Məhkəmə qərarları › İş №2-1(116)-284/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-284/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-284/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayon Qaradağlı kəndinə aid olan 1980- 1981-1982-ci illərin təsərrüfatbaşına kitaba əsasən mərhum X2 istifadəsində göstərilən 0.25 ha torpaq sahəsindən 0.13 ha torpaq sahəsinin mərhum X4 məxsus olmasına dair elektron arayışın verilməsi, JN-990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.10 ha torpaq sahəsi üzərində X2 və ailə üzvlərinin ümumibirgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2023-cü il tarixli 138 saylı arxiv arayışına əsasən JN-990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə düzəliş edilməklə Ağdaş rayon Qaradağlı kənd XDS İK–nın Qaradağlı kəndinə aid olan 1980-1981-1982-ci illərin təsərrüfatbaşına kitabın 1/212 nömrəli təsərrüfatında qeyd edilən 0.25 ha torpaq sahəsinə mərhum X2 və ailəsinin adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Ağdaş rayon Qaradağlı kəndinə aid olan 1980- 1981-1982-ci illərin təsərrüfatbaşına kitaba əsasən mərhum X2 istifadəsində göstərilən 0.25 ha torpaq sahəsindən 0.13 ha torpaq sahəsinin mərhum X4 məxsus olmasına dair elektron arayışın verilməsi, JN-990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.10 ha torpaq sahəsi üzərində X2 və ailə üzvlərinin ümumibirgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, mərhum X2 vərəsəsidir.Atası xx.xx.2013-cü ildə, anası X15 xx.xx.1984-cü ildə vəfat etmişdir. Atasının adına olan əmlaka dair vərəsəlik işi başlatdıqdan ilə əlaqədar Ağdaş Rayon Notariat Ofisində vərəsəlik işi açıldırmışdır. Sənədlər araşdırılarkən məlum oldu ki, atasına məxsus 0.25 ha torpaq sahəsi olmuş, lakin həmin torpaq sahəsinə şəhadətnamə tərtib edilərkən torpaq sahəsinin ölçüləri 0.10 ha olaraq qeyd edilmiş və həmin 0.10 ha torpaq sahəsinə JN-990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə işlənmişdir. Belə ki, Ağdaş Rayon Dövlət Arxivindən verilən xx.xx.2023-cü il tarxili 138 saylı Arxiv Arayışında göstərilir ki, Ağdaş rayon Qaradağlı kənd XDS İK-nin Qaradağlı kəndinə aid olan 1980-1981-1982-ci illərin təsərrüfatbaşına kitabın 1/212 № li təsərrüfatı X18 o təsərrüfatında X7 ,X15, X8, İddiaçı olması və X2 adına 0.25 ha torpaq sahəsi 1968-ci ildə tikilmiş ümumi sahəsi 68 kv.m olan evin olması göstərilmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq qeyd edilən 0.25 ha torpaq sahəsinə ölçüsü 0.10 ha qeyd edilərək mərhum atam X7 və qardaşının ailəsi (X9, X1 Türyan Surxay qızı, X12, X21 və X14) olmaqla JN- 990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə işlənmişdir. Yəni həmin 0.25 ha torpaq sahəsinin 0.10 ha hissəsi qardaşının və ailəsinin yaşadığı yer olduğu üçün mərhum atası ailə başçısı olaraq qeyd edilərək qardaşı və ailəsinin adına 0.10 ha torpaq sahəsinə sənəd verilmiş, qalan 0.15 ha torpaq sahəsi sənədləşdirilmədən qalmışdır. Qeyd edilən torpaq sahəsi hazırda 0.25 ha olmaqla iddiaçı və qardaşının ailəsinin istifadələrindədir. 0.25 ha torpağa dair atasının adına sənəd düzgün işlənməli idi ki, vərəsələr də öz aralarında razılaşaraq 0.25 ha torpaq sahəsini aramızda bölsünlər. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçının ilkin müraciət ərizəsi ilə bağlı təqdim edilən sənədlər toplusu (surətləri) ekspertiza edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə edilən Ağdaş rayonu, Qaradağlı kəndi üzrə 1 nömrəli təsərrüfatbaşına kitabının 1/212 nömrəli təsərrüfatına dair Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 138 nömrəli arxiv arayışında göstərilən və naturada iddiaçı tərəfindən istifadə edilən 0.25 ha torpaq sahəsinin 0.10 ha hissəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin (6 nəfər) ümumbirgə mülkiyyətinizə verilmiş və onlara ləğv olunmuş DTXK-nin Ağdaş şöbəsi tərəfindən JN-990A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Hüquqmüəyyənedici sənəd ləğv olunmuş DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verildiyi üçün, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin və dəyişikliyin edilməsi və ya həmin sənədin ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. AZ-İİ seriyalı 593855 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixində vəfat etmişdir.

3. İİİ-ЖГ seriyalı 277425 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X16 xx.xx.1984-cü il tarixində vəfat etmişdir.

4. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 138 nömrəli arayışı.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 saylı qərarı, 2005-ci il tarixli Ağdaş şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, X7 və ailə üzvləri X9, X1 Türyan Surxay qızı, X12, X21 və X10 adı qeyd olunmuşdur və adlarına 0.10 ha torpaq sahəsi verilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-1107/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Ağdaş bələdiyyəsinin “X17 X25”ndəki xəritədinə əsasən JN-990A saylı Şəhadətnamədə göstərilən və iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası-tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Ağdaş bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturada sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN 990A saylı Şəhadətnamədə göstərilən, həmçinin iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa subyektlərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tikililər vardır. İddiaçı və X2 adına əvvəllər Şəhadətnamə və ya təsərrüfatbaşına kitabın qeydləri əsasında təkrar mülkiyyət hüququ qeydə alınmamışdır.

7. JN-990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə .

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı mərhum valideynlərinin mülkiyyətində olmuş fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin onlara məxsus olmasına dair arayışın verilməsindən ibarətdir. Cavabdehin imtina əsası sənədlərin hüquqmüəyyənedici sənədlərin tam təqdim olunmaması ilə bağlı olmuşdur. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki,iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi iki hüquqmüəyyənedici sənəd təqdim edilmişdir :

1. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 138 nömrəli arayışından görünür ki, Ağdaş rayon Qaradağlı kəndinə aid olan 1980-1982-ci illərin təsərrüfatbaşına kitabının 1/212 nömrəli təsərrüfatında X2 qanuni istifadəsində 0.25 ha torpaq sahəsi olduğu qeyd edilmişdir.

2. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-ci il tarixli 01 nömrəli qərarı əsasında JN-990A KOD 90301004 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən 0.10 ha torpaq sahəsi ümumi birgə mülkiyyətə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən : 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun : 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. X7 vəfat etdiyindən hazırda həmin torpaq sahəsinin mərhuma məxsus olması barədə qərar qəbul edilə bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, JN-990A KOD 90301004 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən, 0.10 ha torpaq sahəsi X7 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Ağdaş rayon Qaradağlı kəndinə aid olan 1980-1982-ci illərin təsərrüfatbaşına kitaba əsasən X2 adına 0.25 ha torpaq sahəsinin olduğu görünür. Araşdırma zamanı məlum olmuşdur ki, JN 990A saylı Şəhadətnamədə göstərilən, həmçinin iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa subyektlərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi qapalı həyət daxilindədir və üzərində tikililər vardır. Göründüyü kimi, iddia olunan torpaq sahəsi aqrar islahatdan əvvəl də X7 və ailə üzvlərinin istifadəsində olmuşdur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Ağdaş rayon Qaradağlı kəndinə aid olan 1980-1982-ci illərin təsərrüfatbaşına kitaba əsasən iddiaçının atası X2 istifadəsində olmuş 0.13 ha torpaq sahəsinin mərhum X4 məxsus olmasına dair elektron arayışın verilməsi, JN-990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.10 ha torpaq sahəsi üzərində X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Ağdaş rayon Qaradağlı kəndinə aid 1980-1982-ci illərin təsərrüfatbaşına kitaba əsasən mərhum X2 istifadəsində göstərilən 0.25 ha torpaq sahəsindən 0.13 ha torpaq sahəsinin mərhum X4 məxsus olmasına dair elektron arayışın verilməsi, JN-990A KOD 90301004 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0,10 ha torpaq sahəsi üzərində X7, X9, X11, X13, X12, X21 və X5 ümumi birgə mülkiyyət hüququnu qeydə alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar