Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-288/2021 18.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1997-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin qərarı ilə tikintisinə icazə verilmiş Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən sahəsi 20 kv.m olan mağazaya adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1997-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin qərarı ilə tikintisinə icazə verilmiş Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən sahəsi 20 kv.m olan mağazaya adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin qərarı ilə tikintisinə icazə verilmiş Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən sahəsi 20 kv.m olan mağazaya çıxarış almaq üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın 19.05.2020-ci il tarixli, **********64 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizədə qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin Qanunun 8-ci maddəsinə əsasən “çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı” təqdim olunmalıdır. Məlumat üçün bildirilmişdir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 26.12.1997-ci il tarixli, 1/522 nömrəli Sərəncamına əsasən sahəsi 20 kv.m olan mağaza tikintisinin icazə verilməsinə baxmayaraq faktiki inşa olunan mağaza tikilisinin torpaq sahəsi 57 kv.m olmaqla ümumi sahəsi 48.7 kv.m təşkil edir. Cavabdeh orqanın 19.05.2020-ci il tarixli, **********64 nömrəli digər məktubunda qeyd edilir ki, ərizədə qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim etdiyi sənədlərdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində ekspertizadan keçməsi tələb olunmayan obyektlər ilə bağlı 89.1.6-cı maddəyə əsaslanaraq insanların kütləvi toplanması olmayan sözügedən bir mərtəbəli binanın ekspertizadan keçməsi tələb edilmir. Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə və istismara qəbul aktı təqdim ediləcəyi təqdirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 26.12.1997-ci il tarixli, 1/522 nömrəli Sərəncamına əsasən inşa edilmiş 20 kv.m sahəsi olan mağazaya mülkiyyət hüququ alına bilər. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 03.12.2020-ci il tarixli, **********64 nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaşın Ərazi İdarəsinə müraciəti zamanı ərizəyə Şəki Şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə 26 dekabr 1997-ci il tarixli 1/522 saylı sərəncamı, ayrılmış torpaq sahəsinin baş memar tərəfindən təsdiqlənmiş sxematik planı, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin 07 sentyabr 1998-ci il tarixli, 07276 saylı texniki pasportu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 05 oktyabr 2018-ci il tarixli, 002196 saylı istismara hazırlıq aktı əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-nə kimi) inşa edilən qeyri-yaşayış binalarına münasibətdə - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və istismara qəbul aktı təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 26 dekabr 1997-ci il tarixli, 1/522 saylı sərəncamında 20 kv.m torpaq sahəsində tikintiyə icazə verildiyi göstərilsə də, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinin 07 sentyabr 1998-ci il tarixli, 07276 nömrəli texniki pasportunda inşa edilmiş tikilinin 26 kv.m sahədə aparıldığı göstərilmişdir. Eyni zamanda bildirilir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən aparılmış müayinə ölçü zamanı 26.7 kv.m torpaq sahəsində ümumi sahəsi 23.6 kv.m olan tikinti aparıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan X9 filialının 02.12.2019-cu il tarixli, 1406 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Şəki şəhəri 27-ci rayon, Sarabski küçəsi 30 nömrəli evdə yaşayan İddiaçı Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatına ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının 22 aprel 1997-ci il tarixli 3/S-427 nömrəli məktubu ilə şəhərin S.Rəhman küçəsində köşk qoymuşdur. İndi həmin köşkün yerində mağaza tikintisinə icazə verilməsini xahiş etmişdir. Odur ki, İddiaçı ərizəsi nəzərə alınmış və İddiaçı şəhərin S.Rəhman küçəsində 40 mənzilli kooperativ binanın tinində, verilmiş sxem əsasında sahəsi 20 kv.m olan mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən 07.09.1998-ci ildə tərtib edilən 07276 nömrəli Texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, mağaza 1998-ci ildə inşa edilmiş, mağazanın ümumi faydalı sahəsi 22.0 kv.m, əsas sahəsi 13.7 kv.m, köməkçi sahəsi 8.3 kv.m-dir və mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan sənəddə “əsas və xidmət tikintilərin, həyətdaxli qurğuların təyinatı və xarakteristikaları” hissədə ticarət obyektinin tikinti ili 1998-ci il, tikinti sahəsinin 26 kv.m, tikinti həcminin 75.6 kv.m olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X7 Qrupunun 24.08.2018-ci il tarixli 915 nömrəli rəyinin “nəticə” hissəsində qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı məxsus Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 1 mərtəbəli sahibkarlıq obyektinin təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. İş materiallarında olan 31.05.2020-ci il tarixli “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, mağazanın yerləşdiyi torpağın sənəd üzrə sahəsi 0.002 ha, faktiki 0.00267 ha-dır. Aktda qeyd edilir ki, 6.7 kv.m zəbt torpaq sahəsi var və üzərində 6.3 kv.m icazəsiz tikili vardır. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiada göstərilən torpaq sahəsinin ölçüsü faktiki istifadə vəziyyətində 20 kv.m təşkil edir. X4 X2 əsasən yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid dövlət mülkiyyətində olan ərazidə yerləşmişdir. İddiaçı istifadəsindədir. İddiada göstərilən qeyri-yaşayış tikilsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatları və həndəsi ölçüləri tərtib edilmiş sxemdə göstərilmişdir. İş materiallarında olan Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının iddiaçıya ünvanladığı 22.04.1997-ci il tarixli 3/C-427 nömrəli məktubun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı köşk qoyulması ilə bağlı İH-nə müraciət etmiş, onun müraciəti nəzərə alınmış, həmin köşkün götürülməsi ilə əlaqədar müvafiq sərəncam olana qədər S.Rəhman küçəsində verilmiş sxem əsasında sahəsi 9 kv.m olan köşk qoyulmasına və orada iddiaçının alqı-satqı ilə məşğul olmasına etiraz edilməmişdir. İş materiallarında olan 25.11.1997-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı köşkün olduğu yerdə mağaza tikintisinə dair müvafiq sərəncam verilməsini İH-dən xahiş etmişdir. İş materiallarında olan Şəki Şəhər İcra Hakimiyyəti başçısının 26.12.1997-ci il tarixli 1/522 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya şəhərin S.Rəhman küçəsində 40 mənzilli kooperativ binanın tinində verilmiş sxem əsasında sahəsi 20 kv.m olan mağaza tikintisinə icazə verilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanununun 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: Həmin Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Göründüyü kimi vətəndaş ona ayrılmış torpaq sahəsində tikintisinə icazə tələb olunan tikinti obyekti inşa edirsə o, qanunvericiliyin yuxarıda sadalanan tələblərinə müvafiq qaydada lazımi orqanlardan istismara qəbul aktı almalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı qeyri-yaşayış sahəsinin qanunvericiliyin tələbinə uyğun olaraq tikinti obyektinin istismarına icazə sənədi (istismara qəbul aktı) işin materiallarına əlavə edilməmişdir. Həmçinin onun hüququnu qeydə aldırmaq istədiyi obyekt tikintisinə icazə verilmiş sahədən artıq olmaqla, bunun üçün ayrılmamış torpaq sahəsində inşa edilmişdir ki, bu halın özü də qeyd olunan qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını istisna edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1997-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinin qərarı ilə tikintisinə icazə verilmiş Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən sahəsi 20 kv.m olan mağazaya adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-288/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-288/2021
18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver