Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-286/2025 05.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-113F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.57 ha həyətyanı torpaq sahəsinin cizgisinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla, sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-286/2025 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, “Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11 saylı qərarı əsasında JN-113 F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. JN-113 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə mülkiyyətinə verilmiş hal-hazırda istifadədə olan 0,57 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 24 yanvar 2024-cü il tarixli 3- 21-3- 42/2-KOL-001-82024 saylı məktubla iddiaçının müraciətinə əsassız olaraq imtina vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, 0,57 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-113F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə cavabdehin elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, güya faktiki istifadəmizdə olan torpaq sahəsinin məkan göstəriciləri ilə sənəd üzrə torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, faktiki istifadədə olan həyətyanı torpaq sahəsi ilə sənəd üzrə göstərilən torpaq sahəsi arasında 2900 metr fərq var. İddiaçı qeyd edir ki, JN-113F sayh Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən 0,57 ha torpaq sahəsi torpaq islahatından əvvəl də iddiaçının istifadəsində olmuşdur və hal-hazırdada iddiaçı və ailə üzvlərinin mülkiyyətində və faktiki istifadəsindədir. İddiaçının bağının sənədinin işləndiyi iddia edilən 2900 metr fərqli ərazi isə başqa adamın həyətidir, həmin ərazi tanımadığı şəxs tərəfindən dəmir barmaqılqlarla hasarlanıb. İddiaçı həmin yerdən heç vaxt istifadə etməmiş və həmin yerə heç bir iddia yoxdur. Elektron baza məlumatlarında JN-113F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə öz əksini tapmışdır, lakin elektron baza məlumatlarında həmin torpaq sahəsinə dair yaranmış uyğunsuzluqları düzəltmək isə ləğv edilmiş DT və XK-si səlahiyyətlərinə aiddir. DT və XK-sinin hüquqi varisi də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və onun tabe qurumlarıdır. Qeyd olunan şəhadətnamənin elektron baza məlumatlarındakı uyqunsuzlukları düzəltmək səlahiyyətləri isə həmin quruma aiddir.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, “ərazi idarəsinin əməkdaşları tərəfindən təqdım olunmuş sənədlərin ekspertizası zamanı əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlar ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə, faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Belə ki, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında 2900 metr məsafə fərqi mövcuddur. Bu səbəbdən də iddiaçı tərəfindən faktiki torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan ölçü sənədlərinin verilməsi mümkün deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, iddiaçının tələbinin icrasından imtina olunmuşdur. • xx.xx.2023-cü il tarixli Aktın surəti. • 26.08.2006-cı il tarixli alqı-satqı müqaviləsinin surəti. • Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surəti. • JN-113F kod ********** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin sürətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,57 ha torpaq sahəsi İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. • JN-286A kod 40600038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin sürətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,89 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. • RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,10 ha torpaq sahəsi X2 mülkiyyətindədir. • 1925004902 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0366 ha torpaq sahəsi X4 mülkiyyətindədir. • 0923001516 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsi X5 mülkiyyətindədir. • 1925009381 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,0403 ha torpaq sahəsi X10 mülkiyyətindədir. • JN-283F kod 40600038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin sürətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi X8 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. • JN-098A kod 40800038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin sürətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə 0,60 ha torpaq sahəsi X12 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Tətbiq edilən hüquq «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Aqrar islahatın məqsədi və vəzifələri İslahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. İslahatın vəzifələri torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşdırılmasından, bazar iqtisadiyyatına uyğun istehsal və infrastruktur sahələrində müxtəlifnövlü təsərrüfatların yaradılması və inkişafı ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Maddə 5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri közlənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Əsaslandırma hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıda qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə iddianı əsaslı hesab edir. Hazırkı iddia ərizəsinin ifadə tərzindən asılı olmayaraq iddiaçıların hüquqi marağı JN-113F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin cizgisinin faktiki istifadədə olan 0,456 ha torpaq sahəsinə uyğunlaşdırmaqla sözügedən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan ölçü sənədinin hazırlanıb verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh imtinasını torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə, faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqların (faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında 2900 metr məsafə fərqi mövcuddur) olması ilə əsaslandırmışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçılara X22 Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Qəbələ rayonu, Bum kəndinin ərazisində 0,57 ha torpaq sahəsinin ayırılması işin mübahisəsiz halıdır. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-3679/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, “işin araşdırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi tərəfindən 11 Mart 2024-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, iddiaçılar İddiaçı1 X6, İddiaçı3, İddiaçı4 və İddiaçı5 istifadəsində olan faktiki naturada ölçülmüş 0,59 ha torpaq sahəsinin 0,07 ha hissəsi **********95 nömrəli çıxarışa əsasən X5 xüsusi mülkiyyətinə, 0,0640 ha hissəsi **********97 nömrəli çıxarışa əsasən X6, X13, İddiaçı4, İddiaçı5, İddiaçı1 ümumi birgə xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. İddiaçılar İddiaçı1, X6, X13, İddiaçı4 və İddiaçı5 istifadəsində olan faktiki naturada ölçülmüş 0,59 ha torpaq sahəsinin 0,1073 ha hissəsi Qəbələ rayonu Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən JN-113C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən Şəhadətnamənin nüsxəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud deyil. Həmin Şəhadətnamənin nüsxəsi 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində mövcud olmadığına baxmayaraq, Bum qəsəbəsinin subyektlər siyahısında 113 nömrə ilə X6, X13, İddiaçı4, İddiaçı5, İddiaçı1 adı qeyd edilmişdir. İddiaçılar İddiaçı1, X6, X13, İddiaçı4 və İddiaçı5 istifadəsində olan faktiki naturada ölçülmüş 0,59 ha torpaq sahəsi X7 X9 (TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü Bələdiyyə mülkiyyəti göstərilmişdir. İddiaçılar İddiaçı1, X6, X13, İddiaçı4 və İddiaçı5 istifadəsində olan faktiki naturada ölçülmüş 0,59 ha torpaq sahəsinin 0,2526 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Bum Bələdiyyəsinin mülkiyyəti, 0,0961 ha hissəsi isə kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla mülkiyyətçilər üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol yerinə düşür. Torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsindədir. Faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. JN-113F saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş 0,57 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. 2900 m məsafədə yerləşdiyi bildirlən JN-113F saylı Şəhadətnamənin sənəd üzrə yerləşmə vəziyyətinin qonşu torpaq sahələrinə dair Şəhadətnamələrinin arxiv nüsxələri sizə təqdim edilir. Göründüyü kimi iddiaçıların iddia etdikləri faktiki istifadədə olan torpaq sahəsinin ümumi ölçüsü 0,59 ha təşkil edir. Həmin torpaq sahəsinin elektron məlumat bazasına əsasən (DVG üzrə) 0,07 ha hissəsi **********95 nömrəli çıxarışa əsasən X5 xüsusi mülkiyyətinə verilmiş sahəyə, 0,1073 ha hissəsi JN-113C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, (TEKUİS üzrə ) 0,2526 ha hissəsi kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla uqodiyası çoxillik əkmələr olan Bum Bələdiyyəsinin mülkiyyəti, 0,0961 ha hissəsi isə kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla mülkiyyətçilər üçün nəzərdə tutulmuş ümumi istifadədə olan yol yerinə düşdüyü qeyd olunmuşdur. JN-113F saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş 0,57 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi reallıqda 2900 m məsafədə yerləşir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı mübahisəyə münasibətdə daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd qismində həmin dövürdə buna səlahiyyəti olan X22 Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarı və onun əsasında tərtib edilmiş JN-113F saylı “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə çıxış edir. İddiaçıların mübahislə torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyəedici sənədlərinin mövcudluğu mübahisəsizdir. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin yerləşmə yerinin yerquruşu planında səhf əks olunması mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması da zəruri şərtdir. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda, həmçinin əmlakı özgəninkiləşdirən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir.”. Azərbaycan Respublikası Prezidentinin “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 8 iyul 2014-cü il tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. X7 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X7 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X7 X9 ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;. Göründüyü kimi X7 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, mövcud xəritələrdə (DVJ və TEKUİS) torpaq sahəsinin təyinatının fərqli göstərilməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bu əsasla o mülkiyyət hüquqlarının qeydə alınmasından məhrum edilə bilməz. Bununla yanaşı aqrar islahat həyata keçirilən zaman qüvvədə olmuş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Hazırda iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi aqrar islahat aparılan zaman ailənin istifadəsində olmuşdur və texniki səhv olaraq başqa sahəyə sənədlər işlənilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatlarının ona təqdim edilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-113F (kod ********) nömrəli şəhadətnaməyə işlənməsi hazırki halda üçüncü şəxslərin hüquqlarına toxunmur və həmin sahə bələdiyyənin mülkiyyət hüququ yaranmamışdan əvvəldə iddiaçıların istifadəsində olmuşdur. Göründüyü kimi iddiaçıların birgə təsərrüfatına aid olan torpaq sahəsinin koordinatları müvafiq inzibati orqanın məsul şəxslərinin texniki səhvi səbəbindən düzgün işlənilməmiş, nəticədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-113F nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi elektron bazada 2900 m aralı məsafədə göstərilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsindən irəli gəldiyi halda cavabdeh bunu nəzərə almadan, zəruri inzibati icraatı aparmadan imtina etmişdir. Təsadüfi deyil ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.....Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN-113F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırmaqla (elektron bazada uyğunlaşdırmaqla), sözügedən torpaq sahəsi üzərində iddiaçıların ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev