Məhkəmə qərarları › İş №2-1(116)-283/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-283/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-283/2023 21.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “övladları xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X12 övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X12 övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məqsədilə Mingəçevir şəhər “ASAN Xidmət” X6 Xidmətinə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə 8481639, ******* və ******* nömrəli qərarlar qəbul etməklə müraciətin təmin olunmasından imtina etmişdir. İddia tərəfi hesab edir ki, qərarlar qanunvericiliyin tələblərinə ziddir və onun övladlarına şamil edilməməlidir. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə tələb olunan inzibati icraat materiallarını məhkəməyə təqdim etsə də, yazılı qaydada iddia tələbinə dair münasibət (etiraz) bildirməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş: “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən olunmuş və xx.xx.2009-cu il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən olunmuş və xx.xx.2005-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən olunmuş və xx.xx.2006-cı il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. 679983 nömrəli “Doğum haqqında” şəhadətnamənin tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2009-cu ildə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuş, atası Rusiya vətəndaşı X8, anası Rusiya vətəndaşı İddiaçıdır. 893462 nömrəli “Doğum haqqında” şəhadətnamənin tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2006-cı ildə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuş, atası Rusiya vətəndaşı X8, anası Rusiya vətəndaşı İddiaçıdır. 874946 nömrəli “Doğum haqqında” şəhadətnamənin tərcümə edilərək notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2005-ci ildə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuş, atası Rusiya vətəndaşı X8, anası Rusiya vətəndaşı İddiaçıdır. İddiaçı tərəfindən təqdim olunmuş: 069236 nömrəli “Nikah haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X3 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, Pərvanə Bəkirova “Aslanova” soyadını qəbul etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X1 173607/m nömrəli, 29 iyun 2022-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. xx.xx.1970-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqındaqərarın ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X8 barəsində Azərbaycan Resublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qərar ləğv olunmuş, xx.xx.1970-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Qaydaya əsasən: aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Qaydanın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). İşin hallarından müəyyən edilir ki, iddia tələbində adları qeyd olunan iddiaçının övladları X10, X11 və X12 müvafiq olaraq xx.xx.2005-ci il, xx.xx.2006-cı və xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasında anadan olmuşlar və onlar Rusiya vətəndaşlarıdırlar. Şəxsə Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması tələb olunur. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddia adları qeyd olunmuş şəxslərin Rusiya vətəndaşları olması aşkar edilmişdir. İstinad olunan normalardan da göründüyü kimi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununun 5-ci maddəsində təsbit edilmiş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən halların mövcudluğu iddiaçının övladlarına münasibətdə aşkar edilmir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2-1(102)-1415/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli, 2-1(102)-793/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə esab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “övladları xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X9 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar