Məhkəmə qərarları › İş №2-1(116)-285/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-285/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-285/2023 11.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı sahibkarlıq məqsədilə X8 Təsərrüfatı İdarəsi ilə 08 noyabr 2012-ci il tarixdə 5 illiyə torpaq icarəyə götürmüşdür. Həmin torpaq sahəsini 2 il istifadə edərək icarəsini ödəsə də sonradan həmin ərazini faktiki istifadə etmədiyindən ərazini meşə idarəsinə geri qaytarmışdır. Lakin aralarında olan müqaviləni ləğv etməmişlər. Buna görə də icarə haqqının ödənilməli olmasını da iddiaçı bilməmişdir. İddiaçı həmin tarixdən vergi hesabını da dayandırmışdır. Lakin müqavilənin ləğv edilməli olduğunu bilməmişdir. Bir müddət əvvəl Vergi Xidmətinin 11 saylı Ərazi İdarəsindən iddiaçıya onun 2724,15 manat borcunun olması barədə qərar gəlmişdir. İddiaçı hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, onun Meşə İdarəsi ilə arasında icarə müqaviləsi olmuş və onlar arasında hüquqi tənzimlənmə məhkəmə tərəfindən edilməli idi. Vergi Xidməti həmin borcun yığılması üçün səlahiyyətlidir. Lakin bu ona qərarla iddiaçıdan pulun alınması deyil, aidiyyəti üzrə Kommersiya məhkəməsinə müraciət etməsinə əsas idi. Belə ki, aralarında bağlanmış müqavilə ya qarşılıqlı razılıqla, ya da məhkəmə qaydasında ləğv edilməli və müqavilədən irəli gələn öhdəliklər məhkəmə tərəfindən müəyyən edilməli idi. Göstərilən rəqəmlər və iddiaçının həmin torpaqdan faktiki istifadə etməməsi ayrıca məhkəmə predmetidir. Vergi orqanı tərəfindən müqavilə öhdəliklərini müəyyən edən qərarın qəbul edilməsi tam qanunsuzdur. Ona görə də ləğv edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********048500 nömrəli iddianın mümkün sayılmaması barədə vəsatətində qeyd etmişdir ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə 2724,15 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borcu yarandığından həmin borcun tutulması üçün tələbin icraya yönəldilməsi barədə mübahisələndirilən qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının tələbi uğurlu iddia deyil və 2724,15 manat dövlət torpaq sahələrinin icarə haqqı üzrə borcunun yaranmasına səbəb olan xx.xx.2012-ci il tarixli 196 nömrəli və xx.xx.2012-ci il tarixli 09 nömrəli müqavilələr qüvvədə olduğu halda həmin iddianın vergi ödəyicisinin çatmaq istədiyi nəticə baxımından perspektivi yoxdur. Belə ki, sözügedən xx.xx.2022-ci il tarixli **********036000 nömrəli “Vergi borcunun turulması haqqında" Qərarın ləğv edilməsi üçün heç bir əsaslandırılma aparılmadan və həmin qərarın qanunsuzluğunu sübut edən hər hansı fakt və ya dəlil olmadan belə bir tələbin irəli sürülməsi əsasızdır. Hesab etsək ki, iddiaçının xx.xx.2022-ci il tarixli inzibati akt olan qərarın ləğv edilməsini məhkəmədən xahiş etməsi əsaslı iddiadır. Bu halda da iddiaçının iddiasının uğurlu alınacağı və sözügedən qərarın ləğv ediləcəyi təqdirdə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin gələcəkdə yenidən həmin borc məbləğinin dövlət büdcəsinə alınmasını təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etməsi, o cümlədən tələbin icraya yönəldilməsi barədə yeni qərar qəbul etməsini istisna etmir. Ona görə də iddiaçının hazırkı xx.xx.2022-ci il tarixli **********036000 nömrəli “Vergi borcunun turulması haqqında” Qərarı mübahisələndirməsi uğursuz və qeyd olunan qərarın qəbul edilməsinə və icarə haqqının hesablanması üçün əsas olan xx.xx.2012-ci il tarixli 196 nömrəli və xx.xx.2012-ci il tarixli 09 nömrəli müqavilələr mübahisələndirilmədən qaldırılmış lüzumsuz bir iddia olmaqla hazırkı iddia icra sənədinin icrasından yayınmaq məqsədi daşıyır. İddiaçının iddia ərizəsindən də göründüyü kimi heç bir əsaslandırılma aparılmadan və inzibati orqanın qəbul etdiyi qərarın qanunsuzluğunu sübut edən hər-hansı fakt və ya dəlil olmadan onların ləğvini məhkəmədən xahiş etməsi vergi orqanının onun barəsində aparılmış hesablamaların əsasız olması və qəbul etdiyi qərarın qanunsuz olması demək deyildir. İddiaçı hazırkı iddia ilə vergi orqanına qarşı məhkəməyə müraciət etməkdə haqlı olmamış və əslində iddiaçı iddia ərizəsi ilə müqavilə tərəfi olan X7 və Bərpası Müəssisəsinə (hazırkı X8 Təsərrüfatı Mərkəzinə (VÖEN: **********)) qarşı göstərdiyi faktlar əsasında mülki qaydada iddia qaldırmalı idi. Ancaq göründüyü kimi iddiaçı müqavilə və müqavilə tərəfi ilə bağlı hər-hansı hərəkət etmədən müqavilə üzrə icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyinə görə icra sənədinin icrasından yayınmaq məqsədini açıq aydın ortaya qoymuşdur. Yaranmış borc məbləğinin mahiyyəti ilə bağlı isə bildirilir ki, İddiaçı X7 və Bərpası Müəssisəsi ilə 1 ha sahə üçün 300,0 manat məbləğində olmaqla xx.xx.2012-ci il tarixli 196 nömrəli və 3 ha sahə üçün 75,0 manat məbləğində olmaqla xx.xx.2012-ci il tarixli 09 nömrəli müqavilələr bağlamış və həmin məlumatlar icarəçi tərəfindən dövlət torpaqlarının icarə haqlarının yığılmasına nəzarət edən vergi orqanına göndərilmişdir. Qeyd olunan müqavilələr əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə illər üzrə müvafiq hesablamalar aparılmış və İddiaçı tərəfindən sonuncu ödəniş 2015-ci il olmaqla icrə haqqı məbləğləri üzrə ödənişlər edilmiş, lakin sonrakı dövrdə ödənişlər edilmədiyi üçün vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********959600 nömrəli xəbərdarlıq məktubu göndərilmiş və həmin məktub xx.xx.2022-ci il tarixdə oxunmasına baxmayaraq, yaranmış borc məbləğinin ödənilməməsinə görə xx.xx.2022-ci il tarixli **********036000 nömrəli “Vergi borcunun turulması haqqında” Qərar qəbul edilərək icra edilməsi üçün Şəki İcra və Probasiya Şöbəsinə göndərilmişdir. (xx.xx.2022-ci il tarixli qərar bir gün sonra xx.xx.2022-ci il tarixdə oxunmuşdur) Göyündüyü ki iddia tələbi yuxarıda qeyd olunanlara əsasən əsassız olmaqla yanaşı, həm də vergi ödəyicisi tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, mübahisələndirilən qərar vergi ödəyicisinə elektron qaydada göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Yəni vergi ödəyicisi vergi orqanının xx.xx.2022-ci il tarixli **********036000 nömrəli “Vergi borcunun turulması haqqında” Qərar həmin qərarı almasından qanunvericiliklə müəyyən edilmiş 30 gün keçdikdən sonra sözügedən qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini, mümkün sayılacağı təqdirdə rədd olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “mübahisələndirmə haqqında” iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan xx.xx.2022-ci il tarixdə xəbərdar olmuş, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri poçt xidmətinə təqdim etməklə məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş: xx.xx.2012-ci il tarixli, 09 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X7 və X3 meşəbəyliyinin 32-ci kvartalının 8, 11-ci bölmələrindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan sahədən arıçılığın inkişafı məqsədilə 5 (beş) il müddətinə 3,0 hektar sahə İddiaçı ayrılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı illik 75 AZN müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixə meşə fondu torpaqlarının istirahət-rekreasiya məqsədilə istifadəyə verilməsi haqqında məlumatdan görünür ki, cədvəldə 5-ci sırada iddiaçının adı qeyd olunmuş, ona Kiş meşəbəyliyinin 32-ci kvartalının 7-ci bölməsindən xx.xx.2012-ci il tarixli, 196 nömrəli müqaviləyə əsasən 1,0 ha sahə 10 il müddətinə ayrılmışdır. İllik icarə haqqı 300 AZN göstərilmişdir. 2012-ci ilin iyul-sentyabr aylarında meşə fondu torpaqlarının istifadəyə verilməsi barədə müraciət etmiş fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələrin siyahısının təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən 1,0 ha sahə 10 il müddətinə ayrılmışdır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, iddiaçıya ********** nömrəli VÖEN xx.xx.2014-cü il tarixdə verilmiş, əsas fəaliyyət növü “sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması” qeyd olunmuş, vəziyyəti “dayandırılıb” kimi göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********959600 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 2124,15 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu olmuş, cavabdeh tərəfindən həmin borcun 10 gün müddətində ödənilməsi tələb edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, “Vergi borcunun tutulması haqqında” **********036000 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı tərəfindən 2724,15 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarının xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. “Vergi ödəyicisi ilə yazışmalar barədə məlumat”dan görünür ki, xx.xx.2022-ci il tarixli, **********036000 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. X8 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-14-27-08/2-046/2023 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2012-ci il tarixli, 08 nömrəli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X7 və X3 meşəbəyliyinin 32-ci kvartalının 7-ci bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan sahədən istirahət-rekreasiya məqsədilə 10 (on) il müddətinə 1,0 hektar sahə İddiaçı ayrılmışdır. X8 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-14-27-08/2-047/2023 nömrəli məktubunda qeyd olunur ki, X8 Mərkəzi ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli, 08 nömrəli müqavilə üzrə 10 (on) il müddətinə Kiş meşəbəyliyinin 32-ci kvartalının 7-ci bölməsindən istirahət-rekreasiya məqsədilə 1,0 hektar sahə ayrılmışdır. Müqavilə müddəti bitdikdən sonra vətəndaş həmin ərazidən istifadə etməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2012-ci il tarixli 08 nömrəli və xx.xx.2012-ci il tarixli, 09 nömrəli müqavilələrin əsli məhkəməyə təqdim olunmuşdur. Müqavilələrə əlavə olunmuş X8 Təsərrüfatı Mərkəzinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 336 nömrəli məktubunda qeyd olunur ki, Şəki şəhər sakini İddiaçı ilə xx.xx.2012-ci il tarixli 208 saylı qeydiyyat nömrəsi ilə beş il müddətinə arıçılığın inkişafı üçün icarə müqaviləsi bağlanmışdır. Həmin müddət ərzində icarəçi ərazidə heç bir iş görməmiş, istifadə etməmişdir. Ərazi meşə mühafizə işçiləri tərəfindən mühafizə edilmişdir. Müqaviləyə əlavə olunmuş Kiş kənd ərazi dairəsi üzrə nümayəndəliyin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmək üçün verdiyi xx.xx.2021-ci il tarixli 546 nömrəli arayışında qeyd olunur ki, X2 rayonu Kiş kəndi Kiş meşəçiliyi ərazisində yerləşən, icarəyə götürdüyü 4,0 ha şam meşəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-39/2-1297/2023 nömrəli məktubunda qeyd olunur ki, Ərazi İdarəsində İddiaçı adına icarə hüququ ilə torpaq sahəsi qeydiyyata alınmamışdır. X8 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-14-24-08/2-047/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixli 08 nömrəli və xx.xx.2012-ci il tarixli 208 nömrəli müqavilələrin qeydiyyat nömrəsi ilə ayrılmış torpaq sahələrindən bu günə qədər heç bir istifadə etməmişdir. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsibə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 6-cı maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ... bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; ... 31-ci maddəsinə görə, meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər... Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər... 46.1-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: ... meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ... 46.2-ci maddəsinə görə, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər; 50-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur; 51-ci maddəsinə görə, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur; 67-ci maddəsinə əsasən:

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası xx.xx.1998-ci il tarixli 587-İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Qanunun: 11-ci maddəsinə görə, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır; 12-ci maddəsinə əsasən, Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır; 14-cü maddəsinə görə, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə görə dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə daxildir. Həmçinin Əsasnamənin 4.0.27-ci yarımbəndinə görə dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Məhkəmə istinad edilən normaların tələbinə əsasən hesab edir ki, iddiaçı ilə X7 və Bərpası Müəssisəsi arasında AR ETSN Meşələrin İnkişafı Departamenti tərəfindən təsdiq edilmiş arasında müvafiq müqavilələr bağlansa da faktiki olaraq iddiaçının torpaq sahəsi üzərində istifadə hüququ Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin bu halı AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin məhkəmənin soruğusuna xx.xx.2023-cü il tarixli cavab məktubu ilə də öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan X8 Təsərrüfatı Mərkəzinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 336 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şəki şəhər sakini İddiaçı ilə xx.xx.2012-ci il tarixli 208 saylı qeydiyyat nömrəsi ilə beş il müddətinə arıçılığın inkişafı üçün icarə müqaviləsi bağlanmışdır. Həmin müddət ərzində icarəçi ərazidə heç bir iş görməmiş, istifadə etməmişdir. Ərazi meşə mühafizə işçiləri tərəfindən mühafizə edilmişdir. Müqaviləyə əlavə olunmuş Kiş kənd ərazi dairəsi üzrə nümayəndəliyin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim etmək üçün verdiyi xx.xx.2021-ci il tarixli 546 nömrəli arayışında qeyd olunur ki, X2 rayonu Kiş kəndi Kiş meşəçiliyi ərazisində yerləşən, icarəyə götürdüyü 4,0 ha şam meşəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. X8 Təsərrüfatı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-14-24- 08/2-047/2023 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixli 08 nömrəli və xx.xx.2012-ci il tarixli 208 nömrəli müqavilələrin qeydiyyat nömrəsi ilə ayrılmış torpaq sahələrindən bu günə qədər heç bir istifadə etməmişdir. Bununla yanaşı iddiaçı tərəfindən icarə haqqının bir qisminin ödənilməsindən ibarət cavabdehin mövqeyi vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, onlar arasında faktiki olaraq icarə hüquq münasibətləri yaranmamış, torpaq üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərlə yanaşı cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya aid şəxsi hesab vərəqəsindən çıxarışa əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinə dair müqavilə bağlandığı dövrdə iddiaçının adına ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN mövcud olmamış, iddiaçının adına VÖEN xx.xx.2014-cü ildə açılmaqla fəaliyyət növü olaraq sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması” qeyd olunmuşdur. Tərəflər arasında icarə hüquq münasibətləri yaranmadığından cavabdeh tərəfindən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi məqsədilə mübahisəli qərarın qəbul edilməsi və vergi borcunun tutulması haqqında qərarın icraya yönəldilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-34/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qanunsuz inzibati akt ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş **********036000 nömrəli xx.xx.2022-ci il tarixli “Vergi borcunun tutulması haqqında” Qərarı ləğv edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar