Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-286/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı1 iştitakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qəbələ rayon Qəbələ Bələdiyyəsinə qarşı “iddiaçıların istifadəsində olan 0,18 ha Qəbələ şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsinin hərracdan kənar iddiaçılara satılması barədə qərarın verilməsin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıların istifadəsində olan 0,18 ha Qəbələ şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsinin hərracdan kənar iddiaçılara satılması barədə qərarın verilməsin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 ünvanda iddiaçılara məxsus fərdi yaşayış evində yaşayırlar. Evin yerləşdiyi ərazidə həyətyanı torpaq sahəsinə bitişik Qəbələ şəhər Bələdiyyəsinə məxsus 0.18 ha torpaq sahəsi var və uzun müddətdir ki, sözügedən bələdiyyə torpağı iddiaçılar tərəfindən istifadə edilir. 0.18 ha Bələdiyyə torpağı iddiaçılar tərəfindən 1986-ci ilədək taxta hasarla çevrəyə alınmış, 1986-ci ildən etibarən isə dəmir hasarla hasarlanmışdır. İstifadələrində olan 0.18 ha bələdiyyə torpaq sahəsində əvvəlki illər köhnə tikililər olub, sonradan isə həmin tikililər sökülüb yerinə isə tövlə tikilib, torpağın bir hissəsi isə əkin üçün istifadə edilir və sözügedən əraziyə iddiaçılar tərəfindən meyvə ağacları əkilib. İstifadədə olan bələdiyyə torpağında köhnə tikililərin olması barədə Evlər İdarəsi üzrə Texniki İnventarizasiyanın ev sahibi Kartoçkasında qeyd olunub. 2001-ci il tarixdən bu günədək sözügedən torpaqdan istifadəyə görə hər il torpaq vergisi iddiaçılar tərəfindən ödənilir və ödəniş qəbzləri var. İstifadədə olan Bələdiyyə torpağından iddiaçılar tərəfindən istifadə edilməsi və bizim mülkiyyətə daxil edilməsinə görə heç kimin gediş gəlişinə maneə yoxdur və həmin torpaq uzun müddət iddiaçılar tərəfindən istifadə edildiyinə görə hərracdan kənar bizə satıla bilər. İstifadədə olan torpaq sahəsinin hərracdan kənar satışının təşkil edilməsi ilə bağlı iddiaçılar Qəbələ Şəhər Bələdiyyəsinə yazılı ərizə ilə müraciət etmiş,cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, həmin 0,18 ha torpaq sahəsi üzərində qardaşlar arasında mübahisə olduğu üçün bələdiyyə tərəfindən sənədləşdirilmə işləri aparıla bilmir. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə işin araşdırılması zamanı məzmunu aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehə ilkin müraciətə dair iddiaçıların 15 mart 2023-cü il tarixli ərizəsi.
2. Şəki Regional Ədliyyə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu.
3. JN-564F KOD 40601004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı 0.06 ha torpaq sahəsi İddiaçı1 oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
4. İddiaçının təqdim etdiyi 2015-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı QəbəLə Bələdiyyəsinin hesabına 34.40 manat ödəniş etmişdir.
5. Qəbələ RİH Başçısının xx.xx.1992-ci il tarixli 289 nömrəli məktubu.
6. Qəbələ şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyasından çıxarışdan görünür ki, İddiaçı1 və ailə üzvlərinin adı qeyd olunmuşdur və adlarına 0.06 ha torpaq sahəsi verilmişdir.
7. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli 126 nömrəli arayışında qeyd edilmişdir ki, Qutqaşen qəsəbə sovetinin 1960-1962-ci illərə aid 07 nömrəli təsərrüfatbaşına kitabının 75-ci səhifəsindəki 688 nömrəli şəxsi hesabda ailə başçısı yazılmış X1 təsərrüfatında tikililər bölməsində 1956-ci ildə tikilmiş ev yazılmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6755/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edir.Lakin, iddia mahiyyət etibarı ilə əsassızdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı iddiaçıların istifadəsində olan 0,18 ha Qəbələ şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsinin hərracdan kənar iddiaçılara satılması barədə qərar qəbul edilməsinə nail olmaqdır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2245/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) İddia olunan torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, iddiada qeyd edilmiş, faktiki naturada ölçülmüş torpaq sahəsi iddiaçının istifadəsindədir. Faktiki naturada ölçülmüş 0,2384 hektar torpaq sahəsinin cənub tərəfdə yerləşən 0,124 hektar və şimal tərəfdə yerləşən 0,0525 hektar hissələri Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Faktiki naturada ölçülmüş 0,2384 hektar torpaq sahəsinin 0,0521 hektar hissəsi ərazidən keçən yüksək gərginlikili (UnKv 10) hava elektrik xəttinin mühafizə zolağına düşür. Faktiki naturada ölçülən torpaq sahəsinin daxilində iki fərdi yaşayış evi və təsərrüfat tikililəri mövcuddur. İşin hallarından görünür ki, cavabdehin imtina əsası iddiaçı ilə digər şəxs arasında mübahisənin olması ilə bağlıdır,yəni iddia olunan torpaq sahəsi iddiaçının tam istifadəsində deyildir,həm torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur.Mütəxəssis rəyinə əsasən də müəyyən edilir ki,həmin torpaq sahəsində iki tikili mövcuddur,iddia olunan torpaq sahəsi vahid formada 0,18 ha deyil,fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə bitişik olmaqla iki hissədən ibarətdir.Həmin torpaq sahələri üzərində hər hansı tikili mövcud deyildir.Göründüyü kimi torpaq sahəsi qanuni istifadədə olan torpaq sahəsinə bitişik olmaqla sonradan zəbt edilmiş torpaq sahəsidir.Yəni yuxarıda qeyd olunmuş normaların təsir dairəsinə daxil deyildir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, yuxarıda müəyyən edilmiş halları ilə iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qəbələ Bələdiyyəsinə qarşı “iddiaçıların istifadəsində olan 0,18 ha Qəbələ şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsinin hərracdan kənar iddiaçılara satılması barədə qərarın verilməsin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə