Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-281/2025 13.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 37 kv.metr yaşayış sahəsi, 81 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 1200 kv.metr torpaq sahəsi üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 37 kv.metr yaşayış sahəsi, 81 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 1200 kv.metr torpaq sahəsi üzərində əvvəllər yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, , Zaqatala rayonu, Əliabad qəsəbə sakini X4 ilə aralarında xx.xx.2004-cü il tarixdə notarial qaydada bağlanmış 209325 nömrəli yaşayış evinin alqı-satqısı müqaviləsinə əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində 1200 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 37 kv.m və ümumi sahəsi 81 kv.m-dən ibarət olan iki otaqlı yaşayış evini almışdır. Həmin müqavilə əsasında əldə etdiyi yaşayış evinin üzərindəki mülkiyyət hüquqları həmin dövrdə fəaliyyət göstərən Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqları qeydiyyatı İdarəsi tərəfindən 03 nömrəli reyestr kitabının 40-cı səhifəsində 956 nömrəli inventar nömrəsi ilə qeydiyyata alınmış və həmin tarixdə ona Qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərindəki mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Zaqatala rayon Dövlət notariat kontorunda xx.xx.2004-cü il tarixində bağlanılmış 4Ə-8 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 1978-ci ildə inşa olunmuş ümumi sahəsi 81 kv.m olan fərdi yaşayış evi alqı-satqı olunmuşdur. Bundan əlavə Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılan torpaq islahatına dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 13 aprel 2018-ci il tarixində təsdiq edilmiş siyahılarda qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Buna görə də, ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2024-cü il tarixli, 3-21-3-47/2-Ə-0059-8/2023 nömrəli məktub ünvanlanmışdır.Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. 209325 nömrəli xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsi;
3. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 4-Ə- 8 reyestr nömrəli notariat işi;
4. Zaqatala İHB-nın xx.xx.2003-cü il tarixli arayışı,
5. Zaqatala rayon Əliabad qəsəbəsi “Qələbə” kolxozunda vətəndaşların xüsusimülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl;
6. Cavabdeh orqanın 19 may 2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 37 kv.metr yaşayış sahəsi, 81 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 1200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaya münasibətində imtina dəlili Zaqatala rayonu, Əliabad qəsəbəsində aparılan torpaq islahatına dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 13 aprel 2018-ci il tarixində təsdiq edilmiş siyahılarda qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin X2 verilməsi ilə bağlıdır. Məhkəmə işin hallarına əsəasən hesab edir ki,iddiaçının əldə etmiş olduğu torpaq sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Belə ki,alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evi Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində inşa edilmişdir. X4 tərəfindən alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alıcının (iddiaçının) mülkiyyətinə verməklə bərabər həmin torpaq sahəsinə dair “gözlənilən mülkiyyət hüququnu” da iddiaçıya ötürmüşdür. İş materiallarında olan Zaqatala İHB-nın xx.xx.2003-cü il tarixli arayışdan görünür ki, Zaqatala RHİB-nın Əliabad qəsəbəsi üzrə ərazi nümayəndəliyi tərəfindən X1 0,12 sot həyətyanı sahə və 50 kv.m-lik yaşayış evinin olması 2003-cü il tarixli 06 saylı təsərrüfatbaşına kitabın 27-ci səhifəsində qeyd edilmişdir. Zaqatala rayon Dövlət notariat kontorunda 06.01,2004-cü il tarixində bağlanılmış 4Ə-8 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 1978-ci ildə inşa olunmuş ümumi sahəsi 81 kv.m olan fərdi yaşayış evini əldə etmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 13 aprel 2018-ci il tarixində təsdiq edilmiş siyahıda qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin X1 adında olmasına dair qeyd aparılarkən yuxarıda qeyd olunan alqı-satqı müqaviləsi nəzərə alınmamış,faktiki istifadə vəziyyətindən məlumatlı olmamışdır.Belə ki,həmin Sərəncamın məqsədi qanuni istifadədə olan torpaq sahələri üzərində istifadəçilərin mülkiyyət hüququnun yaranmasından ibarətdir.Belə olan halda Sərəncama əlavə edilən subyektlər siyahısında X1 deyil,iddiaçının adının qeyd edilməli idi.Lakin,hazırkı vəziyyətdə həmin subyektlər siyahısının mübahisələndirilməsi prosessual qənaət prinsipi baxımından məqsədəmüvafiq hesab edilmir. İşin araşdırılması zərurəti ilə verilmiş mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı alqısatqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Əliabad qəsəbəsinin hüdudları daxilində yaşayış məntəqələri torpaqlarına aid həyətyanı sahələr altında olan ərazi kimi X1 mülkiyyətinə işlənilmişdir. Həmin torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Mübahisələndirilən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki göstərilən torpaq sahəsi İddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş, fərdi yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.İddia olunan torpaq sahəsi qapalı həyət daxilində yerləşir.İddia olunan torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Əldə olunan və ya faktiki istifadə olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən X1 mülkiyyətinə işlənilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə xx.xx.2004-cü il tarixli alqı-satqısı müqaviləsinə əsasən əldə edilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 1200 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə