Məhkəmə qərarları › İş №2-1(116)-282/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-282/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-282/2022 15.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “mənzilə dair kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 35 kv.m ümumi sahəsi, 18,9 kv.m bir otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ünvan 1 ünvanında yerləşən 35 kv.m ümumi sahəsi, 18.9 kv.m bir otaqdan ibarət fərdi yaşayış evindən X2 istifadəsinə dair 01 yanvar 1970-ci il tarixli “Mənzilə dair nümunəvi kirayə müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, sovet diktaturasının ötən əsrin 30-cu illərinin respressiyası nəticəsində “fövqəladə üçlüy”ün 20 fevral 1931-ci il tarixli qərarı ilə iddiaçıların babaları X1 əmlakı, o cümlədən evi müsadirə olunmuş. Özü isə beş il müddətinə Qazaxıstana sürgün edilmişdir. O, sürgün həyatına alışa bilməmiş və 1934-cü ildə orada vəfat etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərardadı ilə “fövqəladə üçlüy”ün həmin qərarı ləğv edilmiş və ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini G.A.Rzayevanın 15 iyun 1991-ci il tarixli 0-248-176 nömrəli məktubundan görünür ki, “fövqaladə üçlüy”ün Mehbalıyev barəsində 20 fevral 1931-ci il tarixli qərardadı tamamilə, o cümlədən əmlak müsadirəsinə aid olan hissəsi ləğv edilmişdir. Mehbalıyevin müsadirə olunmuş əmlakı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən özünə qaytarılmışdır və bu qərardad icra olunmalıdır. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 08 iyul 1992-ci il tarixli 218 nömrəli sərəncamı ilə ünvan 2 ünvanda olan yaşayış evi X1 şəxsi mülkiyyətinə qaytarılmışdır. Bundan sonra qanun üzrə vərəsəlik hüququ iddiaçıların atası mərhum X5 verilmişdir. X3 da vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə fərdi yaşayış evi 19 may 1995-ci il tarixində iddiaçıların, yəni İddiaçı1 və İddiaçı2 ixtiyarlarına keçmişdir. Bəraətdən qabaq iddiaçıların evinin bir otağında Nəbiyevlər ailəsi yaşayırdı (gün doğan tərəfdə), evin gün batan tərəfində isə uşaq bağçası yerləşirdi. Bu ev iddiaçılara aid olduğu üçün onların ümumi mülkləri sayılır. 1992-ci ildə ev iddiaçılara qaytarılandan səkkiz ay sonra onlar uşaq bağçasını evlərindən çıxartmış, gün doğan tərəfdə isə bir otaqda da Nəbiyevlər yaşayırdılar. İddiaçılar cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər, lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 27.11.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, 24.11.2020-ci il tarixində ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi ərizədə qeyd olunan ünvana getmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin 18,9 kv.m olan bir otağında X4 öz ailəsi ilə məskunlaşmışdır. F.Nəbiyev otağın onun istifadəsinə verilməsinə dair nümunəvi kirayə müqaviləsinin olmasını və ona görə də ev sənədləşdirilərkən həmin sənədin nəzərə alınmasını bildirmişdir. Təqdim edilən Cavabdeh2 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair Ağdaş Rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2(014)- 1137/2020 nömrəli qətnaməsinə əsasən süni maneələrə son qoyulması barədə tələb təmin edilməsinə baxmayaraq, mənzilə dair nümunəvi kirayə müqaviləsinin etibarsız hesab olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nümunəvi mənzil kirayə müqaviləsi hüquqmüəyyənedici sənəd öz əksini tapdığı və hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyi üçün fərdi yaşayış evinin tam şəkildə dövlət reyestrində qeydiyyata alınması idarənin səlahiyyəti xaricindədir. İddiaçılara 20.09.2021-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərlərinə çatdırılmışdır ki, məhkəməyə təqdim etdikləri iddia ərizəsində adını cavabdeh kimi qeyd etdikləri Cavabdeh2 hazırkı iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Belə ki, inzibati işlər üzrə cavabdeh qismində fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq inzibati orqanlar çıxış edə bildiyindən, hazırkı iddia tələbi üzrə Cavabdeh2 üçüncü şəxs qismində qeyd edə bilər. Yardım məktubunda həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia tələbinin ikinci hissəsi, yəni “ünvan 5 ünvanında yerləşən 35 kv.m ümumi sahəsi, 18,9 kv.m 1 otaqdan ibarət fərdi yaşayış evindən X2 istifadəsinə dair 01.01.1970-ci il tarixli “Mənzilə dair nümunəvi kirayə müqaviləsinin” etibarsız hesab edilməsi” tələbi mülki xarakter daşıdığından, həmin hissədə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə bir iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Odur ki, iddia ərizəsini dəqiqləşdirərkən ərizənin “xahiş etdi” hissəsində qeyd olunan tələbin çıxarılması iddiaçıya təklif olunmuşdur. Əks təqdirdə həmin hissədə iddianın mümkünlüyü məsələsinə qiymət veriləcəyi bildirilmişdir. Bundan sonra iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 tərəfindən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” 26.10.2021-ci il tarixdə ərizə təqdim edilmiş, cavabdeh orqan qismində DƏDRX 17 saylı Yevlax ərazi idarəsi, üçüncü şəxs qismində Cavabdeh2 qeyd edilməklə “mənzilə dair kirayə müqaviləsinin etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Məhkəmənin 03.11.2021-ci il tarixli hazırlıq iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. 01.03.2022-ci il tarixli və 15.03.2022-ci il tarixli məhkəmə iclaslarında İPM-in 13-cü maddəsinə müvafiq olaraq iddiaçıya qanunvericiliyin tələbləri izah olunaraq iddia tələbində müvafiq dəqiqləşmələr aparması təklif olunsa da, iddiaçı hazırkı tələbə iddia ərizəsində və dəqiqləşmədə qeyd olunan şəkildə baxılaraq qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan inzibati aktın etibarsız sayılmasına dair iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının hüquq münasibətlərinin müəyyən edilməsində kifayət qədər hüquqi, iqtisadi və ya ideya xarakterli marağı olmalı; 3. bu maraq müəyyən etmənin qısa müddətdə həyata keçirilməsinə əsaslanmalı (İPM-36.3); 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM- 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddia tələbində etibarsız hesab edilməsi xahiş edilən “Yerli zəhmətkeş deputatlar sovetlərinin, dövlət kooperativ və ictimai təşkilatların yaşayış evlərinin kirayəsi haqqında” nümunəvi müqavilə 01.01.1970-ci il tarixdə Ağdaş şəhərində Mənzil istismar kontorunun rəisi X8 ilə iş üzrə üçüncü şəxsin mərhum əri X4 arasında bağlanmışdır. Həmçinin cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı 17.12.2020-ci il tarixli **********20 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 18.9 kv.m olan bir otağı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün bu haqda nümunəvi kirayə müqaviləsinə dair heç bir məlumat yoxdur. Məhkəmənin 01.03.2022-ci il və eləcə də 15.03.2022-ci il tarixli şifahi məhkəmə baxışı iclaslarında iştirak edən İddiaçı1 iş üzrə hazırkı cavabdeh DƏDRX 17 saylı Yevlax Ərazi İdarəsinin iddia tələbinə cavab verməli inzibati orqan olmadığı bildirilmiş, iddia ərizəsində dəqiqləşdirmə aparmaqla doğru cavabdehi qeyd edərək analoji iddia tələbi ilə ümumi məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Lakin İddiaçı1 məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını qeyd etmiş və bildirmişdir ki, təqdim edilmiş iddia ərizəsi üzrə iddia tələbinə mahiyyəti üzrə baxmaq məhkəmənin bilavasitə borcudur. Həmçinin iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia tələbi doğru cavabdeh orqana yönəldilmiş olsa belə, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İlk öncə qeyd olunmalıdır ki, İPM-in 2.2.5-ci maddəsinə müvafiq olaraq müəyyən etmə və ya tanınma haqqında iddia qismində inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara baxılır. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in: 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İşin hallarından da göründüyü kimi, iddiaçılar tərəfindən etibarsız sayılması tələb olunan nümunəvi kirayə müqaviləsi ümumiyyətlə inzibati akt hesab edilmir. Hətta inzibati akt hesab olunsa və ya publik hüquq subyektinin ümumi hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlı tərtib edildiyi zənn olunsa belə, iddiaçının tələbinə cavab verməli orqan qismində hazırkı cavabdeh çıxış edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, etibarsız hesab edilməsi tələb edilən kirayə müqaviləsi inzibati akt olmadığından, həmçinin mərhum Fərrux Nəbiyevlə DƏDRX 17 saylı Yevlax ərazi idarəsinin arasında bağlanmadığından tərəflər arasında hüquqi öhdəlik yaranmamış və beləliklə də, iddia tələbi doğru cavabdehə qarşı qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıların diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İddiaçı düzgün cavabdehə qarşı qanunvericiliyin tələbləri nəzərə alınmaqla yenidən məhkəməyə müraciət edə bilərlər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, mülki hüquq münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi məqsədilə müvafiq tələblə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “mənzilə dair kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar