Məhkəmə qərarları › İş №2-1(116)-282/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-282/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-282/2024 30.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X9 X11 (TEKUİS-də) aradan qaldırılması, həmin koordinatlara uyğun X6 və ailə üzvlərinin adlarına “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-282/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X9 X11 (TEKUİS-də) aradan qaldırılması və Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli çıxarışın faktiki istifadəsində olan 0,50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,27 ha hissədə ləğv edilməsi və həmin 0,50 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-282/2024 nömrəli qərardadı ilə iddia tələbi “**********07 reyestr nömrəli çıxarışın iddiaçının faktiki istifadəsində olan 0,50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,27 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X4 və ailə üzvlərin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.16 ha torpaq sahəsi verilmiş, JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İslahat dövründə Göyçay rayon Kürdəmiş kəndində torpaq sahələri naturada ölçülüb vətəndaşlara verilərkən Kürdəmiş kənd sakinləri ilə Cəyirli kənd sakinləri arasında mübahisə yarandığından Göyçay rayon Aqrar İslahat Komissiyasının 25 aprel 2000-ci il tarixli qərarı ilə torpaq sahələri dəyişdirilmişdir. Lakin həmin dəyişdirilməyə uyğun dövlət aktları tərtib edilib vətəndaşlara təhvil verilməmişdir. Həmin 1,16 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin 25 ildir istifadəsindədir, torpaq sahəsində bağ salınmışdır. 250 ədəd müxtəlif növ meyvə ağacları əkilmişdir. İddiaçıya və ailə üzvlərinə məxsus olan 1,16 ha torpaq sahəsini qanuni əsaslarla 25 ildir iki yerdə istifadə olunmasına baxmayaraq, elektron uçot informaiya sistemində ona məlum olmayan yerdə işlənmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında TEKUİS-də aradan qaldırılması barədə müraciətimə baxılan zaman akt tərtib edilmiş, həmin aktla müəyyən edilmişdir ki, müraciətimizin təmin edilməsi məqsədə müvafiqdir. Lakin bununla belə müraciətin təmin edilməsindən qanunsuz olaraq imtina edilmişdir. İddiaçı, cavabdeh orqana müraciət edərək, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə X2, İddiaçı, X1, X5, X7 və X8 mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında TEKUİS-də aradan qaldırılması, həmin koordinatlara uyğun özünün və ailə üzvlərinin adlarına “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri ilə Maraqlı şəxs mülkiyyətində olan Göyçay rayonu Kürdəmiş kəndi ərazisində yerləşən **********07 reyestr nömrəli plan ölçü sənədinin koordinatları ilə üst-üstə düşən hissəsində ləğv edilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh orqanın 05 iyun 2023-cü il tarixli məktubu ilə İddiaçı müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Göyçay rayonu, Kürdəmiş kəndində yerləşən 1,16 ha hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsin torpaqların elektron kadastr uçot informasiya sistemi məlumatlarında məlum olmayan yerdə işlənməsi və faktiki istifadədə olan torpaq sahəsində işlənilib göstərilməsi barədə ərizə ilə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın ərizəsi əsasında ona 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerinə baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, naturada göstərilən torpaq sahəsinin bir hissəsi Dövlət reyesterində Maraqlı şəxs adına qeydiyyata alınmış və **********07 reyestr nömrəli çıxarış verilmişdir. Bildirilmişdir ki, İddiaçı Göyçay Rayon AİK-nın 1998 il tarixli 41 saylı qərarı ilə verilmiş torpaq sahəsi Kürdəmiş kənd kompleks yerqurluşu xəritələrində (DVJ) və Azərbaycan Respublikasının Prezidentinin 818 nömrəli fərmanına əsasən torpaqların elektron kadastr X11 (TEKUİS) sözügedən 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin ərazidə yerləşmir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023, xx.xx.2023-cü il tarixli imtina məktubu, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 59 saylı iclas protokolundan çıxarış, JN- 278 və JN-615 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktları, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış, A929433 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məktub göndərərək, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(106)-163/2024 nömrəli işlə eyni vaxta təsadüf etdiyi üçün məhkəmə iclasında nümayəndənin iştirakını təmin etmək mümkün olmamışdır. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr X11 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdır. Bunun üçün iddiaçı, cavabdeh orqandan Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 41 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında X9 X11 (TEKUİS-də) aradan qaldırılmasını tələb edir. İşin mübahisəsiz halıdır ki, iddia olunan torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat xəritəsində (DVJ) iddiaçının mülkiyyətinə verilmiş 1.16 ha torpaq sahəsindən fərqli ərazidə yerləşir. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun elektron uçot məlumatlarında düzəlişin aparılması məqsədə uyğun hesab olunmuş, lakin sonradan müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmiş, ölçmə işləri aparılmış, TEKUİS xəritəsində düzəliş üçün edilən müraciətlərlə bağlı müvafiq “Göstəriş”ə əlavə olunmuş “Akt" forması ərazidə tərtib edilmişdir. Mütəxəssis tərəfindən aparılan ölçmə işlərinin emalı zamanı məlum olmuşdur ki, İddiaçı naturada (yerdə) göstərdiyi 0.50 ha torpaq sahəsinin 0.27 ha hissəsi **********07 reyestr nömrəli çıxarışla Maraqlı şəxs kənd təsərrüfatı məqsədilə mülkiyyətinə verilmiş 1.8901 ha torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi cavabdeh orqanın ilkin niyyəti iddiaçının müraciətinin təmin edilməsinə yönəlmiş və torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun elektron uçot məlumatlarında düzəlişin aparılması məqsədə uyğun hesab olunmuşdur. Torpaq sahəsinin 0.27 ha hissəsi digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqan qalan 0.23 ha torpaq sahəsinə münasibətdə də, müraciətin təmin edilməsindən imtina etmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.23 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, çoxillik əkmələr uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir və üzərində fərdi yaşayış evi mövcuddur. Nəzərə alınmalıdır ki, iddiaçıya torpaq islahatı zamanı verilmiş və JN-615, kod 40808048 №-li “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə rəsmiləşdirilmiş 1.16 ha torpaq sahəsi də, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Hazırda iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi də, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Odur ki, həmin torpaq sahəsi üzərində iddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edilməsi torpaq sahəsinin təyinatının dəyişdirilməsinə, o cümlədən cavabdeh orqan tərəfindən müraciətin təmin edilməsindən imtinaya əsas yaratmır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda cavabdeh orqan iddia olunan torpaq sahəsinin **********07 reyestr nömrəli çıxarışla üst-üstə düşən 0.27 ha hissədə imtina cavabı verməkdə haqlı olsa da, qalan 0.23 ha torpaq sahəsinə münasibətdə imtina cavabı verərkən səhvə yol vermişdir. Belə ki, iddiaçının uzun müddət faktiki istifadəsində olan 0.23 ha torpaq sahəsinə münasibətdə faktiki istifadə vəziyyətinə uyğun elektron uçot məlumatlarında düzəlişin aparılması istinad olunan Fərmanın tələblərinə uyğundur və həmin düzəliş torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmamaqla, digər şəxslərin hüquqlarının pozulmasına səbəb olmur (hər bir halda cavabdeh orqanın TEKUİS-də hazırkı məlumatı da, qismən faktiki istifadə vəziyyətinə əsaslanır). Cavabdeh orqan bildirir ki, JN-615 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı 1.16 ha torpaq sahəsi elekron baza məlumatlarında təqdim olunan TEKUİS məlumatlarında təsbit edilərək göstərilmişdir. Lakın sözügedən 1.16 ha torpaq sahəsinin 0.25 ha hissəsindən faktiki olaraq iddiaçı istifadə etmir. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”ının tələbləri baxımından cavabdeh orqan çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə etməli, uyğunsuzluqları müəyyənləşdirnəli və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib etməlidir. Ərazi vahidləri üzrə layihələrdə fiziki şəxslərə torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilməli və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapmalıdır. Yekun olaraq sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunmalıdır. Göründüyü kimi istinad olunan “Fərman”ın və “Qaydalar”ın tələblərinə görə cavabdeh orqan fiziki şəxslərə torpaq islahatı zamanı verilmiş pay torpaq sahələrinə dair hüquqi sənədlərlə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqları müqayisəli tədqiq etməlidir. Hazırkı işdə cavabdeh orqan TEKUİS-də JN-615 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 1.16 ha torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyəti nəzərə alınmaqla müəyyən edir. Bununla belə faktiki istifadə vəziyyəti nəzərə alınmaqla JN-615 nömrəli Dövlət Aktına dair məlumatlar elektron uçot məlumatlarına daxil edilsə də, torpaq sahəsinin ölçüsünün 1.16 hektardan az olması cavabdeh orqan tərəfindən nəzərə almamışdır. Belə ki, cavabdeh orqan JN-615 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş 1.16 ha torpaq sahəsini tamamlamaq məqsədi ilə iddiaçının faktiki istifadəsində olan (mübahisə predmeti) 0.23 ha torpaq sahəsi ilə bağlı dürüstləşdirilmiş məlumatları torpaqların elektron uçotu sisteminə daxil etməli olduğu halda, iddiaçının faktiki istifadəsində olmayan torpaq sahəsinə dair məlumatları TEKUİS-ə daxil etmişdir. Başqa sözlə, iddiaçının TEKUİS-ə əsasən faktiki istifadə etmədiyi torpaq sahəsi cavabdehin əsassız olaraq TEKUİS-ə daxil etdiyi torpaq sahəsidir. Odur ki, 0.25 ha torpaq sahəsindən iddiaçının faktiki istifadə etməməsi ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumatlarla müəyyən edilir ki, mübahisə predmeti olan 0.23 ha torpaq sahəsi Torpaqların elektron elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilsə də, Göyçay rayonu Xətai adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsində həmin əraziyə X3 və ailə üzlərinin adına JN-278 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 0.77 ha torpaq sahəsinin 0.2128 ha hissəsi işlənmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) JN-278 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.77 ha torpaq sahəsi mülkiyyətçilərin faktiki istifadə etdiyi əraziyə köçürülmüşdür. Göründüyü kimi iddia olunan torpaq sahəsi də, əvvəllər Dövlət Aktı əsasında digər şəxsin mülkiyyətində olan torpaq sahəsi olmuş, cavabdeh orqan dürüstləşdirmə qaydasında sözügedən Dövlət Aktının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını təmin etmişdir. Qeyd olunan hal, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə dürüstləşdirilmiş məlumatların TEKUİS-ə daxil etməsi ilə bağlı cavabdeh orqanın inzibati praktikasının mövcud olmasını aşkar sübut edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə etməkdə haqlı olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə İddiaçı faktiki istifadəsində olan (**********07 reyestr nömrəli çıxarışla üst-üstə düşməyən) 0,23 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar