Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2880/2024 25.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh orqanın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması haqqına cavabdehin 12 fevral 2024-cü il tarixli ******* saylı qərarının, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 278.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 15 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN №1902696 saylı protokolun ləğvi və İran İslam Respublikasının vətəndaşı “X3 Rashid”in (X1) Azərbaycan Respublikasında əmək fəaliyyəti üçün iş icazəsi, ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Prosesləri Tənzimləmə Baş İdarəsinin rəisi İİİ dərəcəli Dövlət Miqrasiya Xidməti müşaviri İsmayıl Abdullayevin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 12 fevral 2024-cü il tarixli ******* saylı Qərarının və Yevlax rayon Miqrasiya İdarəsinin inspektoru X4 İddiaçı MMC haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 278.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib etdiyi 15 fevral 2024-cü il tarixli MN №1902696 saylı protokolunun ləğv edilmələri və İran İslam Respublikasının vətəndaşı “X3 Rashid”in (X1) Azərbaycan Respublikasında əmək fəaliyyəti üçün iş icazəsi və ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-7323/2024 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 44. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd. 44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 44.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər. 44.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 46. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər 46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 46.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir. Bu Məcəllənin 47.5-ci maddəsində nəzərdə tutulan müddətin sonuncu günündən 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə, müvafiq icra hakimiyyəti orqanı müvəqqəti yaşama icazəsini ləğv edir.[64] 46.2-1. Bu Məcəllənin 45.1.10-1-ci və 45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur. 46.3. Müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmiş şəxsdən (15 yaşınadək uşaqlar istisna olmaqla) biometrik identifikasiya tələblərinə uyğun olaraq əlbarmaq izləri götürülür. 46.4. Bu Məcəllənin 54.11-1-ci maddəsində nəzərdə tutulan müraciətə bu Məcəllənin 46.1.1-ci maddəsində göstərilən ərizə-anket əlavə olunmaqla daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) üçün təqdim edilmiş sənədlər əsasında baxılır. Belə müraciətə baxılan zaman müvafiq icra hakimiyyəti orqanından yenidən rəy alınması tələb olunmur. ... Maddə 51. İş icazəsi 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 51.5. İş icazəsinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əmək miqrasiyası kvotası çərçivəsində (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər istisna olmaqla) həyata keçirilir. 51.6. Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. 51.7. Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 51.8. İş icazəsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdeh orqana qarşı aşağıdakı tələblər irəli sürülmüşdür:
1. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması haqqına cavabdehin 12 fevral 2024-cü il tarixli ******* saylı qərarın ləğvi,
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 278.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 15 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN №1902696 saylı protokolunun ləğvi.
3. İran İslam Respublikasının vətəndaşı “X3 Rashid”in (X1) Azərbaycan Respublikasında əmək fəaliyyəti üçün iş icazəsi, ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İcraat materiallarından görünür ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması” barədə cavabdehin ******* saylı qərarını mübahisələndirir. Yuxarıda istinad olunan Miqrasiya Məcəlləsinin tələblərindən göründüyü kimi xarici vətəndaşların Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alması ilə bağlı müraciət prosedurları aydın şəkildə müəyyən olunmuş və müvafiq icazənin alınması barədə müraciətin birbaşa xarici vətəndaşın özü və ya onun qanuni nümayəndəsi tərəfindən edilməsi təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, iş icazəsi ilə bağlı prosedur müvəqqəti yaşamaq üçün icazədən fərqlidir. İş icazəsinin alınması üçün müraciət əsasən işəgötürən təşkilat tərəfindən edilir və həmin təşkilat işçi üçün məsuliyyət daşıyır. Bunun əksinə olaraq, müvəqqəti yaşamaq üçün icazə şəxsin öz şəxsi hüquqlarına aid olduğundan, bu zaman birbaşa olaraq şəxsin özünün və ya nümayəndəsinin müraciəti tələb olunur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının xarici vətəndaşa münasəbətdə müvəqqəti yaşamaq icazənin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmək üçün subyektiv hüququ mövcud olmadığından qəbul edilmiş inzibati aktla onun subyektiv hüquqlarına müdaxilə baş verməmişdir. Odur ki, iddiaçının xarici vətəndaş üçün müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı müraciət etmək üçün subyektiv hüququnun mövcud olmaması həmin müraciətə uyğun cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi və xarici vətəndaşın xeyrinə müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə inzibati aktın qəbul edilməsi tələbinin irəli sürülməsi üçün subyektiv hüququnun mövcudluğunu da, istisna edir. İcraat materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2024-cü il tarixdə xarici vətəndaşa Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi ilə bərabər, həm də “iş icazəsinin verilməsindən imtina olunması haqqında” ******* saylı qərar qəbul etmişdir. Belə ki, sözügedən qərardan görünür ki, cavabdeh orqan İran İslam Respublikasının vətəndaşı “X3 Rashid”in (X1) Azərbaycan Respublikasında əmək fəaliyyəti üçün iş icazəsi verilməsi ilə bağlı iddiaçının müraciətinə baxaraq imtina qərarı vermişdir. Bununla belə iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli, ******* saylı qərarı mübahisələndirilməmiş, birbaşa iş icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Göründüyü kimi, iddiaçı, onun ziyanına qəbul edilmiş əlverişsiz inzibati aktı mübahisələndirmədən cavabdeh orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasını tələb edir ki, bu yalnız həmin aktın qanuniliyi yoxlanılaraq ləğv edildiyi halda mümkün ola bilər. Yəni, hazırkı halda sözügedən inzibati aktın hüquqiliyi məhkəmə tərəfindən yoxlanılmadan qüvvədədir. İddiaçı, işəgötürən kimi yalnız mövcud inzibati aktı mübahisələndirməklə, həmin tələblə birgə cavabdeh orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasını tələb edə bilər. Əlverişsiz inzibati aktın hüquqi nəticələrinin dəyişdirilməsi yalnız müvafiq inzibati aktın yoxlanılması əsasında mümkün ola bilər. Məhkəmənin inzibati orqanın fəaliyyətini əvəz etməsi, xüsusilə də mübahisələndirilməyən bir qərarın hüquqi nəticələrini dəyişməsi hüquqi dövlət prinsiplərinə ziddir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın üzərinə qüvvədə olan inzibati aktın məzmununa zidd olan və həmin inzibati aktdan irəli gəlməyən öhdəliyin qoyulması ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyil. İddia tələbinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 278.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 15 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN №1902696 saylı protokolunun ləğvi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə həmin hissədə cavabdehin inzibati fəaliyyəti ilə bağlı yox, inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə bağlı yaranmışdır. Buna görə də, mübahisəyə inzibati xətalara dair işlər üzrə icraat qaydasına uyğun olaraq ümumi rayon məhkəməsində hüquqi qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş, 04 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, inzibati xətalar ilə bağlı münasibətlər öz təbiəti baxımından repressiv xarakterli olduğundan və inzibati-hüquqi tələblərin pozulması (inzibati xətalar) ilə bağlı yarandığından “İnzibati icraat haqqında” Qanunla tənzimlənən münasibətlər növündən fərqlidirlər. İXM-ə əsasən bu işlər üzrə qərardan şikayət və ya protest təbiətinə görə inzibati-prosessual sahədə verilən şikayətdən fərqlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçının nümayəndəsi, məhkəmə iclasında iştirak etməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması haqqına cavabdehin 12 fevral 2024-cü il tarixli ******* saylı qərarının, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 278.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 15 fevral 2024-cü il tarixdə tərtib edilmiş MN №1902696 saylı protokolun ləğvi və İran İslam Respublikasının vətəndaşı “X3 Rashid”in (X1) Azərbaycan Respublikasında əmək fəaliyyəti üçün iş icazəsi, ona Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.