Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-287/2024 09.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi vergilər idarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi vergilər idarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ına dair qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin axırlarında tanışı Dilbər Süleymanovanın vasitəsilə Rəşid Məmmədov və qeyriləri tərəfindən aldadılaraq aldıqları etibarnamə əsasında onun adına “ORİSK-JM” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər (bundan sonra MMC) təsis olunmuş, daha sonra ondan xəbərsiz başqa şəxslərə satılmış, amma faktiki olaraq həmin MMC-lərə X3 direktorluq etmişdir. MMC-lərin təsisçisi iddiaçı olduğuna görə dövlət büdcəsinə olan vergi borcunun ödənilməməsi səbəbindən 23 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin ərizəsi əsasında İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Faktla bağlı Vergilər Nazirliyində istintaqa qədər araşdırılma və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində uzun müddət ibtidai istintaq aparılmış, istintaq aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan MMC-lərin vergi borclarının yaranmasında iddiaçının nəinki iştirakı, xəbəri belə olmamışdır.İstintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə İddiaçı əməlində cinayət hadisəsi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin bütün bu müddət ərzində məhdudiyyətin götürülməsi ilə əlaqədar müxtəlif instansiyalara nə qədər müraciət etsə də, məhkəmənin hökmü çıxarılmadan bunun mümkünsüz olduğu ona bildirilmişdir. Nəhayət, 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirli olan X2 barəsində həmin cinayət işi Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə Məhkəmədə baxılaraq 1(055)-15/2022 nömrəli 13 iyun 2022-ci il tarixli hökm ilə N.M.Lazımi qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia da təmin edilərək “ORİSK-JM” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər üzrə (101.017,57 + 43.119,27) 144.136, 84 (yüz qırx dörd min yüz otuz altı m.84 qəp.) manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X1 tutularaq Dövlət Büdcəsinə köçürülməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə vergi orqanlarına şifahi və yazılı müraciətlər etsə də, xahişi yerinə yetirilməmiş, ona rəsmi cavab da təqdim edilməmişdir. Ona görə 29 mart 2023-cü il tarixdə məhdudiyyətin götürülməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş idarəsinə təkrar olaraq rəsmi müraciət verilmiş, tərəfindən mütəmadi telefon zəngləri edilib müraciətinə cavabın əlbəəl verilməsi tələb olunmuş və yalnız 8 may 2023-cü il tarixdə DVX-nin Bakı şəhəri H.Əliyev prospekti,155 ünvanında yerləşən inzibati binasında 05 may 2023-cü il tarixli **********488300 nömrəli cavab məktubu iddiaçıya təqdim edilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)-1712/2017 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş borc məbləği tam ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəkdir. İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdeh vəsatət göndərərək, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi" Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığından, həmin hərəkətlərin yerinə yetirilməsi Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin müstəsna səlahiyyətlərinə aid edildiyindən və bu cür iddialar üzrə həmin Baş idarəni məhkəmədə cavabdeh qismində təmsil etmək 10 saylı Ərazi Vergilər İdarəsinin vəzifələrinə aid edildiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
2. Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən X3 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli məktuna əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-ci il tarixdən “ORİSK-JM” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsini icra edir.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı ölkədən getmək hüququ onun hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsimə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı xx.xx.2016-ci il tarixədən “ORİSK-JM” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsini icra edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin əsasən 23.1.15-3-cü maddəsinə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir : 1). Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2). Vergi borcu vaxtında ödənilməməlidir; 3). Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinin Əsasnaməsindən: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X4 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək; Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən “ORİSK-JM” və "xxxx" MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də faktiki olaraq həmin cəmiyyətlərə X3 rəhbərlik etmiş,mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. Göründüyü kimi yuxarıda qeyd olunan cəmiyyətlərin fəaliyyəti ilə iddiaçının bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş,iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasındasəbəbli əlaqə mövcud olmamışdır.Bu səbəbdən də iddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə (cinayət hadisəsi olmadığına görə) iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Nəticə etibarı ilə həmin cəmiyyətlərin fəaliyyəti nəticəsində yaranmış vergi borcu vergi ödəyicisi kimi iddiaçının deyil,faktiki rəhbərin borcu olduğundan Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmündə həmin vəsaitin X3 tərəfindən ödənilməli olduğu göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasaən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi vergilər idarəsinin üzərinə üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə