Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-287/2021 22.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı X12rşı (üçüncü şəxs: Şəki rayonu, Layısqı bələdiyyəsi) “islahat vaxtı verilməmiş 1.23 ha pay torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “islahat vaxtı verilməmiş 1.23 ha pay torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 08 nömrəli qərarı ilə 4 nəfər ailə üzvünə 0.19 ha pay torpaq sahəsi ayrılmışdır. Ailə üzvlərindən 2 nəfər X2 və X6 vəfat etmişdir. Qeyd edilən torpaq sahəsinə dair JN-0067 nömrəli Dövlət Aktı tərtib edilmişdir. İddiaçılar bildirir ki, islahat zamanı əslində hər subyektə 0.33 ha pay torpaq sahəsi verilməli olduğu halda texniki səhv olaraq ailəyə 0.19 ha pay torpaq sahəsi verilmişdir. İddiaçılar kəsr verilmiş torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciətləri təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********50 nömrəli məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Abbas kəndində yerləşən 0.19 ha pay torpaq sahəsinə X4, X6, İddiaçı1 Hüseynəli oğlu və İddiaçı2 Hüseynəli oğlu olmaqla 4 nəfərə ailə üzvünün adına kod 40404048, JN-0067 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi barədə məlumat mövcuddur. Sözügedən ailəyə aid məlumatlar DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 67-ci sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsinin olduğu göstərilməmişdir, həmçinin həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahı faylında 1-ci sıradadır, pay torpağından çıxılmış 0.01 ha zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. Həmin təsərrüfatda aparılan torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və müraciətə təsdiqləyici sənədlər əlavə edilmədiyindən sözügedən ailəyə aqrar islahat zamanı verilməli olan pay torpaq sahəsinin ölçüsünü müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. İş materiallarında olan JN-0067 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan X3 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 və ailə üzvlərinin üzərində 0.15 ha həyətyanı, mülkiyyət payından çıxılmış şəhadətnaməsi verilməyən 1.23 ha zəbt və 0.19 ha pay torpaq sahəsi vardır. İş materiallarında olan 968287 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 085481 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X8 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********27 nömrəli məktubuna əlavə edilmiş Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 mülkiyyətinə ailə üzvləri 3 nəfər olmaqla 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin məktuba əlavə edilmiş Siyahının təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 adı 67-ci sırada qeyd edilmiş, ailə üzvlərinin sayı 4 nəfər, normadan artıq həyətyanı sahə 0.10 ha olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: Cavabdeh orqan və iş üzrə üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəblədi barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçılar ərizələrində 2000-ci ildə kənddə islahat aparılan zamanı onlar və ailə üzvlərinə hər subyektə 0.33 ha torpaq sahəsinin verildiyini, lakin torpaq aktı tərtib edilərkən səhvən 0.19 ha qeyd olunduğunu bildirmiş və islahat zamanı texniki səhv olaraq işlənilmədən saxlanılan 1.23 ha əksik olan torpaq sahəsinin də onların mülkiyyətinə verilərək adlarına mülkiyyət hüququna dair sənədin hazırlanmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçılara 1.23 ha pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçıların tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Həmçinin onların faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyənin arayışına əsasən zəbt sahə olduğu müəyyən olunmuşdur. Həmin sahənin onların zəbtində olmaqla tərəflərindən istifadə edilməsi mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyil. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı X12rşı (üçüncü şəxs: Şəki rayonu, Layısqı bələdiyyəsi) “islahat vaxtı verilməmiş 1.23 ha pay torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-287/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-287/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver