Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2889/2023 14.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Təxris haqqında xx.xx.2021-ci il tarixli, 01524 nömrəli əmrdə müvafiq dəyişikliklər edilərək xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu şəhadətləndirmənin nəticələrinə uyğun çıxarılması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma səbəbinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndindən həmin əsasnamənin 156-cı maddəsinin “v” (xəstəliyə görə) bəndinə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təxris haqqında xx.xx.2021-ci il tarixli, 01524 nömrəli əmrdə müvafiq dəyişikliklər edilərək xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu şəhadətləndirmənin nəticələrinə uyğun çıxarılması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma səbəbinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndindən həmin əsasnamənin 156-cı maddəsinin “v” (xəstəliyə görə) bəndinə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunda Naxçıvan Muxtar Respublikasında, Goranboy Rayonunun Ağcakənd qəsəbəsində və Ağdam rayonunda yerləşən hərbi hissələrdə taqım komandiri, batareya komandiri, divizion komandirinin maddi-texniki təminat müavini, divizionun qərargah rəisinin maddi-texniki təminatı üzrə köməkçisi, artilleriya kəşfiyyatı üzrə zabit, artilleriya divizionun qərargah rəisi, artilleriya divizionunun komandiri, artileriya rəisi- bölmə rəisi vəzifələrində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsində aldığı döyüş travmasının (partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travmasının) nəticəsi olaraq başında yaralanan ağrılar davamlı şəkildə narahat etdiyi üçün, həmçinin həmin dövrdə mövcud sağlamlıq durumun iddiaçının xidmətini davam etdirməyə əngəl yaratdığına görə tam müalicə edilmədiyini gözləmədən “Hərbi xidmərkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinə əsasən ordu siralarından tərxis edilmişdir. Tərxislə əlaqədar Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası xəstəliyini “Kafi” qiymətləndirilmiş və “hərbi travmadır”, Azırbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, hərbi xidmətə yararlıdır” şəklində şəhadətləndirilmişdir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən keçirilmiş sonuncu şəhadətləndirmə nəticələrinə uyğun olaraq tərxis edilməyi haqqında xx.xx.2020ci il tarixli, 321 nömrəli əmrin dəyişdirilərək ehtiyata buraxılma səbəbinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndində həmin əsasnamənin 156-cı maddısinin “v” (xəstəliyə görə) bəndinə dəyişdirilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh tələbin icrasından imtina etmiş və xx.xx.2023-cu il tarixli, 1713 nömrəli imtina məktubu göndərmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçılara xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia tələb mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Təxris haqqında xx.xx.2021-ci il tarixli, 01524 nömrəli əmrdə müvafiq dəyişikliklər edilərək xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu şəhadətləndirmənin nəticələrinə uyğun çıxarılması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma səbəbinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndindən həmin əsasnamənin 156-cı maddəsinin “v” (xəstəliyə görə) bəndinə dəyişdirilməsi tələbi “mübahisələndirmə haqqında” iddia növünə aiddir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Odur ki, iddiaçıya buraxılmış prosessual müddəti bərpa edilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olması izah edilmiş və müddətin buraxılmasına səbəb olmuş halların əsaslandırılması, həmçinin müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “müddətin bərpa edilməsi barədə” ərizə təqdim etmişdir. Ərizənin əsaslarına görə iddiaçı xx.xx.2021-ci il tarixli Əmrdən sonra müxtəlif xəstəxanalarda müalicə almış, xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu şəhadətləndirmənin nəticələrinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.İddiaçı həmin vaxtdan Əmrdən məlumatı olduğunu bildirmiş, göstərilənləri nəzərə alınaraq məhkəmədən müddətin bərpa edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda Əmrdən məlumatlı olmamış,səhhəti ilə əlaqədar olaraq şəhadətləndirmədən sonra 6əmrdən məlumatı olmuşdur. Həmin dövrdə müddətlə bağlı məlumatlı olmadığından əmrin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdir. İddianın mümkünlük şərtlərinə cavab verməməsi bir daha iddiaçıya izah edilərək hüquqi müzakirə aparılmış və iddiaçının dinlənilmə hüququ təmin edilmişdir.İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2021-ci il tarixində qəbul edilmişdir. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İddia ərizəsindən və iş materiallarından müəyyən edilir ki,iddiaçı mübahisələndirilən əmrdən əvvəldən məlumatlı olmuşdur.Belə ki,iddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin 5-ci səhifəsində onun “xx.xx.2021-ci il tarixindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndi ilə tərxis edilməsi barədə qeyd aparılmışdır.Digər tərəfdən iddiaçı həmin əmrdən xx.xx.2022-ci il tarixdə məlumatı olduğunu bildirsə də iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçının hazırda mübahisələndirdiyi qərardan onun qəbul edilməsindən məlumatı olmuşdur. İşdə olan, iddiaçının inzibati orqanlara etdiyi müraciətlərinin məzmunu da bir daha onu deməyə əsas verir ki, iddiaçı, mübahisələndirilən qərardan və onun məzmunundan məlumatlı olmasına baxmayaraq, ötən müddət ərzində heç bir üzürlü səbəb olmadan sözügedən qərarı mübahisələndirməmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı həmin qərarın mübahisələndirilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, bununla da İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmüşdür. Qeyd olunan hal iddia iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmə, həmçinin, qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Təxris haqqında xx.xx.2021-ci il tarixli, 01524 nömrəli əmrdə müvafiq dəyişikliklər edilərək xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu şəhadətləndirmənin nəticələrinə uyğun çıxarılması və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma səbəbinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndindən həmin əsasnamənin 156-cı maddəsinin “v” (xəstəliyə görə) bəndinə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə
Məhkəmə qərarları › İş №2-1(116)-2889/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2889/2023
14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver