Məhkəmə qərarları › İş №2-1(116)-288/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-288/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-288/2024 07.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qarşı “cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********6047 saylı qərarının ləğv olunması və hesabına vergi məsuliyyətinə yazılmış 1000 manat borcun silinməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********6047 saylı qərarının ləğv olunması və hesabına vergi məsuliyyətinə yazılmış 1000 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Şəki rayonu Qırxbulaq ərazisində “FOREL” Balıqçılıq təsərrüfatına məxsus yerdə kafe-iaşə xidməti ilə məşğul olur və qanuni şəkildə ********** saylı vergi ödəyicisi kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təxminən 2023-cu ilin may ayının əvvəlində fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsində işləyərkən günün sonunda kafeyə özlərini vergi işçisi kimi təqdim edən əməkdaşlar müəyyən bir vaxt ərazində istirahət etdikdən sonra vergi yoxlaması apardığını və heç bir şey izah edilmədən boş sənəd imzaladaraq getmişlər və hər hansı sənəd vermədən getmişlər. Bir müddət sonra isə xx.xx.2023-cu il tarixdə poçt vasitəsilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********760500 saylı müşayət məktubu ilə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023cu il tarixli **********6047 saylı vergi odəyicisinin vergi qanunverciliyinin pozulmasına gorə məsuliyyətə cəlb edilməsi haqqında qərar və **********6048 nomrəli tələbnamə verilmişdir. Qərarla tanış olduğu zaman məlum olmuşdur ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin numayəndələri operativ vergi nəzarəti həyata keçirmiş və nəticələrinə dair xx.xx.2023-cu il tarixli 025377 saylı akt tərtib etmişlər və həmin aktda əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma vəziyyətinin pozuldugu gostərilmişdir. Halbuki həmin aktdan xəbəri olmuş, nə mənə qərar akt təqdim edilmiş, hər hansı pozuntu olmamışdır. Nəticə etibarilə cavabdeh təşkilat Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb etmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab etdiyi üçün hazırda Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, uçot-baza məlumatına əsasən fiziki şəxs İddiaçı xx.xx.2019-cu il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə vergi uçotuna alındığı, xx.xx.2019-cu il tarixdə “FAREL” adlı təsərrüfat subyektinin qeydiyyata alındığı, fəaliyyət növünün “yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi” olduğu müəyyən edilmişdir. Fərdi sahibkar İddiaçı “FAREL” adlı iaşə obyektinə (Obyektin kodu: **********-30001) xx.xx.2022-ci il tarixdə zavod nömrəsi SA**********052022 olan AZ SMART Mobile markalı nəzarət-kassa aparatı quraşdırılmışdır. Fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3338 nömrəli qərarı ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il də daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Yoxlama qərarı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY231916708 nömrə ilə qeydiyyata alınmışdır. Həmin qərara əsasən xx.xx.2023-cü il tarixdə saat 18:25-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan “FAREL” iaşə obyektində müştəriyə 6 manat dəyərində xidmət göstərilmiş, nağd ödənilmiş 6 manata görə müştəriyə nəzarət kassa aparatının çeki təqdim edilməmişdir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanı əməkdaşları tərəfindən obyektdə quraşdırılmış nəzarət-kassa aparatına həmin məbləğ daxil edilərək müvafiq bərpa çekinin çıxarılması təmin edilmişdir. Bu hal DVX seriyalı 025377 nömrəli aktla rəsmiləşdirilmiş, qanun pozuntusunun mahiyyəti izah edilmiş, fərdi sahibkar İddiaçı razılaşaraq həmin aktı və operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli **********3338 nömrəli qərarı tanış olaraq imzalamışdır. Vergi ödəyicisi tərtib edilmiş aktla razılaşaraq imzaladığından İddiaçı barəsində 1000 manat vergi məsuliyyətinə cəlb edilməsi barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6047 nömrəli qərar qəbul edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6047 nömrəli qərar və maliyyə sanksiyasının ödənilməsi barədə **********6048 nömrəli tələbnamə həmin tarixdə vergi ödəyicisinə elektron qaydada və poçt vasitəsilə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, fərdi sahibkar İddiaçı iddiası əsassız və vergi qanunvericiliyinin tələblərinə tam zidd olduğundan, iddia ərizəsinin dəlilləri işin faktiki hallarına zidd olmaqla məsuliyyətdən yayınmaq məqsədi daşıdığından onun iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş olunur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********6047 nömrəli qərar.

2. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********6048 nömrəli tələbnamə.

3. 12.05.2023-cü il tarixli **********76050 nömrəli Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktub.

4. xx.xx.2023-cü il tarixli **********3338 Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar.

Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia əriazəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia mümkün olsa da, əsassızdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: 16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda); 16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı; 16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti; 16.1.8.4. qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı; 16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti; 16.1.8.6. bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. Maddə 24. Vergi orqanlarının vəzifələri Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-); 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (-); 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. (-). Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. (-). 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; (-). Maddə 77. Vergi öhdəliyi 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş, “İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası”: 2.2. NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Servis Texniki Xidmət Mərkəzinə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.3. NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş forma üzrə “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və Servis Texniki Xidmət Mərkəzinin rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Nağd pul hesablaşmalarının qeydiyyatı “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparılan zaman, vergi ödəyicisi tərəfindən hər bir müştəridən (alıcıdan, sifarişçidən) alınmış nağd pul vəsaiti kitabın ayrıca sətrində yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətirdə nağd pul məbləğinin alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, satılmış malın (görülmüş işin, göstərilmiş xidmətin) adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir. İş materiallarından görünür ki, iddiaçının məşğul olduğu fəaliyyət növü - sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyektində satışı olmuş, cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli **********3338 nömrəli qərarı ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yoxlama müddəti müəyyən edilərək əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasının yoxlanılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18:25-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi təsərrüfat subyekti olan “FAREL” iaşə obyektində müştəriyə 6 manat dəyərində xidmət göstərilmiş, nağd ödənilmiş 6 manata görə müştəriyə nəzarət kassa aparatının çeki təqdim edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus, operativ vergi nəzarəti tədbiri həyata keçirilən sahibkarlıq obyektində “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”-nın olmaması özlüyündə onu deməyə əsas verir ki, nəzarət-kassa aparatında nasazlığın baş verməsi halı üçün nağd pul hesablaşmalarının qeydiyyatının aparılması ümumiyyətlə təşkil edilmir. Nəzərə alınmalıdır ki, müvafiq qeydiyyat kitabının mövcud olmasının zəruriliyi məhz nəzarət-kassa aparatlarında baş verməsi gözlənilən nasazlıq halında qeydiyyatın aparılmasının təşkil edilməsi ilə bağlıdır. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********6047 saylı qərarının ləğv olunması və hesabına vergi məsuliyyətinə yazılmış 1000 manat borcun silinməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar