Məhkəmə qərarları › İş №2-1(116)-2865/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2865/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(116)-2865/2025 04.03.2026 ŞƏKI İNZIBATI MƏHKƏMƏSI Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı İddiaçı İnayət oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı İnayət oğlunun cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: İddiaçı ##.##.1966-cı ildə Yevlax rayonunda anadan olmuşdur. İddiaçı Yevlax Rayon Hərbi komissarlığı tərəfindən ##.##.1994-cü il tarixdə hərbi xidmətə çağırılmış, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, ##.##.1994-cü il tarixində əsir düşmüşdür. Bu müddət ərzində ağılasığmaz və dözülməz ağır işgəncələrə qeyri-insani rəftara məruz qalmışdır. İddiaçı ##.##.1995-ci il tarixdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsarətindən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində ## ### 2015-ci il tarixdə canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın və travmanın nəticələrinə əsasən iddiaçıya “odlu silah yaralanmasından sonrakı sağ kürəyin yuxarı üçdə birinin arxa səthində iki ədəd, sol baldırın yuxarı üçdə birinin ön səthində iki ədəd, sol budun orta üçdə birinin bayır səthində bir ədəd bərkimış çapıq toxumalar və yumşaq toxumalarda 1x2 mm ölçüdə metal qəlpə, küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” diaqnozu qoyulmuşdur. Diaqnoz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Yevlax rayon şöbəsinin ## ###### 2015 -ci il tarixli **** nömrəli göndərişi, ## ###### 2015-ci il tarixli **** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ## ### 2015-ci il tarixli K*** nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ## ######## 1995-ci il tarixli, ***/DK nömrəli qərarı, habelə mütəxəssis cərrahın rəyi ilə təsdiq edilmişdir. İddiaçıya ##.##.2015-ci il tarixdən ümumi xəstəlik səbəbli ikinci dərəcəli əlillik təyin edilsə də, bununla razılaşmayaraq müraciət etdikdən sonra, ##.##.2017-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcəli əllillik təyin edilmişdir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb idarəsinin Xüsusi Həkim Komissiyasının ## #### 2017-ci il tarixli Qərarında qeyd olunan xəsarətlər səbəbli əlili arabasına möhtac olmasına baxmayaraq ona təyin olunmuş əllillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti 29 noyabr 2022-ci ilə kimi müəyyən olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır : İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni Odlu silah yaralanmasından sonra sağ diz qapağının qeyri düzgün bitişmiş sınığı Sağ diz oynağının 2-ci dərəcəli osteoartrozu. Açıcı-bükücü kontrakturası Əzələ atrofiyası Sağ diz qapağının osteoporozu Sağ diz oynağının ön sağ baldırın yuxarı 1/3-nin iç-arxa sol diz oynağının iç-ön sol bazu oynağının üst səthlərinin datıcı çapıq toxumaları. Göndərişin natamam doldurulması Səbəb ##.##.2024-cü il tarixli qərar qüvvədə saxlanılmışdır. Yevlax rayon sakini ##.##.1966-cı il təvəllüdlü İddiaçı İnayət oğlunun əlillik vəziyyətinin qiymətləndiriləsi üçün tibbi müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmasından sonrakı sağ baldırın yuxarı 1/3-nin arxa səthində iki ədəd sol baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd sol budun orta 1/3-nin bayır səthində bir ədəd bərkimiş çapıq toxumaları yumşaq toxumalarla 4x2 mm ölçüdə metal qəlpə küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır müəyyənləşdirilmişdir. İddiaçıya ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin ## #### 2024-cü il tarixli qiymətləndirmə qərarı;

2. SHXÇDX-nin Yevlax rayon şöbəsinin ##.##.2018-ci il tarixli arayışı;

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarı;

4. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər;

5. İddiaçı barəsində Əlillik Altsistemindən çıxarışlar;

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2025-ci il tarixli **/*** nömrəli məktubu və ona əlavə olunan sənədlər;

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı iddiaçının əliliyinin səbəb-əlaqəsinin ümumi xəstəlikdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə,başqa sözlə əliliyin səbəb-əlaqəsinin dəyişdirilməsindən ibarətdir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya ## #### 2014-cü il tarixindən “ümumi xəstəlik” səbəbindən əlillik təyin edilmişdir.Daha sonra ##.##.2017-ci il tarixindən etibarən isə 5 il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya ## ###### 2024-cü il tarixindən iki il müddətinə OFP-nin 60 faiz pozulması ilə III dərəcə əlillik müəyyən edilmiş, əliliyinin səbəb-əlaqəsinin ümumi xəstəlik kimi göstərilmişdir. Əliliyin təyin edilməsi zamanı diaqnoz “Sidik kisəsinin yan divarının bədxassəli yenitörəməsi pTaN0M0 mərhələ 0. Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ diz qapağının qeyridüzgün bitişməsi, sınığı. Sağ diz oynağının kontrakturası, II dərəcəli. Açıcı-bükücü kontraktura (açma 165 dərəcə, bükmə 115 dərəcə). Daimi ağrı sindromu. Hərəkət funksiyalarının pozulması. Sağ diz qapağının osteoporozu. Sağ diz oynağının ön, sağ baldırın yuxarı 1/3-nin iç-arxa, sol diz oynağının iç-ön, sol bazu oynağının ön səthlərinin dartıcı çapıq toxumaları. Əzələ atrofiyası.” diaqnozu qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında iddiaçının barəsində -Odlu silah yaralanmasından sonrakı sağ baldırın yuxarı 1/3-nin arxa səthində iki ədəd sol baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd sol budun orta 1/3-nin bayır səthində bir ədəd bərkimiş çapıq toxumaları yumşaq toxumalarla 4x2 mm ölçüdə metal qəlpə küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi göstərilmişdir. İddiaçı barədə ##.##.2024-cü il il tarixli qiymətləndirmə aparılarkən yuxarıda qeyd olunan diaqnozun təsdiqini tapmaması və iddiaçıya “Sidik kisəsinin yan divarının bədxassəli yenitörəməsi” diaqnozu qoyularaq “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin edilmişdir. Göründüyü kimi digər sübutlarla təsdiq olunur ki, hazırkı əliliyin təyin edilmə diaqnozu “Odlu silah yaralanmasından sonrakı sağ baldırın yuxarı 1/3-nin arxa səthində iki ədəd sol baldırın yuxarı 1/3-nin ön səthində iki ədəd sol budun orta 1/3-nin bayır səthində bir ədəd bərkimiş çapıq toxumaları yumşaq toxumalarla 4x2 mm ölçüdə metal qəlpə küt əşya təsirindən sonrakı çənəaltı nahiyədə bir ədəd köhnə çapıq toxuma” kimi qeyd edilmişdir.Həmin diaqnoz iddiaçıya ##.##.2017-ci il tarixindən 5 il müddətinə təyin edilmiş əlilliyin ağırlaşmış formasıdır.Həmin tarixdə təyin edilən əlilliyin səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmuşdur. Nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyətinin pozulmasının səbəbi ümumi xəstəlik deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar almış olduğu xəsarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyasının ##.##.2017-ci il tarixli *** nömrəli qərarında qeyd edilmiş diaqnoz iddiaçıya təyin edilmiş əlilliyin diaqnozu ilə eynilik təşkil edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmişdir “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ..... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. İddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). Nəzərə alınmalıdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən qəbul edilmiş qərar əsasında müəyyən olunduğundan, Hərbi Həkim Komissiyasının qərarında göstərilən xəsarət, xəstəliklər tibb müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə qeyd edildiyindən cavabdeh iddiaçının əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Cavabdeh PHŞ-nin üzərinə iddiaçı İddiaçı İnayət oğluna ##.##.2024-cü il tarixində təyin edilmiş əlilliyinin səbəb əlaqəsinin “ümumi xəstəlik” səbəbindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar