Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2866/2024 30.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil (yaşayış yeri: Şəki şəhəri, D.Bünyadzadə küçəsi, ev 5A; ixtisası: hüquqşünas; vəzifəsi: Şəki Regional Vəkil Bürosunun vəkili) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, X7 küçəsi, ev 136, mənzil 21 ) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (yerləşdiyi yer: Şəki şəhəri, H.Əliyev prospekti 9A) (üçüncü şəxs – Qax rayonu Qaxbaş bələdiyyəsi inzibati məhkəmə icraatına cəlb olunmaqla yerləşdiyi yer: Qax rayonu, Qaxbaş kəndi) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı alıcı kimi Qax rayonunun Qaxbaş kəndində yerləşən 600 kv.m torpaq sahəsində inşa olunmuş yarımçıq tikilini onun satıcısı X2 23 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı 4 iyul 2024-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, tikilinin yerləşdiyi 600 kv.m torpaq sahəsi ilə bağlı plan və ölçünün tərtib edilməsini və onun üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin 4 iyul 2024-cü il tarixli məktubu ilə iddiaçının qaldırdığı məsələnin həllindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 20 sentyabr 2024-cü il tarixli qərardadı ilə Qax rayonu Qaxbaş bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının mövqeyi belədir ki, qanunvericiliyə görə tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən, onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Torpaq islahatı aparılan zaman Qax rayonu Ş.Rustaveli adına kolxozun 5 sentyabr 1997-ci il tarixli 3 nömrəli iclas protokolunun qərarı ilə X4 ayrılmış 600 kv.m torpaq sahəsinə dair şəhadətnamə və planölçü sənədi tərtib edilməmişdir. 23 iyun 2005-ci il tarixli müqavilə ilə torpaq sahəsinə mülkiyyət hüququ iddiaçıya keçmişdir. Lakin müqavilədə torpaq sahəsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Faktiki olaraq ev iddiaçıya torpaq sahəsi ilə birlikdə satılmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, Qax rayon DNK-nın 23 iyun 2005-ci il tarixli alqı-satqı müqaviləsi, Qax rayonu Ş.Rustaveli adına kolxozun 5 noyabr 1997-ci il tarixli 03 saylı kolxoz qərarı, həmin kolxozun 24 noyabr 1989cu il tarixli 06 nömrəli kolxoz qərarının çıxarışı və torpaq sahəsinin bələdiyyə tərəfindən təsdiq edilmiş yerləşmə sxemi təqdim edilsə də, sözügedən alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən, ərizənin icrası mümkün olmamışdır. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Qax rayonu Qaxbaş bələdiyyəsinin iddia ilə bağlı münasibətində bildirilir ki, vətəndaş İddiaçı iddia etdiyi torpaq sahəsi neçə illərdir onun istifadəsindədir. Həmin torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Qaxbaş bələdiyyəsinin heç bir etirazı yoxdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, məhkəmə icraatının digər iştirakçıları gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Qax rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya notarial qaydada təsdiqlənmiş 23 iyun 2005-ci il tarixli 4Ə-168 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin 2 iyun 2022-ci il tarixli 143 nömrəli arxiv çıxarışından görünür ki, Qax rayonu Ş.Rustaveli adına kolxozun 24 noyabr 1989-cu il tarixli 6 nömrəli iclas protokolu (qərarı) ilə Qennadi Kaseişviliyə 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, X6 və İddiaçı arasında 23 iyun 2005-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş 244690 nömrəli müqaviləyə əsasən X6 Qax rayonu Ş.Rustaveli adına kolxozun 5 noyabr 1997-ci il tarixli 3 saylı qərarı ilə Qax rayonu Qaxbaş kəndində ona ayrılmış 600 kv.m torpaq sahəsində inşa edilmiş yarımçıq tikilini 5.760.000 manat pul vəsaiti müqabilində İddiaçı satmışdır. İş materiallarından görünür ki, AR NK yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qax rayon Dövlət TİMHDQ İdarəsi tərəfindən verilmiş 1947 nömrəli 22 iyun 2005-ci il tarixli arayışında Qax rayonu Ş.Rustaveli adına kolxozun 1997-ci il tarixli qərarı ilə ona Qaxbaş kəndində ayrılmış 600 kv.m torpaq sahəsi X3 adına mülkiyyət hüququ əsasında TİMHQ İdarəsində qeydə alınmışdır. İş materiallarından görünür ki, Dövlət Tİ və MHQ İdarəsinin 1948 nömrəli 22 iyun 2005-ci il tarixli arayışında Qax rayonu, Qaxbaş kəndində X4 məxsus olan yarımçıq tikilinin mövcudluğu bildirilmişdir. İş materiallarında olan Qax rayonu Ş.Rustaveli adına kolxozun 5 noyabr 1997-ci il tarixli 3 nömrəli ümumi iclas protokolundan – qərarından çıxarışdan görünür ki, həmin qərarla X4 ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması haqqında kolxozun 24 noyabr 1989-cu il tarixli 6 nömrəli ümumi iclasının qərarı iki il müddət keçməsi ilə əlaqədar ləğv edilmiş və ona ev tikmək üçün 600 kv.m torpaq sahəsi qüvvədə saxlanılmışdır. DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin 16 sentyabr 2024-cü il tarixli məktubu ilə hazırkı iş üzrə təqdim olunmuş mütəxəssis rəyində bildirilmişdir ki, naturada göstərilən torpaq sahəsi 600 kv.m olub döngə nöqtələri, koordinatları, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və köməkçi tikili tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid (TEKUİS məlumat bazasına əsasən uqodiyası tikinti altında olan torpaqlar) olmaqla Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə həmin torpaq sahəsi İddiaçı tərəfindən istifadə olunur. Sözügedən torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Təqdim edilmiş ayrılmış torpaq sahəsinə dair sxemdə göstərilən 600 kv.m torpaq sahəsi ilə iddia edilən torpaq sahəsi qismən uyğunluq təşkil edir. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 245-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü bəndinin birinci və ikinci abzaslarının 23 iyun 2005-ci il tarixli müqavilə bağlanan tarixə qüvvədə olan tələblərinə görə: - Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. - Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikasının 17 aprel 2007-ci il tarixli 315-İİİQD nömrəli Qanunu ilə Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü bəndinin ikinci abzası çıxarılmış və birinci abzası aşağıdakı redaksiyada verilmişdir: - Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndində (2.5) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müaddəaları) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən etmişdir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, eləcə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək olan dövrdə səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarları bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, Mülki Məcəllənin 245-ci maddəsi və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə mənsub olan həcmdə” və “torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici özgəninkiləşdirilən tikiliyə (fərdi evə) mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkişləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir və xüsusi olaraq vurğulayır ki, “bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”. Bu isə belə nəticə yaradır ki, tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla keçir, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən evə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə evin yerləşdiyi torpaq sahəsinə hüquqlar binanı əldə edənə keçir. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, Qax rayonu Qaxbaş kəndində yarımçıq tikilinin yerləşdiyi 600 kv.m torpaq sahəsi Qax rayonu Ş.Rustaveli adına kolxozun qərarı ilə X4 ayrılmışdır. Məlum olduğu kimi, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Bundan başqa, qeyd olunduğu kimi, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarları «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə görə qərarlarla ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsaslardan biridir. Qax rayonu Qaxbaş kəndində yerləşən 600 kv.m torpaq sahəsinə X3 mülkiyyət hüququ qeydiyyata alınmasa da, məhkəmə belə qənaətdədir ki, onun həmin torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı qanuni gözləntisi olmuşdur. X6 isə həmin tprpaq sahəsində yerləşən tikilini hazırkı İddiaçı satdığından, tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da sonuncuya ötürülmüşdür. Məhkəmə qeyd edir ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin alqı-satqısı barədə notarial qaydada onun mülkiyyətçisi X6 ilə hazırkı iddiaçı arasında bağlanmış və notarial qaydada təsdiqlənmiş 23 iyun 2005-ci il tarixli 244690 nömrəli müqavilə həmin əmlakın mülkiyyət hüququ ilə iddiaçıya keçməsini təsdiqləyən aktdır və müqavilədə əks olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, habelə həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, bu sənəd mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, müqavilə 2005-ci ildə bağlanmışdır və həmin dövrdən sonra ötən müddət ərzində daşınmaz əmlaka hər hansı şəxs iddia etməmiş və iddiaçının tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə sahiblik etməsi halı təkzib olunmur. Lakin həmin müqavilə bağlanan zaman müvafiq (13 yanvar 2015-ci il tarixli 439 nömrəli) Fərman qəbul edilmədiyindən, torpaq sahələrinin ayrıca qeydiyyata alınması yayılmış praktik hal olmadığından, müqavilədə torpaq sahəsi ilə bağlı qeyd aparılsa da, geniş təfsilat verilməmişdir. Buna baxmayaraq, tərəflərin müqavilədə göstərilən yarımçıq tikilinin onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə satılması niyyəti daşıdığını istisna edən heç bir xüsusat ortaya çıxmır. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı 23 iyul 2005-ci il tarixli 4Ə-168 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə ona satılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə cavabdehin imtinasında göstərilən dəlili formal xarakterli qiymətləndirir və hesab edir ki, həmin dəlil əsas gətirilməklə əmlaka hüququn qeydiyyatından imtina etməkdə cavabdeh haqlı olmamışdır. İddia əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə “Torpaq sahəsinin planı və ölçüsü”ün tərtib edilməsini və reyestrdən çıxarışın verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətinə Qax rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 23 iyun 2005-ci il tarixli 4Ə-168 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətinə Qax rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş 23 iyun 2005-ci il tarixli 4Ə-168 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2-1(116)-2866/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2866/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver