Məhkəmə qərarları › İş №2-1(116)-285/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-285/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-285/2020 01.07.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “İddiaçı və X1 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN- 127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X1 adının çıxarılaraq X2nın adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı və X1 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X1 adının çıxarılaraq X2nın adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, özünə və mərhum X2na Qax rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarına əsasən 0.31 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair onlara ləğv edilmiş DT və XK tərəfindən seriya JN-İ27G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə mərhum X2nın adı olmalı idi, lakin səhvən qardaşı X1 adı qeyd edilmişdir. Belə ki, X3 1979-cu il tarixdən sonra Bakı şəhərində qeydiyyatda olmuş, Qum kəndində AİK zamanı ona pay torpağı verilməmişdir. Ləğv edilmiş DT və XK tərəfindən seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı səhvən qeyd olunmuşdur. X2 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı anasından miras qalmış əmlaka sahiblik edir. Lakin qeyd edilən səhv ona bəzi hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. Belə olan halda iddiaçı Qax rayon Prokurorluğuna müraciət etmiş və Qax rayon Prokurorluğunda iş araşdırılmış və mülki xarakterli olduğundan Məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Üçüncü şəxs etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi tam əsassızdır. Belə ki, X8 onun anasıdır və anası rəhmətə gedənə kimi o, baxmışdır və anası onun yanında rəhmətə getmişdir. Anası ömrünün son illərində ağır xəstə olmuş və onun əmlakını faktiki olaraq özü idarə etmişdir. Anasına baxdığından anası özünə məxsus Qax rayonu Qum kəndində yerləşən iki otaqlı evi 10 yanvar 1997-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət etmiş və vəsiyyətnamə Qax rayonu Dövlət Notariusu tərəfindən təsdiq edilmişdir. X2 16 sentyabr 1997-ci ildə vəfat etmişdir və ondan miras qalmış əmlaka faktiki olaraq yiyələnərək idarə etmişdir. Anasının vəfatından sonra isə ərizə ilə Qax rayonu İHBnın Qum kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edərək anasının adına olan təsərrüfatı öz adına keçirilməsini xahiş etmiş və Qax rayonu İHB-nın Qum kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.Ehsanov tərəfindən ona ünvanlanmış məktubla bildirilmişdir ki, anasının adına olan təsərrüfat onun adına keçirilmişdir. İddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, Qax rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarına əsasən həmin torpaq sahəsi verilmişdir. X2 isə xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Belə olan halda necə ola bilər ki, anasının adı yazılmalı olduğu halda seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən anasının adı yerinə onun adı yazılmışdır. Yuxarıda qeyd etdiyi kimi anasının vəfatından sonra onun miras əmlakına yiyələnmiş və anasının adına olan təsərrüfat onun adına keçirilmişdir və halhazıradək həmin miras əmlakı özü idarə edir və Qax rayonu Qum kəndində yaşayır. Beləliklə göründüyü kimi İddiaçı iddia ərizəsində heç bir mötəbər sübuta istinad etməmiş sadəcə formal mülahizələrə istinad edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmək istəyir ki, İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan hüquqlarının və X7” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 57, 68 və 103-cü maddələrinə istinad etmişdir ki, həmin qeyd edilən maddələrin məzmununa nəzər saldıqda görürük ki, həmin maddələr mülkiyyət hüququnun-müdafiəsindən bəhs edir. Lakin iddiaçı iddia tələbində mərhum anasının adının yerinə səhvən onun adının qeyd edildiyini bildirərək bunun düzəldilməsini tələb etmişdir. Belə olan halda iddiaçının hansı mülkiyyət hüququnun pozulmasından söhbət getməsi qeyd edilməmişdir. Belə ki, mərhum X2nın da vəsiyyət üzrə vərəsəsi özüdür. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində Qax rayon AİK-nın xx.xx.1997-ci il tarixli qərarına əsasən verilmiş JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin edilməsini xahiş etmişdir ki, artıq həmin qərarın qəbul edilmə tarixindən 22 il ötmüşdür. Qanunvericiliyin də tələbindən bilindiyi kimi Aqrar islahat Komissiyasının qərarlarından 1 (bir) ay ərzində şikayət verilə bilər. İddiaçı isə iddia ərizəsində nə üçün məhz 22 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etməmiş və iddia ərizəsinə ötürülmüş müddətin bərpası barədə ərizə əlavə etməmişdir. Buradan da görünür ki, iddiaçının hazırki iddia ərizəsi ilə müraciət etmək üçün heç subyektiv hüququ belə yoxdur. Cavabdeh etirazında bildirmişdir ki, ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən təhvil verilmiş Qax rayonu, Qum kəndində həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında X1 və İddiaçı adları 127-ci sırada olmaqla 0.13 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmişdir. Qax rayonu, Qum kəndinin elektron baza məlumatlarında sözügedən subyektlərə aid 127F-0.10 ha,127G-0.02 ha olmaqla 2 yerdə həyətyanı torpaq sahəsinin olduğu müəyyən olunsa da, kod 40312018, JN-127G və kod 40312018, JN-127F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Qax rayon prokurorluğun xx.xx.2017-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərənlərə əsasən Qax rayonu Qum kəndi ərazisində yerləşən və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Hacıməmməd Şamxalovanın və şikayətçi İddiaçı mülkiyyətində olan 0,31 ha həyatyanı torpaq sahəsinin rəsmi sənədləşmə prosesində hər hansı vəzifəli şəxsin səhlənkarlığı və ya digər qaydada vəzifəsindən sui-istifadə etmə faktı təstiq olunmadığından, material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehin nümayəndəsi və üçüncü şəxslərə təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, mübahisəli şəhadətnaməni 2012-ci ildə aldığını qeyd edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan JN seriyalı 127G nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 20 nömrəli qərarı ilə X3 və İddiaçı mülkiyyətinə Qax rayonu Qum kəndində 0.31 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hazırkı işdə mübahisə olunan JN seriyalı 127G nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 20 nömrəli qərarı əsasında verilmiş və həmin qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bundan başqa hələ 2012-ci il tarixində iddiaçı ona mübahisəli şəhadətnamədən məlumatlı olmuş (şəhadətnaməni almış), xx.xx.2017-ci il tarixində Qax rayon Prokurorluğuna müraciət etmiş, Qax rayon prokurorluğun xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə rədd edilmiş,bu halda da xx.xx.2019-cu il tarixində (poçt vasitəsilə) məhkəməyə müraciət etməklə (iddia ərizəsi xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “İddiaçı və X1 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN- 127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X1 adının çıxarılaraq X2nın adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar