Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2821/2023 29.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 317-1/2-/189257/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 1980-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü vəzifəsində işləmişdir. Bu barədə əmək kitabçasında və X5 filialı tərəfindən verilmiş arayışda qeydiyyat aparılmışdır. Əmək kitabçasında və arxiv arayışına əsasən iddiaçının 15 il 11 ay tütünçü kimi güzəştli sosial sığorta stajı olmaqla, cəmi 16 il 1 ay iş stajı vardır. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək xx.xx.1985-ci il təvəllüdlü Elşən adlı övladına görə analıq məzuniyyətində olduğu 8 ay müddət və xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək xx.xx.1938-ci il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan anası X2 bir mənzildə yaşayaraq qulluq etdiyi 5 il 9 ay müddətlər də nəzərə alınmaqla 22 il 5 ay ümumi sosial sığorta stajı yaranır ki, bu da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasi təyin etmək üçün kifayətdir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Şəki "xxxx" Şirkətində baramaaçan şagirdi vəzifəsində işləmişdir. Həmin illərdə iqtisadi vəziyyətə görə birinci növbə kolxoza, ikinci növbədə isə baramaaçan şagirdi işləmişdir.İddiaçı güzəştli şərtlərlə əmək pensiyasınınn verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Həmin orqan müraciətinə xx.xx.2023-cü il tarixdə cavab verərək güzəştli şərtlərlə pensiya təyini barədə tələbindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçıya tələbi üzrə 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: - xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı - xx.xx.2006-cı il tarixədək 10 il güzəştli iş stajı İddiaçının ümumi iş stajına münasibətdə bildiririk ki, iş materiallarında olan İddiaçı və anası X1 xx.xx.2023-cü il tarixli **********249 nömrəli notariat qaydada təsdiq olunmuş ərizələrinə əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən anası xx.xx.1938-ci il təvəllüdlü R.Atayevaya bir mənzildə yaşayaraq qulluq etmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının xx.xx.2009-cu il tarixindən ahəl şəxsə qulluq etdiyi müddəti ümumi iş stajına daxil edilmişdir.İddiaçının ümumi iş stajı xx.xx.2023-cü il tarixədək 30 i 10 ay 03 gün təşkil edir: - 1980-1997-ci il tarixləri arasındakı Şəki rayonu Qoxmuq kənd “ 1 May kolxozun”da fəaliyyət dövrü (16 il 03 ay) - xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı qulluq dövrü (14 il 07 ay 03 gün) Qeyd olunanlardan aydın olur ki, iddiaçının tələbi üzrə onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 16 il 03 ay təşkil edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajı qanunvericiliyin tələblərinə əsasən kifayət etmədiyindən iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı izahatında iddiaərizəsinin məzmununa uyğun olaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu.
2. İddiaçıya məxsus 155 nömrəli 1980-cı il tarixli əmək kitabçası;
3. X3 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı;
4. АЗ seriyalı 254464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə İddiaçı doğum haqqında şəhadətnamə verilmişdir.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz ərizəsi və ona əlavə olunan sənədlər,o cümlədən iddiaçının ilkin müraciəti.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir.İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki,1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının hüquqi marağı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.İddiaçının cavabdehə ilkin müraciətindən görünür ki,o,həmin tələblə cavabdehə müraciət etmiş və tələbinin icrasından imtina edilmişdir.İddiaçının cavabdehə ilkin müraciətinə əsasən hüquqi yardım qaydasında hüququnun yarandığı vaxta münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi mümkün deyildir. Yuxarıda qeyd olunan ilkin müraciətə əsasən məhkəmə tərəfindən iddiaçının hazırkı tələbinə əsasən hüquqi qiymət verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki,iddiaçı 1980-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “ keçmiş “1 May” kolxozunda tütünçü işləmişdir.Həmin peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ nəzərdə tutulan peşələrdəndir.Lakin,iddiaçının hazırkı tələbə əsasən hüququnun yaranması üçün iki əsas mövcud olmalıdır. Birincisi xx.xx.2006-cı ilədək iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır.İkincisi ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının ümumi sosial sığorta stajına daxil edilən digər müddət xx.xx.2009cu ildən xx.xx.2014-cü il tarixədək olan dövrü əhatə edir.Göründüyü kimi iddiaçının mövcud ümumi sosial sığorta stajı tələb olunan dövrdən sonra yaranmışdır.Yəni,xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi sosial sığorta stajı yaranmamışdır. Şərh olunanlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə