Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-284/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-14068/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 02 iyun 1986-cı il tarixdə əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək işləyir. xx.xx.2023-cü il tarixdə onun 60 yaşı tamam olmuş və həmin tarixdən ona güzəştli şərtlərə görə yaşa görə əmək pensiyası təyin edilməli idi. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı, ona güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-14068/2023 nömrəli imtinası qanunsuz və əsassızdır. Belə ki, "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən o, xx.xx.2002-01 06.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin baş mexanikə və energetika şöbəsinin qazanxana sexində çilingər, xx.xx.2009-22.01 2016-cı il və 18 05.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində buxar güc təsərrüfatına qazançı-operator peşələrində, "xxxx" MMC- nin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən isə xx.xx.2018-ci il tarixindən bugünədək adı çəkilən müəssisənin energetika və mexanikə sahəsində qazançı-operator peşələrində işləmişdir. Göründüyü kimi, hər iki arayışa əsasən onun güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışması tam təsdiq edilir. Cavabdeh inzibati orqan "xxxx" ASC və "xxxx" MMC tərəfindən verilmiş Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışları əsas götürməməklə qanunvericiliyin tələbi kobud şəkildə pozmuşdur. Belə ki, həmin arayışlarla onun güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmağı tam təsdiq edilir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. X4 tərəfindən müraciətə baxılaraq İddiaçı 22.01,2024-cü il tarixli 3-17-1/2-A- 14068/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun (bundan sonra - Qanun) Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşma çatdıqda, azı 25 i! sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşa çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17- 1/2-A- 14068/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin ona dair arayışında xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin baş mexanikə və energetika şöbəsinin qazanxana sexində çilingər, xx.xx.2009- xx.xx.2016-cı il və xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində buxar güc təsərrüfatına qazançı-operator peşələrində, "xxxx" MMC-nin ona dair arayışında isə xx.xx.2018-ci il tarixdən bugünədək adıçəkilən müəssisənin energetika və mexanikə sahəsində qazançı-operator peşələrində işlədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) qazançılar və elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifələri nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı çalışdığı baş mexanika və energetika şöbəsinin qazanxana sexində çilingər və buxar güc təsərrüfatına qazançı-operator vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nda nəzərdə tutulmamışdır. Sözügedən siyahının metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) qazançılar və elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistləri vəzifələri ilə uyğunluq (eynilik) təşkil etmir. Bu səbəbdən də bildirilmişdir ki, İddiaçı güzəştli iş stajı yoxdur. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1640/2023 nömrəli, 2-1(102)-1030/2023 nömrəli və s qərarlarında da məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Əlavə olaraq bildirilmişdir ki, Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə İş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2- 1(102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü- özlüyündə əsas vermir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır." Bildiririk ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZE ******** nömrəli Şəxsiyyət vəsiqəsi, НЗ ******* nömrəli hərbi bilet, 3T 053274 №-li diplom, İT-İ ******* nömrəli Əmək kitabçası, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixi məktubu, "xxxx" MMC-nin, "xxxx" ASC-nin arayışları, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının 60 yaşının tamam olduğu 02 fevral 2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:
1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı, 2) ən azı 12 il 6 ay güzəştli iş stajı. Cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirir. Belə ki, cavabdeh orqan iddiaçının fəaliyyət göstərdiyi sahənin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sına aid olmadığını, iddiaçının güzəştli iş stajının mövcud olmadığını qeyd edir. İddiaçı xx.xx.2002-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASCnin baş mexanika və energetika şöbəsinin qazanxana sexində çilingər, xx.xx.2009xx.xx.2016-cı il və xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər ərzində buxar güc təsərrüfatına qazançı-operator peşələrində, "xxxx" MMC-nin ona dair arayışında isə xx.xx.2018-ci il tarixdən bugünədək adıçəkilən müəssisənin energetika və mexanikə sahəsində qazançı-operator peşələrində işləmişdir. Təqdim edilmiş güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmaya dair arayışlarda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) qazançılar və elektrik stansiyaları, enerji qatarlan, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifələrinin nəzərdə tutulması qeyd edilmişdir. İddiaçı və onun çalışdığı müəssisələr hesab edir ki, onun əmək fəaliyyəti bu bəndlə uyğunluq təşkil edir. Cavabdeh orqanın isə mövqeyi ondan ibarətdir ki, iddiaçının çalışdığı baş mexanika və energetika şöbəsinin qazanxana sexində çilingər və buxar güc təsərrüfatına qazançı-operator vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nda nəzərdə tutulmamışdır. Sözügedən siyahının metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) fəhlələr yarımbəndində (a) qazançılar və elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistləri vəzifələri ilə uyğunluq (eynilik) təşkil etmir. Məhkəmə hesab edir ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-482/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2- 1(102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş 'İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, bu Qaydalara uyğun aparılan əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan, eləcə də ağır işlərdə çalışan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması məqsədilə istifadə olunur. Həmçinin Qaydaların 3.2.2-ci bəndinə uyğun olaraq əməyin mühafizəsi üzrə qüvvədə olan və ona aid olan normativ hüquqi aktlar dövlət və sahə standartları və əməyin mühafizəsi üzrə tipik standartlar əsasında istehsal avadanlıqlarının, qurğuların və alətlərin qiymətləndirilməsi əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsində müəyyən edilir. Məhkəmənin eyni məzəmunlu "xxxx" İpək ASC və "xxxx" MMC-yə ünvanlanmış sorğularına xx.xx.2024-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavab olaraq bildirmişdir ki, müəssisə ipək parçaların istehsalı (fəaliyyət kodu: 13204) sahəsində fəaliyyət göstərir. Müəssisə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11.6 Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri, qazançılar və 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər bəndlərinə (yarımbəndlərinə) uyğun olaraq şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış verilmiş, lakin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən işçiyə məktub göndərilmişdir və həmin məktubun izahından belə aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda müəyyən yarımbəndlərdə “qazançı” ifadəsi qeyd edilsə də, işçinin işlədiyi müəssisənin fəaliyyət sahəsi də uyğun olmalıdır. 11.6 Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri, qazançılar yarımbəndi 11-ci bəndə aiddir və bənd metal emalı sahəsində fəaliyyət göstərən müəssisələrin işçilərinə aid edilir, 24-cü bənddə qeyd edilən elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər bəndi 24-cü bəndə aiddir və bənd elektrik stansiyaları sahəsində fəaliyyət göstərən müəssisələrin işçilərinə, enerji qatarları sahəsində fəaliyyət göstərən müəssisələrin işçilərinə və buxar və güc təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrin işçilərinə aid edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə ipək parçaların istehsalı (fəaliyyət kodu:13204) sahəsində fəaliyyət göstərir. Lakin qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 24-cü bəndinin şərhə ehtiyacı var. Belə ki, bənd üzrə “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” qeydi edilmiş, bəndin yarımbəndlərində vəzifələr sadalanmışdır. Müəssisə və təşkilatların ümumi fəaliyyət sahəsi fərqli olsa da, bir çox müəssisə və təşkilatın tabeliyində buxar və güc təsərrüfatı vardır. Həmin siyahıya bu qaydada yanaşıldıqda 24-cü bəndə aid peşələrdə çalışan işçilərin güzəştli şərtlə əmək pensiyası hüququ yarana bilər. Sorğuda tələb olunan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdan əlavə aparılmış qiymətləndirmə, iş yerinin zərərli hesab edilməsi haqqında hər hansı bir dövlət orqanının rəyi, normativ sənədi müəssisədə mövcud deyil. Təqdim edilmiş cavab məktubundan görünür ki, müəssisə tərəfindən iddiaçıya güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmaya dair arayış həmin müəssisədə buxar və güc təsərrüfatının olması ilə əlaqədar verilmişdir. Bununla belə müəssisədə həyata keçirilən əmək fəaliyyətinin “Siyahı”da nəzərdə tutulmuş peşələrə uyğunluğu əmək şəraiti üzrə iş yerlərinin attestasiyası nəticəsində müəyyən edilməmiş, iş yerinin zərərli hesab edilməsi haqqında hər hansı bir dövlət orqanının rəyi, normativ sənəd mövcud olmamışdır. Məhkəmə hesab edir ki, müəssisə daxilində buxar və güc təsərrüfatının olması birmənalı olaraq həmin sahədə işləyən şəxslərin iş yerinin zərərli hesab edilməsi qənaətini yarada bilməz. Belə ki, istinad olunan “Siyahı”da ipəkçiliyin aid olduğu yüngül sənaye sahəsində hansı peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi konkret müəyyən edilmişdir. İstinad olunan “Siyahı”da 11.6-cı bənddə Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri hissəsində qazançılar vəzifəsi göstərilmişdir. Həmçinin 24-cü bənddə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatında bəndinin qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər yarımbəndi qeyd olunmuşdur. Müəssisə iddiaçının işlədiyi peşələrin 11.6 və 24-cü bəndəki qazançılar və qazaqazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə uyğun olmasını bildirir. Həmçinin iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə iş şəraiti ilə bağlı aşağıdakı məlumatları təqdim etmişdir: müəssisənin qazanxana təsərrüfatında quraşdırılmış buxar qazanları təbii qazla işləyir. Buxar qazanı işlədiyi zaman qazanın daxilində yükəsk temperatur və 10 atm-ə qədər təzyiq yaranır. Buxar qazanlarında təzyiqin tənzimlənməsi üçün xüsusi qoruyucu klapanlar quraşdırılmışdır. Buxar qazanı təbii qazla işlədiyi üçün qazançı operator qaz xəttində sızmaların olmamasına qazanlarda suyun səviyyəsinin təzyiqin normaya uyğun olmasına baş verə biləcək hər hansı bir qəzaların qarşısının vaxtında alınması məqsədilə daim nəzarət edir və mütəmadi olaraq rəhbərliyə məlumat verir. Cavabdeh orqanın mövqeyinə görə 11.6-cı bənd Metal emalı sahəsinə aiddir. Yəni burada metal emalı sahəsinin qazançılarından söhbət gedir. İddiaçı isə ipəkçiliyə aid sahədə qazançı vəzifəsində işləmişdir. Həmçinin həmin sahələr elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyil. Məhkəmə qeyd edir ki, sözügedən “Siyahı”nın 24-cü bəndində "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" ifadəsi vergüllə ayrıldığından, bunlar ayrı-ayrı sahələr kimi nəzərə alınmalıdır. Yəni, buxar və güc təsərrüfatı xüsusi olaraq Elektrik stansiyalarının tərkibində nəzərdə tutulmur. Həmçinin ipəkçilik müəssisəsində buxar qazanlarının istifadəsi mümkündür, çünki bəzi istehsal proseslərində buxardan istifadə edilə bilər. Müəssisənin özü də qazanxana təsərrüfatında buxar qazanlarının istifadəsini təsdiq edir, buna görə ipəkçilikdə belə bir təsərrüfatın olması mümkündür. Sözügedən “Siyahı”nın 11.6-cı bəndində isə "qazançılar" vəzifəsi qazanxana, gəmiqayırma və gəmi təmiri işlərinə aid edilmiş, bu sahə metal emalı ilə əlaqələndirilmişdir. Lakin, iddiaçı ipəkçilikdə qazançı-operator vəzifəsində işləmişdir. Nəzərə alınmalıdır ki, metal emalındakı qazanxanalar yüksək təzyiq və temperatur altında çalışan avadanlıqlar üçün nəzərdə tutulur. Bu sahədə qazançılar çox vaxt yüksək təhlükə ilə üzləşir, çünki metalın əridilməsi və emalı yüksək təhlükəsizlik tədbirləri tələb edir. İpək istehsalında isə qazanxanalar daha az təhlükəli şəraitdə işləyir. Burada məqsəd əsasən buxar təmin etmək və istilik enerjisi yaratmaqdır. Qazanlar adətən daha aşağı təzyiqlə işləyir və əsasən istehsal prosesini dəstəkləməyə yönəldiyindən, təhlükəsizlik riskləri nisbətən daha aşağıdır (ipək boyama və ya qurulama proseslərində buxar qazanlarının rolu yüksək təzyiq və temperatur olmadan yalnız istilik təmin etməkdir). Bu zaman hər iki halda buxar qazanları istifadə olunsa da, iş şəraiti və təhlükə dərəcəsi tamamilə fərqli olacaqdır. Odur ki, müəssisədə buxar və güc təsərrüfatının olması hər zaman zərərli sahə kimi qəbul edilə bilməz. Həmin sahənin zərərli iş şəraiti sayılması, istifadə olunan avadanlığın təhlükəsizliyi, iş şəraitinin xüsusiyyətləri və təzyiq, temperatur kimi faktorlarla müəyyən edilir. Buna görə də, məhkəmə hesab edir ki, müəssisədə həyata keçirilən əmək fəaliyyətinin yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulmuş peşələrə uyğunluğu istinad olunan “Qaydalar”a uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrində müəyyən edilməli olduğundan və iddiaçının işlədiyi müəssisədə əmək şəraitinin zərərli olub-olmaması qiymətləndirilmədiyindən təqdim edilmiş arayışlar iddiaçının zərərli sahədə əmək fəaliyyətini təsdiq edən sübut qismində qiymətləndirilə bilməz. Odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunamüvafiq olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərə görə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.