəmiyyətli yolla üst-üstə düşür. X16 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış sənədində göstərilən 0.0812 ha torpaq sahəsinin 31 kv.m hissəsi X15 mülkiyyətinə aid ümumi istifadəsində olan yerli əhəmiyyətli yolla üst-üstə düşür. X16 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış ilkin sənəd olan A seriyalı 264997 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə qismən üst-üstə düşür. İlkin islahat xəritəsində X9 və X10 ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə yol yeri mübahisələndirilən ərazidən nəzərdə tutulmuşdur.

10. Təqdim edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, X22 verilmiş AA seriyalı 526043 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi X9 və X10 adına tərtib edilmişdir. AA seriyalı 526043 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən X9 və X10 ümumi birgə mülkiyyətində olan 0.0811 ha torpaq sahəsinin naturada ölçüləri 0.0934 ha olmaqla Zaqatala rayonu, Mişleş kəndinin hüdudları daxilində yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi ilə xüsusi mülkiyyətlərinə işlənilmiş torpaq sahəsidir. Həmin torpaq sahəsinin naturada istifadəçisi X7r və ərazinin yerləşmə vəziyyəti ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. X22 verilmiş AA seriyalı 526043 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi X9 və X10 adına tərtib edilmiş və həmin sənədində göstərilən torpaq sahəsi ümumi istifadədə olan yolla üst-üstə düşmür. İlkin islahat xəritəsində X9 və X10 ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə yol yeri mübahisələndirilən ərazidən nəzərdə tutulmuşdur.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.İddia tələbi əsaslıdır. İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İddiaçının hüquqi marağı iddia olunan torpaq sahəsindən üst-üstə düşən hissənin ləğv edilməsindən ibarətdir. İşin hallarına əsasən müəyyən edilir ki, X16 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,0794 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alındığı ********** qeydiyyat nömrəli çıxarış bələdiyyə mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulmuş yol yeri ilə qismən üst-üstə düşür. Göründüyü kimi qeydiyyatı aparan inzibati orqan tərəfindən faktiki hərəkətlərdə səhvə yol verilmiş,bələdiyyə mülkiyyətində olan torpaq sahəsi əsassız olaraq üçüncü şəxsin adına qeydə alınmış və mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Qeyd olunanlara əsasən iddia təmin edilməli, X16 ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmış xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış Zaqatala rayon X15 mülkiyyətində olan yerli əhəmiyyətli yol yeri ilə üst-üstə düşən hissədə ləğv ediməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. X16 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,0794 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alındığı ********** qeydiyyat nömrəli çıxarışın (qeydiyyatın) Zaqatala rayonu X15 mülkiyyətinə aid ümumi istifadə üçün nəzərdə tutulmuş yerli əhəmiyyətli yolla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar