Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2838/2024 19.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2014-cü il tarixli A 509064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, ona verilmiş 2400 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınarq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2014-cü il tarixli A 509064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, ona verilmiş 2400 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaarq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, ilkin iddia tələbi mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2014-cü il tarixli A 509064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2400 kv.m torpaq sahəsinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” göstərilməklə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. İcraat materiallarına əlavə edilmiş Qəbələ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2/025-290/2012 saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı Umudxanova (Məmmədova) Məlahət Heydər qızının cavabdeh DTXK-nin Qəbələ rayon şöbəsinə qarşı “istifadəsində və zəbtində olan torpaq sahəsinin adına rəsmiləşdirilməsinə” tələbinə dair iddia ərizəsi təmin edilmiş, iddiaçının hal-hazırda istifadəsində və zəbtində olan torpaq sahəsindən 0,24 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, həmin 0,24 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərinin aparılması, müvafiq texniki sənədlərin tərtib olunmasının DT və XK-nin Qəbələ rayon şöbəsinə və Qəbələ bələdiyyəsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir. Sözügedən qətnamənin icrası qaydasında Qəbələ rayonu Qəbələ bələdiyyəsi xx.xx.2014-cü il tarixdə 03 №-li iclas protokolu ilə iddia olunan 0.24 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul etmiş, eyni zamanda DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli A 509064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək torpaq sahəsinin koordinatlarını naturada müəyyən etmişdir. Bununla belə, iddia olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi hissəsində qətnamə icra edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə qaldırdığı məsələ məhz Qəbələ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2/025-290/2012 saylı qətnaməsində nəzərə tutulmuş məsələnin icrası ilə bağlıdır. İstinad olunan qətnamə ilə iddiaçının arzuladığı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi də, cavabdeh orqanın üzərinə qoyulmuşdur. Odur ki, iddiaçı, sözügedən qətnamənin icrasını tələb etmək əvəzinə eyni məzmunlu öhdəliyin inzibati məhkəmə icraatı qaydasında yenidən cavabdeh orqanın üzərinə qoyulmasını tələb edə bilməz. Başqa sözlə, iddiaçı arzuladığı məqsədə Qəbələ rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2/025-290/2012 saylı qətnaməsi ilə artıq nail olmuşdur. Bu qətnamə ilə müəyyən edilmiş hüquqları tam icra edilmədiyi halda, iddiaçı icra mexanizminin işə salınması və müvafiq qərarın tam icrasının təmin edilməsi üçün qəbul edilmiş qətnamə üzrə məhkəmə nəzarətini həyata keçirən aidiyyəti məhkəməyə (Qəbələ rayon Məhkəməsinə) müraciət etməli və müvafiq icra tədbirlərinin həyata keçirilməsinə nail olmalıdır. Qəbələ rayon Məhkəməsinin istinad olunan qətnaməsi cavabdeh orqanların hər birinin konkret öhdəliklərini müəyyən etmişdir. Hazırkı iddia tələbi isə əslində bu öhdəliklərin bir daha inzibati məhkəmə icraatı qaydasında təsbit edilməsini tələb edir ki, qeyd olunan yanaşma hüquqi sabitlik prinsipinə birbaşa ziddir. Məhkəmə hesab edir ki, qəbul edilmiş qətnamənin tam icra edilməməsi hallarında iddiaçının hüquqi müdafiə marağı, yenidən eyni tələbləri qaldırmaqla deyil, həmin qətnamənin icrasını tələb etməklə reallaşdırılmalıdır. Hazırkı iddia isə ilkin qətnamə ilə təmin olunmuş tələblərin təkrar qaldırılmasına xidmət edir. Yəni, iddiaçının faktiki gözlədiyi hüquqi nəticə əvvəlki qətnamənin nəticəsinin təkrarlanmasıdır. Lakin hüquqi müdafiə marağı yalnız mövcud hüquqi zərurət şəraitində ortaya çıxır. Əgər həmin hüquq artıq təmin edilibsə, yenidən məhkəmə icraatı qaydasında eyni məqsədə nail olmaq hüquqi maraq hesab olunmur. Qaldırılmış iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixli inzibati işin məhkəmə iclasında iddiaçının vəkilinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2014-cü il tarixli A 509064 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, ona verilmiş 2400 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2838/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2838/2024
19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver