Məhkəmə qərarları › İş №2-1(116)-286/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-286/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-286/2022 25.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Zərdab rayonu Çallı Bələdiyyəsinə qarşı “Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarının ləğv edilməsi, həmin qərarla verilmiş torpaq sahəsinin öz təyinatı üzrə (örüş) Zərdab rayonu Çallı Bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq: müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sadiq oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh Zərdab rayonu Çallı Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarının ləğv edilməsi, həmin qərarla verilmiş torpaq sahəsinin öz təyinatı üzrə (örüş) Zərdab rayonu Çallı Bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-286/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Zərdab rayonu Çallı Bələdiyyəsinin 21 fevral 2014-cü il tarixli, 03 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0013, KOD 90511018 olan Dövlət Aktına əsasın X3 mülkiyyətinə verilmiş 3.91 ha torpaq sahəsi əkinə yararsız olduğu üçün həmin torpaq sahəsinin bələdiyyənin torpaq fonduna aid 3.91 ha torpaq sahəsi ilə əvəz edilmiş və onun əvəz edilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə icazə verilməsi qərara alınmışdır. Hesab edir ki, qərar əsassız şəkildə çıxarılmışdır və ləğv edilməlidir. Belə ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0013, KOD 90511018 olan Dövlət Aktına əsasın X3 mülkiyyətinə verilmiş 3.91 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Torpağa Mülkiyyət Hüququna Dair JN-0013. KOD 90511018 olan Dövlət X2 Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 qərarı ilə verilmişdir. Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 19 saylı məktubundan görünür ki, X3 istifadə etdiyi torpaq sahəsi Çallı Bələdiyyəsinin xəritəsində örüş kateqoriyası kimi göstərilmişdir. X4 Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli. 06 qərarı ilə verilmiş 3.91 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmayıb, hazırda Nərimanın istifadəsindədir. Həmin torpaq sahəsinin bir hissəsini “satıb”, bir hissəsini isə özü istifadə edir. Hazırkı işə əlavə etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarından görünür ki, X5 həmin torpaq sahəsini təyinatına uyğun istifadə etmir, həmin torpaq sahəsində əkinçiliklə məşğuldur və hətta həmin əkin sahəsinə ziyan vurulması ilə bağlı örüş yeri tapmayan kənd sakinlərinin bir çoxunu cərimə etdirmişdir. Göründüyü kimi həmin qərarın ləğv edilməsi üçün bir çox hüquqi əsaslar mövcuddur. Bundan başqa həmin torpaq sahəsinə Zərdab rayonu Çallı kənd əhalisinin örüş yeri azlığına görə ictimai ehtiyacı vardır. Cavabdehin xx.xx.2021-ci il tarixli iddia tələbinə etiraznda qeyd etmişdir ki, Çallı bələdiyyəsinin 28 fevral 2014-cü il tarixli 03 saylı, Çallı kənd sakini X3 3.91 ha pay torpağının dəyişdirilməsi ilə bağlı qərarı Çallı bələdiyyəsinin 2014-cü il İclas protokolları kitabında qeyd olunmamışdır. Bundan əlavə həmin torpaq sahəsi Çallı bələdiyyəsinin xəritəsində örüş sahəsi kimi qeyd olunmuşdur. X1 S.Vurğun adına kolxozun aqrar islahat komisiyası tərəfindən verilmiş 3.91 ha pay torpağının Çallı bələdiyyəsinə təhvil verilməsi barədə Çallı bələdiyyəsində heç bir sənəd yoxdur. Üçüncü şəxs məhkəmə iclasında izahat verərək iddia ərizəsinin mümkün sayılmamasını xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar və cavabdehin nüamayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İşdə olan, Torpağa Mülkiyyət Hüququna Dair JN-0013 KOD 90511018 olan Dövlət Aktına əsasən, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Çallı kəndi ərazisində 3.91 ha pay torpaq sahəsi verilmişdir. İşdə olan, Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 03 saylı qərarı ilə həmin pay torpağı əkinə yararsız olduğu üçün bələdiyyənin torpaq fondundan 3.91 ha sahə ilə əvəz edilmiş və əvəz edilmiş pay torpağından təyinatı üzrə istifadə edilməsinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3204/2021 nömrəli qərarından görünür ki, birinci instansiya və apellyasiya instansiya məhkəməsində mülki işin araşdırılması zamanı Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 03 saylı qərarı və onun məzmunundan bəhs edilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında mülki işə baxılarkən hazırkı iş üzrə iddiaçılar məhkəmə iclasında iştirak etmiş, sözügedən qərarda Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 03 saylı qərarı və onun məzmunu qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi inzibati orqanın xx.xx.2014-cü il tarixli, 03 saylı qərarının ləğv barədədir. Yəni, iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2014-cü il tarixində qəbul edilmişdir. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İddiaçılar müvafiq qərarın məzmunundan həmin mülki iş üzrə Zərdab rayon Məhkəməsində mübahisəyə baxılarkən (xx.xx.2020-ci il tarixdə) artıq məlumatlı idilər. Daha sonra mübahisəyə apellyasiya və kassasiya instansiyalarında baxılmış və sonuncu iclasda hazırkı iş üzrə bütün iddiaçılar məhkəmə iclasında iştirak etdiyindən, onların sözügedən qərarın məzmunundan məlumatlı olmaları işin mübahisəsiz halıdır. Belə ki, istinad olunan məhkəmə aktlarında Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 03 saylı qərarının məzmunu dəfələrlə vurğulanmışdır. Bununla belə iddiaçılar həmin qərarı qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddəti ərzində mübahisələndirməmiş, bununla da İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Bundan başqa iddia ərizəsinin “xahiş edirəm” hissəsində formal xətaya yol verilmiş, mübahisələndirilən qərarın tarixi xx.xx.2004-cü il qeyd edilmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçıların hüquqi marağı Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 03 saylı qərarının ləğvinə nail olmaqdır. Məhkəmə tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi barədə məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi və formal xətanın aradan qaldırılması üçün xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu göndərilmiş və iddiaçıların dinlənilmə hüququ təmin edilmişdir. Buna baxmayaraq, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, yol verilmiş formal xəta aradan qaldırılmamışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. İddia tələbinin “həmin qərarla verilmiş torpaq sahəsinin öz təyinatı üzrə (örüş) Zərdab rayonu Çallı Bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. İlkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də mümkünsüzlüyünə səbəb olur. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sadiq oğlu, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdeh Zərdab rayonu Çallı Bələdiyyəsinə qarşı “Zərdab rayonu Çallı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 03 saylı qərarının ləğv edilməsi, həmin qərarla verilmiş torpaq sahəsinin öz təyinatı üzrə (örüş) Zərdab rayonu Çallı Bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar