Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2880/2025 03.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Balakən rayonu, Hənifə kəndi) cavabdeh – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Parlament prospekti 3) qarşı «şəhid adının və şəhid ailəsi statusunun verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı övladı X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Xocavənd rayonu ərazisində yerləşən artilleriya divizionunun komandiri vəzifəsində (mayor hərbi rütbəsində) xidmət etmiş və N yanvar 2024-cü il tarixdə xidmət yerində həmin divizionun 2-ci haubitsalı artilleriya batareyasının komandiri X2 ona soyuq silahla yetirdiyi xəsarət nəticəsində “ağciyər qan damarlarının travması” diaqnozundan vəfat etmişdir. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-22/2025 saylı iş üzrə 7 fevral 2025-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə müraciət edərək, mərhum oğlu X7 “Şəhid” adının, ailəsinə “Şəhid ailəsi” statusunun verilməsini xahiş etmişdir. Cavabdeh Müdafiə Nazirliyi 10 aprel 2025-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Bundan sonra İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı mərhum oğlu X7 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 12 may 2025-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, övladı X8 N yanvar 2024-cü il tarixdə saat 9 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Xocavənd rayonu ərazisində yerləşən artilleriya divizionunun komandiri kimi divizionun batareya komandirlərinə iclas keçirərkən hərbi qulluqçulara əmək intizamı və tədbirlər planının hazır olmaması ilə bağlı iradlar bildirmişdir. Həmin hərbi qulluqçular sırasında olan kapitan X1 fikirlərin ona aid olduğunu düşünüb əsəbləşmiş və icazə alıb xidməti otağına getdikdən sonra onunla iddiaçının oğlu arasında mübahisə yaranmışdır. Mübahisə nəticəsində Nizami Abdullayev iddiaçının oğlu Amil Abdullayevə soyuq silahla ağır xəsarət yetirmiş və qəsdən öldürmüşdür. X10 ölümü birbaşa döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı olmasa da, hərbi xidmət çərçivəsində xidməti tapşırıqların icrasını tələb edərkən baş vermişdir. Bu fakt mərhumun vəzifə borcunu və hərbi nizam-intizamı təmin etməyə çalışarkən həyatını itirdiyini sübut edir və öz növbəsində ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəli olmasını təsdiqləyir. İddiaçının oğlu Amil Abdullayevin ölümü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nda nəzərdə tutulan “döyüş tapşırığını yerinə yetirərkən və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirərkən həlak olmuş şəxslərə şəhid adının verilməsi” müddəalarına cavab verir. Amil Abdullayev faktiki olaraq döyüş bölgəsi zonasında həyatını itirmişdir, onun ölümü sıravi ölüm kimi deyil, məhz xidməti vəzifəsini icra edərkən baş vermişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi imtina məktubunda iddiaçının övladı Amil Abdullayevə bu statusun şamil olunmadığını bildirmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı yazılı münasibətində bildirir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi»nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz təsdiqini tapmalıdır. İddiaçının mərhum oğlu X8 2006 – 2024-cü illərdə Azərbaycan Silahlı Qüvvələriində həqiqi hərbi xidmət keçmiş və N nömrəli hərbi hissənin artilleriya divizionunun komandiri vəzifəsini tutmuşdur. Amil Abdullayev vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirinin 22 fevral 2024-cü il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 167-ci maddəsinə müvafiq olaraq, N yanvar 2024-cü il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmış hesab edilmişdir. N nömrəli hərbi hissənin N yanvar 2025-ci il tarixədək şəxsin heyətin qaytarılmaz itkilərin adlı siyahısında mərhum X6 N yanvar 2024-cü il tarixdə Xocavənd rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsində digər hərbi qulluqçu tərəfindən soyuq silahla xəsarət yetirilməsi nəticəsində “ağciyər qan damarlarının travması” diaqnozundan vəfatı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddaçının mərhum oğlu mayor X6 vəfat etməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı deyil. O (mərhum), N yanvar 2024-cü il tarixdə xidməti vəzifələrinin icrası zamanı Xocavənd rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsində digər hərbi qulluqçu tərəfindən soyuq silahla xəsarət yetirilməsi “ağciyər qan damarlarının travması” diaqnozundan vəfat etmişdir. İddiaçının oğlunun şəhid hesab edilməsi üçün müvafiq arayışın verilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını, qanuni və əsaslı qərar qəbul edilməsi və işə Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı mərhum övladı X7 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etdiyindən, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Qeyd olunmalıdır ki, iddiaçının mərhum oğlu X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyindəki N nömrəli hərbi hissədə hərbi qulluqçu kimi (mayor rütbəsində) xidmət etdiyindən, ona münasibətdə müvafiq səlahiyyətli qurum qismində həmin Nazirlik çıxış etməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin imtina barədə məktubu 10 aprel 2024-cü il tarixə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə verilməsi üçün müvafiq poçt xidmətinə (zərfdəki qeydlərə əsasən) təqdim edilməsi 6 may 2025-ci il tarixə, yəni imtina tarixindən 26 gün müddət keçdiyi vaxta təsadüf etdiyindən, hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Balakən rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Balakən rayonunun Hənifə kəndidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddiası “məcburetmə haqqında” iddia növünə aid edilməklə cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə müvafiq həll edilməlidir. Odur ki, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müraciəti üzrə mərhum övladı X7 “Şəhid” adının və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsinə görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 nömrəli 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2-ci bəndinə görə aşağıdakılar şəhid hesab edilirlər: (1.2.1) 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; (1.2.2) 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; (1.2.3) Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; (1.2.4) Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; (1.2.5) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; (1.2.6) Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; (1.2.7) Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Qaydaların 2.1-ci bəndinə görə şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; (2.1.1) arvadı (əri); (2.1.2) valideynləri; (2.1.3) 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; (2.1.4) qardaşları və bacıları – uşaq evlərində tərbiyə olunanlar; (2.1.5) babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; (2.1.6) 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qaydaların 4.1-ci bəndinə görə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi»nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X3 Xidməti, X4 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Qaydaların 4.2-ci bəndinə görə şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə ƏƏSM Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları şəhid hesab olunan şəxslərin, eləcə də şəhid ailəsi sayılan şəxslərin dairəsini müəyyən etmişdir və müəyyən edilmiş meyarlar üzrə şəhid adı verilənlərlə şəhid ailəsi statusu alan şəxslər bir-biri ilə bağlıdırlar. Məhkəmə diqqətə çəkir ki, qanunvericilik şəhid hesab olunan şəxslərin dairəsinə atəşkəs dövründə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş şəraitində olan hərbi hissələrdə və ya aidiyyəti orqanlarda döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxsləri də aid etmişdir. Hazırkı iş üzrə iddiaçının övladı mərhum X6 ölümü isə xidməti vəzifələrinin icrası ilə əlaqəli olsa da, bu vəzifələr döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların icrası çərçivəsində deyil, digər hərbi qulluqçu ilə xidmət yerində aralarındakı mübahisə zəminində baş vermişdir. Məhkəmənin qənaətinə görə isə belə hal qanunvericliklə “şəhid” adının verilməsi meyarları ilə uzlaşmır. Odur ki, cavabdeh Müdafiə Nazirliyi iddiaçının müraciəti üzrə mərhum övladı X7 “Şəhid” adının və özünə və ailəsinə “Şəhid ailəsi” statusunun verilməsindən imtina etməkdə haqlı olmuşdur, cavabdehin bu hərəkəti qanunsuz sayıla bilməz. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «şəhid adının və şəhid ailəsi statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq, İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «şəhid adının və şəhid ailəsi statusunun verilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X13
Məhkəmə qərarları › İş №2-1(116)-2880/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2880/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver