Məhkəmə qərarları › İş №2-1(116)-285/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-285/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-285/2024 18.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı2, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 Sayad qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “torpaq sahəsinin sərhəd koordinatlarının naturada yerində tanıdılması və həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1 Sayad qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı və JN-135G saylı, KOD 40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə adlarına rəsmiləşdirilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada yerində tanıdılması, üçüncü şəxs X4 mülkiyyətlərindəki torpaqdan 0,03 ha torpaq sahəsinin verilməsinə dair xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli, seriya RX ******* nömrəli çıxarışın və xx.xx.2016-cı il tarixdə həmin şəxsin adına tərtib edilmiş 061161 nömrəli torpaq sahəsinin plan-ölçüsü ləğv edilməsi, JN-135G saylı, KOD40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə adlarına rəsmiləşdirilmiş 0,20 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2192/2023 nömrəli qərardadı ilə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi PHŞ və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-285/2024 nömrəli qərardadı ilə iddia tələbinin “üçüncü şəxs X4 adına verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli, seriya RX ******* nömrəli çıxarışın və xx.xx.2016-cı il tarixdə həmin şəxsin adına tərtib edilmiş 061161 nömrəli torpaq sahəsinin plan-ölçüsü ləğv edilməsi və həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Qəbələ rayonu Hacıalılı kəndində Aqrar İslahatları aparılan zaman digər ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyətinə həmin kəndin ərazisindən JN-135G saylı şəhadətnamə əsasında 0,20 hektar həyətyanı torpaq sahəsi verilmişdir.Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Qəbələ rayon Aqrar İslahat komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı qərarı ilə təqdim olunmuş mülkiyyət sənədləri ilə rəsmiləşdirilmişdir. Buna baxmayaraq, həmin torpaq sahəsinin sərhəd koordinatları onlara tanıdılmadığı üçün torpaq sahəsindən istifadə edə bilməmişlər. Yaxın vaxtlarda, islahat zamanı verilən mülkiyyət sənədində ailə başçısı olaraq adı qeyd olunan mərhum Urfan Verdiyevin vərəsələrinə vərəsəlik şəhadətnaməsi alan zaman torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına zərurət yaranmışdır. Bu məqsədlə cavabdeh orqana xx.xx.2022-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişlər. Müraciətlərindən sonra cavabdeh orqanın onlara tövsiyəsi ilə həmin torpaq sahəsinin sərhəd koordinatlarının müəyyən olunması məqsədi ilə aidiyyəti üzrə dövlət rüsumu ödəmişlər. Bundan sonra cavabdehin səlahiyyətli şəxsləri onlarla birlikdə mülkiyyət sənədi əsasında xüsusi mülkiyyətlərinə verilmiş torpaq sahəsində ölçü işləri (koordinatların müəyyən olunması istiqamətində) aparmışdır. Lakin müəyyən səbəblərdən torpaq sahəsinin koordinatlarını dəqiqləşdirib onlara tanıda bilməmişlər. Buna görə də mübahisənin hüquq müstəvisində həllinə nail olmaqdan ötrü məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalmışlar. Həmin torpaq sahəsinə dair əllərində mülkiyyət sənədi olduğu halda cavabdeh tərəfindən üçüncü şəxs X3 mülkiyyətinə mülkiyyətindəki torpaq sahəsindən 0.03 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair ona çıxarış, eləcə də torpaq sahəsinin plan və ölçüsü təqdim edilmişdir. Belə ki, Seriya RX, ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda həmin torpaq sahəsi xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli çıxarışla üçüncü şəxs X3 mülkiyyətinə verilmişdir. xx.xx.2016-cı il tarixdə həmin şəxsin adına 061161 nömrəli ‘ Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Bu hərəkətləri ilə də cavabdeh qanunsuz və hüquqa zidd hərəkət edərək torpaq mülkiyyəti üzərində qanunla qorunan hüquqlarını əsassız olaraq pozmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı X1 rayonu Hacıalılı kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin sərhəd kordinatlarını naturada tanıdılması, 0.03 ha torpaq sahəsinə X3 adına verilmiş xx.xx.2016-cı il tarixdə **********40 qeydiyyat nömrəli Çıxarış və xx.xx.202016-cı il tarixli plan və ölçü sənədinin ləğv edilməsi və JN-135G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,20 hektar həyətyanı torpaq sahəsini üzərində ailə üzüvləri ilə birlikdə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri" X10 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Bildirilmişdir ki, X3 adına xx.xx.2016-cı il tarixdə **********40 qeydiyyat nömrəli Çıxarış hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Qeyd olunan səbəblərə görə X3 adına verilmiş **********40 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışın və xx.xx.202016-cı il tarixli plan-ölçü sənədinin ləğv edilməsi “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Həmçinin o da qeyd edilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, torpaq sahəsi üzərində mübahisə olduğu məlum olmuşdur. İddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 0,20 hektar həyətyanı torpaq sahəsində Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron DWJ baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdu ki, torpaq sahəsi sənəd üzrə sahəyə uyğun deyil, faktiki torpaq sahəsi elektron baza xəritəsində başqa mülkiyyət sənədi ilə üst-üstə düşür. Həmin torpaq sahəsinin bir hissəsi (141 kv.metr) Ağdaş-Qəbələ avtomabil yolunun qorunma zolağına, digər bir hissəsi isə (252 kv.metr) əvvəllər qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsi 0,0609 ha olmaqla 0,1391 ha azlıq təşkil edir. Qeyd edilmişdir ki, JN-135G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,20 hektar həyətyanı torpaq sahəsini naturada ayrılmaqla real bölgünün aparılması ilə bağlı ərizə araşdırılmışdır. Qeyd olunan səbəblərdən də müraciətin icrası mümkün olmamışdır. Üçüncü şəxslər iddia tələbinə yazılı münasibət bildirməmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, AZ-İİ 157256 nömrəli ölüm haqqında şəhadətnamə, JN-135G nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, Qəbələ Regional ASAN Xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 225 saylı məktubu, Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Hacıallı kənd ƏİD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitablarından 84, 110 və 108 nömrəli şəxsi hesab vərəqələri, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş Qəbələ rayonu Əli Bayramov adına kolxozun X14 Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı iclas protokolundan çıxarış və Qəbələ rayonu Hacıalılı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X6 və onun ailə üzvlərinin adları qeyd edilmiş çıxarışlar, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli) hüquqların dövlət qeydiyyatı haqqında DƏDRdən çıxarış, xx.xx.2016-cı il tarixli **********40 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 09 nömrəli qərarı, JN-135 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli (**********02 reyestr nömrəli) çıxarış, JN-135H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli (**********794-10301 reyestr nömrəli) çıxarış, JN-135F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli (**********95 reyestr nömrəli) çıxarış, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli (**********12 reyestr nömrəli) çıxarış, JN-135İ nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə, JN-135A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ...

2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə və Xəritəçəkmə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. ... 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı JN-135G saylı, KOD 40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0,20 ha həyətyanı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı hesab edir ki, üçüncü şəxs X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli, çıxarışdakı 0,03 ha torpaq sahəsi JN-135G saylı Şəhadətnamədə qeyd edilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin bir hissəsidir. İddia ərizəsi “xx.xx.2016-cı il qeydiyyat tarixli, **********40 reyestr nömrəli, seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi və həmin çıxarışda qeyd edilmiş 0.03 ha torpaq sahəsinə iddiaçıların adına çıxarışın və plan-ölçü sənədinin verilməsi” hissəsində qeyrimümkün sayıldığından, məhkəmə tərəfindən qalan 0,17 ha torpaq sahəsində münasibətdə tələbin əsaslılığı yoxlanılmışdır. İş materiallarında olan mütəxəssis rəylərində və cavabdehin etirazında qeyd edilmişdir ki, torpaq sahəsi sənəd üzrə sahəyə uyğun deyil, faktiki torpaq sahəsi elektron baza xəritəsində başqa mülkiyyət sənədi ilə üst-üstə düşür. Torpaq sahəsi 0,0609 ha olmaqla 0,1391 ha azlıq təşkil edir. İddiaçı, JN-135G seriyalı “Torpağın mülkiyyətə verilməsi haqqında Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin hər hansı hissəsindən istifadə etmir. JN-135G nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,20 ha torpaq sahəsinin 0,1391 ha azalmasının səbəbi 0,0609 ha hissəsi başqa vətəndaşın istifadəsində, 0,0252 hektar (252 kv.m) hissəsinin **********40 nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 0,0141 ha yol yerində, 216 kv. metr hissəsi məktəbin ərazisində yerləşməsidir. 0,1391 hektar torpaq sahəsi istifadə olunmur. JN-135G nömrəli Şəhadətnamənin cizgisində qeyd edilmiş 0,20 ha torpaq sahəsinin yeni elektron baza məlumatlarında (TEKUİS) yerləşmə vəziyyəti qeyd edilməmişdir. X2 Uçotu informasiya Sistemi torpaq sahələrinin faktiki istifadə vəziyyətinə uyğun tərtib edilmişdir. JN-135G nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,20 ha torpaq sahəsinin hüdudlarını təyin etmək mümkün olmadığına görə qonşluqlarını qeyd etmək mümkün deyil. İddiada qeyd edilmiş 0,1391 ha torpaq sahəsi faktiki istifadə olunmadığına görə sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. Göründüyü kimi iddia olunan torpaq sahəsinin 0,1391 ha hissəsi ümumiyyətlə naturada mövcud deyil. Qalan 0.0309 ha hissəsi isə yol yeri və məktəb ərazisində yerləşməklə həmin torpaq sahələrinin iddiaçıya aidiyyəti müəyyən edilmir. JN-135G nömrəli Şəhadətnamədə qeyd edilmiş 0,20 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin elektron baza məlumatları əsasında müəyyən edilməsi mümkün deyil. Şəhadətnamənin cizgisi əsasında da, qonşu torpaq sahələrinin yerləşmə vəziyyəti və ətrafdakı oriyentrlərə nəzərən torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkün deyil. Məhkəmə iddia olunan torpaq sahəsinə münasibətdə xüsusilə qeyd edir ki, iddiaçılar məhz həmin torpaq sahəsinin JN-135G nömrəli Şəhadətnamə ilə mülkiyyətlərinə verilməsini tələb etsələr də, cavabdeh orqana hazırkı icraat çərçivəsində irəli sürülən tələblərdən biri JN-135G saylı, KOD 40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə” ilə adlarına rəsmiləşdirilmiş 0,20 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada yerində tanıdılmasıdır. Başqa sözlə iddiaçılar özləri də, torpaq sahəsinin yerini tanımırlar. İddia olunan torpaq sahəsi qapalı həyət daxilində deyil və Şəhadətnamədə göstərilən torpaq sahəsinin məhz həmin torpaq sahəsi olmasına dair iddiaçıların dəlili əvvəllər həmin ərazinin istifadələrində olması ilə bağlı mülahizələrə əsaslanır. Məhkəmə, torpaq islahatı aparılan zaman iddiaçıların ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahələrinə dair tərtib edilmiş bütün hüquqmüəyyənedici sənədlərin arxiv nüsxələrini cavabdeh orqandan götürərək ilkin islahat sənədləri ilə müqayisəli tədqiq etmişdir. Müəyyən edilmişdir ki, iddiaçıların ümumibirgə mülkiyyətinə verilməsi nəzərdə tutulmuş həyətyanı torpaq sahəsinin ümumi ölçüsü 0.68 hektar olmuş və müvafiq olaraq JN-135 A, F, İ və H nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrlə rəsmiləşdirilmişdir. Belə ki, JN-135A nömrəli Şəhadətnaməyə əsasən 0,15 ha, JN-135İ nömrəli Şəhadətnaməyə əsasən 0,14 ha, JN-135F nömrəli Şəhadətnaməyə əsasən 0,28 ha, JN- 135H nömrəli Şəhadətnaməyə əsasən 0,11 ha torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Sadalanan sənədlərdə qeyd edilmiş torpaq sahələrinin cəmi 0,68 hektara bərabərdir. Yəni, faktiki olaraq iddiaçılara torpaq islahatı zamanı verilməsi nəzərdə tutulan ölçüdə torpaq sahələri verilməklə müvafiq Şəhadətnamələr tərtib edilmişdir. Hazırkı iş üzrə əlavə olaraq JN-135A nömrəli Şəhadətnamə tərtib edilməsinə baxmayaraq, həmin torpaq sahəsinin hansı əraziyə aid olması aydın deyil. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə hüquqmüəyyənedici sənəd qismində təqdim edilmiş JN-135A nömrəli Şəhadətnamənin məzmunu qeyri-müəyyən olmaqla, iddia olunan torpaq sahəsinə aidiyyətinin müəyyən edilməsinə imkan vermir. İddiaçılar tərəfindən sözügedən torpaq sahəsinin torpaq islahatı aparılanadək qanuni istifadələrinə verilməsinə dair hər hansı mötəbər sübut məhkəmə tədqiqatına təqdim edilməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin bir hissəsi naturada mövcud olmadığından, digər hissəsinin isə JN-135A nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin tərkib hissəsi olması müəyyən edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçılar İddiaçı1 Sayad qızı, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-135G saylı, KOD 40604018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,17 ha həyətyanı torpaq sahəsinin sərhəd koordinatlarının naturada yerində tanıdılması və həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar