Məhkəmə qərarları › İş №2-1(116)-2890/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2890/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2890/2023 03.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin açıq iclasında baxaraq,aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.O,ilkin olaraq Bakı İnzibati Məhkəməsinə idda ərizəsi ilə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə müraciət etmişdir.Sonradan iddianın dəqiqləşdirilməsi iklə bağlı ərizə təqdim edərək 60 yaşdan yəni, xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş,məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmiş,işə mahiyyəti üzrə baxılmışdır. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 07 aprel tarixli, 2-1(112)-2816/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və hazırkı tarixədək ödəniş davam etdirilməkdədir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 03 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçıya hazırkı iddia ərizəsində göstərilən tələbinə,yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinə dair işə mahiyyəti üzrə baxıldığı,ifadə formasının dəyişdirilməsinə baxmayaraq hüquqi marağının eyni qalması,bu səbəbdən də iddianın mümkünlüyü barədə məhkəmənin hüquqi mövqeyi izah olunmuşdur. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmayaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından,başqa sözlə pensiyanın xx.xx.2020-ci il tarixindən təyin olunmasından ibarətdir. Məhkəmə araşdrıması zamanı məlum olmuşdur ki, iddiaçının hazırkı cavabdehə qarşı 60 yaşdan yəni, xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2022-ci il 07 aprel tarixli, 2-1(112)-2816/2022 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və hazırda da ödəniş davam etdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçı iddia tələbini və ifadə formasını fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə eyni qalmaqdadır.Məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə aparıldığından iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını,nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış, belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar