Məhkəmə qərarları › İş №2-1(116)-2837/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2837/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2837/2023 16.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Balakən rayon Qeydiyyat şöbəsinə qarşı “Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində iddiaçının soyadının “İbrahimova”dan “Rəhimova”ya, adının “Zərniyarxanım”dan “Zərniyar”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində iddiaçının soyadının “İbrahimova”dan “Rəhimova”ya, adının “Zərniyarxanım”dan “Zərniyar”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1950-ci il tarixdə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. O, xx.xx.1970-ci il tarixdə X9 ilə Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində nikah bağladıqdan sonra “Rəhimova” soyadını “Eminova”ya dəyişdirmiş, həmin nikah xx.xx.1978-ci il tarixdə pozulduqdan sonra yenidən “Rəhimova” soyadını qəbul etmişdir. İddiaçı 1966-cı il tarixdə soyadı “Rəhimova”, adı “Zərniyar”, atasının adı isə “Nurməmməd” qeyd edilərək doğum haqqında təkrar şəhadətnamə almış, lakin həmin şəhadətnaməni itirmişdir. 03 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə itirdiyi şəhadətnaməni yenidən götürmək üçün müraciət etdiyi zaman iddiaçıya bildirilmişdir ki, onun doğum haqqında akt qeydi ziddiyyətli tərtib olunduğu üçün, yəni soyadı “İbrahimova”, adı “Zərniyarxanım” qeyd edildiyindən təkrar şəhadətnamə verilməsi mümkün deyildir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-R-15-721/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 21 nömrəli doğum akt qeydində uşaq haqqında məlumat bəndində uşağın “İbrahimova” soyadı pozularaq “Rahimova”ya düzəliş edilmiş, hansı əsasla uşağın soyadına düzəliş edilməsinə dair qeyd aparılmamışdır. Həmin düzəliş möhürlə və düzəliş edən şəxsin imzası ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətində saxlanılan ikinci nüsxədə də uşağın soyadı “İbrahimova”, adı “Zərniyarxanım” qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bu səbəbdən də, kifayət qədər əsaslar olmadığından Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində iddiaçının soyadının “İbrahimova”dan “Rəhimova”ya və adının “Zərniyarxanım”dan “Zərniyar“a düzəliş edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-667/2023 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı adına qeyda alınmış soyadın, adın və ata adının dəyişdirilməsi, valideynləri Nurməmməd Xəlil oğlu adına qeydə alınmış doğum, ölüm, nikah, soyadın adın və ata adının dəyişdirilməsi, X4 adına qeydə alınmış doğum, nikah, soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiklərini bildirərək, qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: Balakən RİH başçısının Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 608 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı Balakən rayonunun Qullar kəndində X5 məxsus evdə yaşayır və müvəqqəti qeydiyyatdadır. P ********* nömrəli Rusiya Federasiyasının vətəndaşının pasportun notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, soyadı Rəhimova, adı Zərniyar, ata adı Nurmmməddir. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/69- 433 nömrəli arayışdan görünür ki, X9 və İddiaçı nikahı haqqında xx.xx.1970-ci il tarixdə 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Eminova” soyadı verilmişdir. Nikah Balakən Rayon Məhkəməsinin xx.xx.1977-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1978-ci ildə 09 nömrəli akt qeydi ilə Balakən rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-66/2-21216/2023 nömrəli məktubuna əlavə olunmuş Forma 1-in təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı xx.xx.1978-ci il tarixdə X14 ilə nikah bağlamışdır. X3, anası Məryəm Məhəmmədəli qızıdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-667/2023 nömrəli məktubuna əlavə olunmuş: 21 nömrəli xx.xx.1950-ci il tarixli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, sənəddə iddiaçının soyadı “İbrahimova”, adı “Zərniyarxanım”, atası Nurməmməd Xəlil oğlu, anası X1r. 11 nömrəli xx.xx.1970-ci il tarixli “Nikahın bağlanması haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə İddiaçı arasında nikah bağlanmışdır. Qadına evləndikdən sonra Eminova soyadı verilmişdir. 9 nömrəli xx.xx.1978-ci il tarixli “Boşanma haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə Eminova (Rəhimova) Zərniyar Nurməmməd qızı arasında nikah pozulmuşdur. Qadına nikah pozulduqdan sonra Rəhimova soyadı verilmişdir. 65 nömrəli xx.xx.1978-ci il tarixli “Nikahın bağlanması haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə xx.xx.1950-ci il təvəllüdlü İddiaçı arasında nikah bağlanmışdır. Qadın nikahdan sonra Rəhimova soyadında qalmışdır. 30 nömrəli xx.xx.1979-cu il tarixli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1979-cu il tarixdə doğulmuş, atası X14, anası İddiaçıdır. 77 nömrəli xx.xx.1984-cü il tarixli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.1984-cü il tarixdə doğulmuş, atası X14, anası xx.xx.1950ci il təvəllüdlü İddiaçıdır. 4 nömrəli xx.xx.1987-ci il tarixli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1986-cı il tarixdə doğulmuş, atası X18, anası xx.xx.1950ci il təvəllüdlü İddiaçıdır. 16 nömrəli xx.xx.1976-cı il tarixli “Ölüm haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1976-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-18/2-488/2023 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Balakən rayonu Talalar kəndində doğulmuşdur. Çıxarışda iddiaçının soyadı Rəhimova, adı Zərniyarxanım olaraq qeyd olunmuşdur. 403258 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X14 ilə İddiaçı arasında nikah xx.xx.1998-ci ildə pozulmuşdur. İddiaçının bacısına aid 490037 nömrəli xx.xx.1991-ci ildə verilmiş “Doğum haqqında” şəhadətnamədən görünür ki, X6 xx.xx.1954-cü ildə doğulmuş, X3, anası X1r. xx.xx.2009-cu ildə verilmiş 03 09 199246 nömrəli Rusiya Federasiyasının vətəndaşının pasportundan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı Balakən rayonunun Talalar kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçıya aid F 254519 nömrəli xx.xx.1970-ci il tarixli diploma əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X26 Texnikomunu kiçik ipəkçi-aqronom ixtisası üzrə bitirmişdir. Diplomda onun soyadı Rəhimova, adı isə Zərniyar olaraq qeyd olunmuşdur. xx.xx.1970-ci il tarixli Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə iddiaçının soyadı “Rəhimova”, adı “Zərniyar”, ata adı “Nurməmməd” olaraq qeyd olunmuş, təvəllüdü 1950-ci il göstərilmişdir. Bitirdiyi təhsil müəssisəsi kimi “Nux. texn.” Qeyd olunmuşdur. İşdə olan Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 81674794 nömrəli bildirişə əsasən müəyyən edilmişdir ki, iddiaçı Balakən rayonu Qullar ərazi dairəsi Qullar kəndində xx.xx.2023-cü il tarixli müraciət əsasında qeydiyyata alınmışdır. Bildirişdə sərhədkeçmə sənədinin nömrəsi olaraq 751314927, qeydiyyatın son tarixi kimi xx.xx.2023-cü il göstərilmişdir. Sənəddə iddiaçının adı Zərniyar (ZARNİİAR), soyadı Rəhimova (RAGİMOVA) kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 2.1-c bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2-ci bəndinə görə valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü dəndinə əsasən Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı ona münasibətdə tərtib edilmiş doğum akt qeydində, “Zərniyarxanım” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə Zərniyar olaraq qeyd olunmuş, iddiaçıya məxsus pasportda Zərniyar kimi göstərilmiş, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 81674794 nömrəli bildirişdə də Zərniyar olaraq qeydiyyara alınmışdır. İddiaçının soyadı isə doğum akt qeydində İbrahimova kimi göstərilməsinə baxmayaraq, ona məxsus digər sənədlərdə və Balakən Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş Forma 1-də Rəhimova kimi yazılmışdır. Həmçinin həmin sənəddə iddiaçının atasının soyadı Rəhimov kimi qeyd olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri məlumatlarında da iddiaçının soyadı “Rəhimova” kimi yazılmışdır. Cavabdeh tərəfindən iddia tələbinin təmin olunmasına etiraz edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya münasibətdə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş ilkin qeyd olan doğum haqqında akt qeydində iddiaçının adı və soyadında yol verilmiş yalnışlıq aradan qaldırılmalıdır. Belə ki, yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi, həm Ailə Məcəlləsinin 161.1-ci maddəsinin, həm də “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsinə yol verilir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçıya aid doğum akt qeydində onun adında və soyadında yol verilmiş yanlışlıq düzəldilməlidir. Belə ki, iddiaçının soyadı “Rəhimova”, adı “Zərniyar” olduğu halda doğum akt qeydində soyadı “İbrahimova”, adı “Zərniyarxanım” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Balakən rayon Qeydiyyat şöbəsinin üzərinə Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 21 saylı doğum haqqında akt qeydində İddiaçı soyadının “İbrahimova”dan “Rəhimova”ya, adının “Zərniyarxanım”dan “Zərniyar”a düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar