Məhkəmə qərarları › İş №2-1(116)-284/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-284/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-284/2020 17.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16rşı “onun və ailə üzvlərinin 19 il istifadələrində olan Qax rayonu, Əmircan kəndində yerləşən “Bağa yaylağı” adlı çöldə 1.88 ha torpaq sahəsinə hüquqi sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvülərinə Qax rayon X7 xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə Qax rayonu Əmircan kəndində 1.88 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçıya və ailəsinə JN-0045, Kod 40310018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. İddiaçıya veriləcək torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən cizgilərdə bitmədiyinə görə o, AİK-ya ərizə ilə müraciət edərək, etirazını bildirmişdir. Bu zaman DTXK-nın Qax rayon Şöbəsinin müdiri Seyfulla Ramazanov və X8 sədri Abakər Musayev iddiaçıya həmin kəndin ərazisində “Bağa yaylağı ” adlı çöldən 1.88 ha torpaq sahəsi vermişlər. Buna dair iddiaçıya DTXK tərəfindən Qax rayonu Əmircan Bələdiyyə torpağından onun torpaq sahəsinin dəyişdirilməsi barədə baş sxemdən çıxarış vermişlər. Həmin vaxtdan sonra, yəni 19 ildir ki, iddiaçı həmin torpaq sahəsini istifadə edir və fındıq bağı salaraq fındıq yığımı ilə məşğul olur. İddiaçı dəfələrlə DTXK-nın Qax rayon Şöbəsinə müraciət edərək həmin torpaq sahəsinin sənədinin hazırlanmasını xahiş etsə də heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçı həmin torpağa hüquqi sənəd almaq istəyir. Bunun üçün o, DƏDRX-nin 12 saylı X17 iki dəfə müraciət etmişdir. Həmin İdarədə isə iddiaçıya həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edəcəyi təqdirdə ərizəsinin icrasına baxılacağı bildirilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, ərazi idarəsinin arxiv materiallarında İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə 1.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə kod 40310018, JN-0045 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”, 0.09 ha həyətyanı torpaq sahəsinə kod 40310018, JN-106A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilməsi barədə məlumat mövcuddur. Ərizəçinin adı DTXK-nın Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 45-ci sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsinin olduğu göstərilməmişdir, həmçinin ərizəçinin adı həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısı faylında 106-cı sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsinin olduğu göstərilməmişdir. Sözügedən təsərrüfatda torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından kod 40310018, JN-0045 saylı “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nda torpaq sahəsinin kəsirlə verilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qax rayonu, Əmircan bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 76 nömrəli arayışında qeyd edilir ki, AİK-nın torpaq bölgüsü zamanı Əmircan kənd sakini İddiaçı və ailə üzvlərinə ayrılacaq 1.88 ha pay torpaq sahəsi ayrılacaq sahədə bitmədiyinə görə “Bağa yaylağı” adlanan çöldən, boş qalmış ərazidən 1.88 ha ölçülərək verilmişdir. Hal-hazırda iddiaçı həmin verilmiş torpaq sahəsində fındıq bağı salmış və 19 ildir istifadə edir. İş materiallarında olan JN-00xx xxx 40310018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİKnın xx.xx.2000-ci il tarixli, 09 saylı Qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.88 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-106A kod 40310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 09 saylı Qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********65 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir:

1. Qax rayonu Əmircan kənd sakini İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin naturada ölçüləri 2.08 hektardır. İddiaçı naturada istifadə etdiyi 2.08 ha torpaq sahəsi Elektron Baza məlumatlarında öz əksini tapan X1 əsasən mülkiyyətçi X2 adına işlənilmiş JN-008 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda göstərilən 1.68 ha cizgisində göstərilən torpaq sahəsinin 1.18 ha hissəsinə, digər mülkiyyətçi X3 adına işlənilmiş JN-009 nömrəli “Torpaga Mülkiyyət Hüququna dair Dövtət Aktı”nda göstərilən 1.26 ha cizgisində göstərilən torpaq sahəsinin 0.56 ha hissəsinə və qalan 0.34 ha torpaq sahəsi isə Qax rayonu Əmircan bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı Çoxillik əkmələrə düşür.

2. İddiaçı JN-0045 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda göstərilən 1.88 ha torpaq sahəsi Elektron Baza məlumatlarında öz əksini tapan X1 əsasən iddiaçının naturada istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir və həmin torpaq sahəsini başqa vətəndaşlar, X6 iki sahədən 0.1972 ha və 0.1602 ha, X4 0.1468 ha, X12 1.23 ha torpaq sahələrindən istifadə edirlər. Qalan 0.1414 ha torpaq sahəsini naturada yol kimi istifadə edirlər.

İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********38 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli **********43 nömrəli məktubu, Qax rayonu, Əmircan bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 76 nömrəli arayışı, JN-00xx xxx 40310018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın təsdiq edilmiş surəti, JN-106A kod 40310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********65 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********63 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, ilkin olaraq iddiaçının mülkiyyətinə JN-0045 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nda Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 09 saylı Qərarı ilə 1.88 ha torpaq sahəsinin verildiyi qeyd olunur. Lakin həmin torpaq sahəsinin tam ölçüdə iddiaçıya verilməsi mümkün olmadığından qeyd olunan “Bağa yaylağı” adlanan digər ərazidən həmin ölçüdə torpaq sahəsi ayrılaraq iddiaçıya verilmişdir. Lakin cavabdeh orqanın da qeyd etdiyi kimi həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər aşkarlanmamışdır. Hazırkı tələblə iddiaçı həmin torpaq sahəsinə hüquqi sənəd əldə etmək üçün iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə araşdırması zamanı əldə olunan mütəxəssis rəyinin nəticəsi ilə müəyyən olunmuşdur ki, həm JN-0045 nömrəli Dövlət Aktında qeyd olunan 1.88 ha torpaq sahəsi, həm də tələbdə qeyd olunan iddiaçının “Bağa yaylağı” adlanan ərazidə istifadə etdiyi 1.88 ha torpaq sahəsi Elektron Baza məlumatlarına əsasən rəydə göstərilən şəxslərin istifadə etdiyi torpaq sahələri ilə üst-üstə düşür. Bu səbəbdən də iddia tələbində qeyd olunan 1.88 ha torpaq sahəsinə dair hüquqi sənədlərin verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X16rşı “onun və ailə üzvlərinin 19 il istifadələrində olan Qax rayonu, Əmircan kəndində yerləşən “Bağa yaylağı” adlı çöldə 1.88 ha torpaq sahəsinə hüquqi sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 189 manat 46 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar