Məhkəmə qərarları › İş №2-1(116)-281/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-281/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-281/2022 11.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində qeyri-yaşayış binası kimi onun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsinin mövcud vəziyyətində qeyri-yaşayış binası kimi onun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 360,3 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin faktiki parametrləri isə fərqlidir. Sözügedən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq sənədlərlə cavabdehə müraciət olunmuşdur. Cavabdeh isə 02.08.2021-ci il tarixli, **********27 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının rekonstruksiyaya icazə verilməsi barədə qərarı, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh məhkəmənin 17.09.2021-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə məhkəməyə ünvanladığı 19.10.2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilmsi barədə” məktubunda və 02.08.2021-ci il tarixli, **********27 nömrəli imtina məktubunda göstərilənləri qeyd edərək, müraciətin təmin edilməsinin mümkün olmadığını bildirmiş və məktuba sözügedən daşınmaz əmlaka dair çıxarışın, texniki pasportun təsdiq edilmiş surətini və müayinə aktını əlavə etmişdir. Məktuba əlavə edilən 18.10.2021-ci il tarixdə tərtib edilmiş “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, hüquq müəyyənedici sənəd, yəni MA seriyalı ******* nömrəli 11.05.2011-ci il tarixli çıxarışa əsasən ümumi sahəsi 360,3 kv.m olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında, binanın 1-ci mərətəbəsində yerləşən ticarət obyektinin faktiki ümumi sahəsi 447,1 kv.m-dir. Ümumi sahəyə 86,8 kv.m əlavə olunmuş və həmin 86,8 kv.m sahənin tikintialtı sahəsi 90,7 kv.m-dir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə 11.01.2022-ci il tarixdə, saat 10:25-də AZ5500/********** nömrəli teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iclasın təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə olan İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 06.07.2005-ci il tarixli, 005545 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 524,0 kv.m qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətində olmuş, 31.08.2005-ci il tarixli “müqavilə” ilə X4 xüsusi mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 524,0 kv.m qeyri-yaşayış sahəsinin 73,6 kv.m hissəsini X2. 02.09.2005-ci il tarixli “müqavilə”nin təsdiq edilmiş surətinə əsasən isə X4 xüsusi mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 524.0 kv.m qeyri-yaşayış sahəsinin 72,1 kv.m hissəsini X9 və X1. İşə əlavə edilmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 16.09.2005-ci il tarixli, 006025 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 378,3 kv.m qeyriyaşayış sahəsi X3 xüsusi mülkiyyətində olmuşdur. MH seriyalı ******* nömrəli 22.07.2008-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 383,91 kv.m qeyri-yaşayış sahəsi X3 adına qeydiyyata alınmışdır. 25.07.2008-ci il tarixli “müqavilə”nin təsdiq edilmiş surətinə əsasən, X4 xüsusi mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 383,91 kv.m qeyri-yaşayış sahəsinin 101,9 kv.m hissəsini X5, MH seriyalı ******* nömrəli 31.07.2008-ci il tarixli çıxarışla Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 281,96 kv.m qeyri-yaşayış sahəsi (mağaza) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan 02.05.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə, 19.04.2011-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu İddiaçıdur və miras əmlak Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 281,96 kv.m qeyri-yaşayış sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş MA seriyalı ******* nömrəli 11.05.2011-ci il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, ümumi sahəsi 360,3 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam pay hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Cavabdeh tərətindən 07.05.2011-ci il tarixdə tərtib edilmiş 859 inventar, **********22-05101-083006 reyestr nömrəli “Texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 360,3 kv.m-dir və İddiaçı mülkiyyətindədir. Cavabdehin iş materiallarına əlavə edilmiş 18.10.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış obyektinin ümumi sahəsi 360,3 kv.m olmalı olduğu halda, faktiki olaraq 447,1 kv.m, əsas sahəsi 346,8 kv.m olmalı olduğu halda 433,6 kv.m-dir. Ümumi sahəyə 86,8 kv.m əlavə olunub. Ümumi sahəyə əlavə olunan 86,8 kv.m sahənin tikinti altı sahəsi 90,7 kv.m-dir. İşdə olan Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının 15.10.2021-ci il tarixli, 2/1416 nömrəli məktubunda qeyd edilir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 ünvanında İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyekti dövlət orqanlarının sifarişi ilə hazırlanmış layihə sənədləri əsasında tikintisi aparılmış beş mərtəbəli, çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşir və əvvəllər mağaza kimi istifadə olunmuş və dövlətə məxsus əmlak olduğu üçün qanunamüvafıq qaydada onun tərəfindən özəlləşdirilmiş və DƏDRX tərəfindən verilmiş 11.05.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdakı ölçülər binanın həqiqi ölçüləridir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci və 75-ci maddəsinin tələblərinə əsasən tikintiyə icazə almadan mülkiyyətində olan qeyriyaşayış sahəsinin ölçülərini öz xeyrinə artırmış və bu əməlini Məcəllənin 80.1.1-ci maddəsi ilə əsaslandırmaq istəyir. Halbuki Məcəllənin bu maddəsi 16 may 2017-ci il tarixli, 673-VQD nömrəli Qanunla ləğv edilmişdir. Məktubda bir daha qeyd edilir ki, İddiaçı Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanındakı qeyri-yaşayış obyektində apardığı genişləndirmə işləri ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən layihə, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədləri verilməmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 75.1-ci maddəsinə görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi İddiaçı Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən qeyri-yaşayış obyektində apardığı genişləndirmə işləri ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən layihə, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədləri verilməmişdir. Həmçinin tikinti altı torpaq sahəsinin ona ayrılmsasına, mülkiyyətində və ya qanuni istifadəsində olmasına dair heç bir hüquqi sənədə malik olmamışdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq tikintiyə icazə almadan mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ölçülərini öz xeyrinə artırmışdır və qeyri-yaşayış obyektinin faktiki vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını tələb etməkdədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində qeyri-yaşayış binası kimi onun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar