Məhkəmə qərarları › İş №2-1(116)-281/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-281/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-281/2024 25.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “ona yeni məcburi köçkün vəsiqəsinin (vəsiqənin dublikatının) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yeni məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1974-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olmuşdur. Elə həmin kənddə də orta təhsilinə başlayıb məktəbi orada bitirmişdir. Erməni daşnaqlarının Azərbaycan Respublikasına qarşı hücumu nəticəsində iddiaçı öz doğma Zivel kəndindən məcburi köçkün kimi gələrək Mingəçevir şəhərində məskunlaşıb yaşayır. Bu barədə ona AA seriyalı, 056095 nömrəli “Məcburi köçkün vəsiqəsi” verilmişdir. Eyni zamanda iddiaçı məcburi köçkün kimi qeydiyyata alınaraq, dövlətin məcburi köçkünlərə etdiyi güzəştlərdən istifadə edir. Hazırda iddiaçı Mingəçevir şəhərində qaçqınlar və məcburi köçkünlər üçün salınmış 594 mənzilli qəsəbədə yaşayır və məcburi köçkünlər üçün verilən “yemək pulu”nu alır. Lakin, ona məxsus “Məcburi köçkün vəsiqəsi”nin vaxtı bitmişdir. Bu səbəblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh 01/5356 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda iddiaçıya məcburi köçkün olduğunu təsdiq edən müvafiq sənədlərinin əsilləri ilə qeydiyyatda olduğu Komitənin rayon nümayəndəsinə müraciət etməsini bildirmişdir. Komitənin Mingəçevir şəhər bölməsi xx.xx.2023-cü il tarixli 468 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinin tələblərinə görə sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından müraciətin müsbət həlli Komitənin imkanı xaricindədir. Cavabdeh 3-36/2-1766/2023 nömrəli xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində koçurulmuş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən "Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı ərizə ilə Komitəyə müraciət edərək, yeni məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilrnəsini xahiş etmişdir. Komitə tərəfindən 01/5356 nömrəli xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq məcburi köçkün olduğunu təsdiq edən müvafiq sənədlərinin əsilləri ilə qeydiyyatda olduğu Komitənin rayon nümayəndəsinə müraciət etməlidir. İddiaçının yeni məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı müraciəti Komitənin Mingəçevir şəhər bölməsinin 468 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinin tələblərinə görə sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə məcburi köçkün statusu verilməsi nəzərdə tutulmadığından istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayındığı üçün Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinin tələblərinə uyğun olaraq ona məcburi köçkün vəsiqəsi verilə bilməz. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Bölməsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 805 nömrəli arayışa əsasən, 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1995ci il tarixdə həqiqi hərbi xidmətə cəlb olunmuş və səhhəti ilə əlaqədar hərbi xidmət keçməmişdir. Şöbədə mövcud olan, sənədlərə əsasən İddiaçı fərari kimi qeydiyyatdan keçmir, ilkin hərbi qeydiyyata alınması və möhlət hüququnun olub-olmaması barədə şöbədə heç bir rəsmi məlumat yoxdur. Həmçinin, araşdırma zamanı iddiaçı ilə əlaqə saxlanılmış və ondan işğal dövründə çağırışa möhlət hüququnun olmasını təsdiq edən sənədlərin təqdim edilməsi xahiş olunsa da, iddiaçı tərəfindən belə bir sənədin mövcud olmadığı bildirilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinin tələblərinə uyğun olaraq, ona məcburi köçkün vəsiqəsi verilə bilməz. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “ona yeni məcburi köçkün vəsiqəsinin (vəsiqənin dublikatının) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Mingəçevir ƏSMN tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 128216 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı ikinci qrup əlildir. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən verilmiş 039629 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək avtonəqliyyat vasitəsinin sürücüsü ixtisası üzrə təhsil almışdır. Kəlbəcər RMX 207 nömrəli xx.xx.1993-cü il tarixli arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsində avtomobil sürücülüyünə yararlı olduğu müəyyən edilmişdir. Kəlbəcər Rayon İcra Hakimiyyətinin iddiaçıya verdiyi xx.xx.2022-ci il tarixli FƏ- 3/1817 nömrəli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən 1993-cü il aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüşdür. (əsas: Kəlbəcər rayon Zivel kənd İƏD üzrə nümayəndəliyin 41 saylı, xx.xx.2022-ci il tarixli arayışı) Arayışda qeyd olaraq İddiaçı vahid aylıq müavinət aldığı göstərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kəlbəcər RPŞ tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 1/13-0220-83 nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Kəlbəcər rayonunun Zivel kəndində xx.xx.1974-cü ildə doğulmuş İddiaçı xx.xx.1990-cı ildən Kəlbəcər rayonunun Zivel kəndində qeydiyyatdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 805 nömrəli məktubunda qeyd olunur ki, aprel 1993-cü il ermənilər tərəfindən Kəlbəcər rayonunun işğalı ilə əlaqədar keçmiş Kəlbəcər rayon hərbi komissarlığına aid qeydiyyat və arxiv sənədləri işğal ərazisində qalmışdır. İşğaldan sonra şöbədə hərbi vəzifəlilərin qeydiyyata bərpa işi aparılmışdır. 1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdə həqiqi hərbi xidmətə cəlb olunmuş və səhhəti ilə əlaqədar hərbi xidmət keçməmişdir. Şöbədə mövcud olan sənədlərə əsasən İddiaçı fərari kimi qeydiyyatdan keçmir, ilkin hərbi qeydiyyata alınması və möhlət hüququnun olub-olmaması barədə şöbədə heç bir rəsmi məlumat yoxdur. 6341841 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı hərbi xidmət keçməmişdir. Hərbi biletin 18-ci səhifəsində xx.xx.2002-ci il tarixdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 95-2000 tarixli əmrinin 42c maddəsinə əsasən sülh vaxtı hərbi xidmətə yararsız, müharibə vaxtı məhdud yararlı hesab edilmişdir. Təkrar müayinə xx.xx.2005. Hərbi biletin 19-cu səhifəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1995-2000 tarixli əmrinin 42c maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə vaxtı məhdud yararlıdır. Təkrar müayinə xx.xx.2008. Hərbi biletin 20-ci səhifəsində xx.xx.2009-cu il tarixdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 123/2008 tarixli əmrinin 42c maddəsinə əsasən sülh vaxtı hərbi xidmətə yararsız, müharibə vaxtı məhdud yararlı hesab edilmişdir. Təkrar müayinə xx.xx.2012. 056095 nömrəli AA seriyalı 056095 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Dövlətqaçqınkomun xx.xx.2002-ci il tarixli qərarı ilə xx.xx.2002-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər bölməsinin iddiaçıya verdiyi xx.xx.2022-ci il tarixli 50 nömrəli arayışında qeyd olunur ki, İddiaçıməcburi köçkün kimi Mingəçevir şəhərində müvəqqəti qeydiyyatdadır. ünvan 2 ünvanında qeydiyyatdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-32/2-548/2023 nömrəli məktubuna əlavə olunmuş iddiaçının qeydiyyat kartasının təsdiq olunmuş surətində qeyd olunur ki, iddiaçı hərbi xidmət keçməmişdir. Qeydiyyat kartasında həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 95-2000 tarixli əmrinin 42c maddəsinə əsasən sülh vaxtı hərbi xidmətə yararsız hesab edilmişdir. Təkrar müayinə xx.xx.2005. Kəlbəcər RİH-nin xx.xx.2023-cü il tarixli 5-55/2-264/2023 nömrəli məktubunda qeyd olunur ki, Əsədov X1 İƏD üzrə nümayəndəliyin daimi qeydiyyatındadır. İddiaçı 1993-cü il aprel ayının əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün düşmüşdür. İddiaçı hər ay dövlət tərəfindən 60 manat vahid aylıq müavinət ödənilir. Əsas: Kəlbəcər rayon Zivel kənd İƏD üzrə nümayəndəliyinin 38 saylı, xx.xx.2023-cü il tarixli arayışı. Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-109/2N27079/2023 nömrəli məktubuna əlavə olunmuş tələbnamədən görünür ki, iddiaçının cinayət məsuliyyətinə cəlb olunmasına dair DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Kəlbəcər Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-25/2-3846/23 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı barəsində Kəlbəcər hərbi prokurorluğunda cinayət işi istintaq edilməmiş, araşdırma aparılmamışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM 68.1) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmamışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ-V hissələrinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 14-cü maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 3.1-ci hissəsinə görə, Komitənin Əsasnamə ilə məyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirdiyi funksiyalardan biri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmədən ibarətdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına əsasən: Bu Qaydalar Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli 669-İQ nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli 55-İQ nömrəli Qanunlarının, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq hazırlanmış, məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edir. 4.1.“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: ... 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli 668-İQ nömrəli Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi barədə xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin tələblərinə əsasən “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrumetmə səlahiyyətləri Komitəyə (cavabdehə) həvalə edilmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona malik olduğu məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının verilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ərazisinə hərbi təcavüz (xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal olunması) nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olmuş və başqa yerə köçmüş şəxs kimi iddiaçının məcburi köçkün statusuna malik olması ona bu barədə verilmiş AA seriyalı, 056095 nömrəli məcburi köçkün vəsiqəsi ilə təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı ona yenidən məcburi köçkün statusunun verilməsini deyil (iddiaçı həmin statusa artıq malikdir), həmin statusu təsdiq edən eyni adlı vəsiqənin dublikatının verilməsini tələb edir. Qeyd olunmalıdır ki, dublikat yalnız sənədlər itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə deyil, həmçinin vəsiqənin vərəqələrinin dolduğu hallarda da verilməlidir. Yəni şəxsin statusunu təsdiq edən vəsiqənin bu və ya digər səbəbdən istifadəsinin mümkünsüz olduğu hallara da (həmin vəsiqə ilə təsdiq olunan statusun qanunla müəyyən olunmuş qaydada ləğv olunduğu hallardan başqa) bu qayda şamil edilir. Bu qayda statusu təsdiq etmək təyinatına malik sənədlərin mahiyyətindən irəli gəlir və belə sənədin dublikatının verilməsi ilə bağlı müraciətin daxil olduğu təqdirdə, aidiyyəti orqan həmin dublikatı verməyə borcludur. Bununla bağlı qanunvericilikdə xüsusi tənzimləmənin nəzərdə tutulmaması, aidiyyəti orqanı müvafiq sənədin dublikatının verilməsi öhdəliyindən azad etmir. Nəzərə almaq lazımdır ki, belə öhdəlik əsas sənədin verilməsi ilə bağlı səlahiyyətdən irəli gəlir və həmin səlahiyyət müvafiq sənədin ona bərabər dublikatının verilməsini də ehtiva edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsində qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi əsasları təsbit edilmişdir. Həmin normaya görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə itirir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının məcburi köçkün statusunu itirdiyi iş üzrə materiallardan müəyyən edilməmişdir. Əksinə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışla da iddiaçının Kəlbəcər rayonundan məcburi köçkün olduğu və hazırda müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşdığı təsdiq olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının məcburi köçkün statusunun ləğv edilməsi ilə bağlı hər-hansı qərar təqdim edilməmişdir. Cavabdehin məcburi köçkün statusunu təsdiq edən vəsiqənin dublikatının verilməsindən imtinanın səbəbi kimi istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinin tələbləri ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hərbi xidmətə çağırılması və çağırış vaxtının müəyyən olunması səfərbərlik xidmətinin məsuliyyət sferasına aiddir. Həmin qurum tərəfindən verilmiş və iş üzrə materiallara əlavə edilmiş arayışda iddiaçının hərbi xidmətdən yayınması və ya fərarilik etməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Bununla yanaşı iddiaçının həmin dönəmdə sürücü ixtisası üzrə təhsil aldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Odur ki, cavabdehin imtinasının dəlilləri əsassız olduğundan iddia təmin edilməli və cavabdehin üzərinə İddiaçı yeni məcburi köçkün vəsiqəsinin (vəsiqənin dublikatının) verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə xx.xx.2022-ci il tarixli 2-1(102)-1390/2022 nömrəli qərarında da eyni hüquqi mövqedən çıxış etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə İddiaçı yeni məcburi köçkün vəsiqəsinin (vəsiqənin dublikatının) verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar