Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-29/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon Xosrov kənd alma bağı deyilən sahənin şimal hissəsində yola yaxın sahədə 0,17 ha torpaq sahəsinə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayon Xosrov kənd alma bağı deyilən sahənin şimal hissəsində yola yaxın sahədə 0,17 ha torpaq sahəsinə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsaslarına görə Ağdaş rayon Xosrov bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli protokoluna əsasən 0,17 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bələdiyyə tərəfindən 0,17 ha torpaq sahəsinin ayrılması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.1-ci maddələrinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün təlabat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Azərbaycan Respublikasının rayonlarında, qəsəbə və kəndlərdə torpaq sahəsinin ayrılması 0,12 hektar həddində müəyyənləşdirilmişdir. Həmçinin Ağdaş rayon Xosrov bələdiyyəsi tərəfindən verilmiş qərar əsasında tərtib olunmuş torpaq sahəsinin alqı-satqısına dair aktda bələdiyyənin möhürləri də fərqlidirlər. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə iş üzrə sərəncam verilmiş, həmin tarixli 2-1(116)-2079/2022 nömrəli qərardadla Ağdaş rayon Xosrov bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia tələbinə dair yazılı münasibətlərini (etirazlarını) məhkəməyə təqdim etmələri tələb olunmuş, həmçinin Ağdaş rayon Dövlət Arxivinə və Ağdaş rayon Xosrov bələdiyyəsinə sorğular verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********19 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə iddia tələbinə dair yazılı münasibətini bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə sorğu edilərək, mübahisəli 0,17 ha torpaq sahəsinə dair (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin eyni olub-olmaması haqqında) məlumatın Məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi məhkəməyə xx.xx.2022-ci tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli **********46 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarına uyğun olaraq xidmət haqqı (ümumi məbləğ 95 manat) ödənildikdən və ödənişi təsdiq edən sənəd Ərazi İdarəsinə təqdim edildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin olunacaqdır. Məhkəmə tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2022-ci il tarixli məktuba əlavə olunaraq iddiaçıya göndərilmiş, xidmət haqqını ödəməyə razı olub-olmadığı barədə məlumatın, ödəməyə razı olduğu halda ödənişi təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məktub iddiaçı tərəfindən alınmasına baxmayaraq, münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəmənin sərəncamı da icra edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-345/2023 nömrəli qərardadı ilə X4, X1 və X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin qətnaməsindən aydın olur ki, JN-0143 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Ağdaş rayon Xosrov kəndi ərazisindən 3,02 ha torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün X5, X9, X4, X1, X6, X7 və X2 mülkiyyətinə verilmişdir. Lakin sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyi qeyd edilmişdir. İddiaçı istifadə etdiyi torpaq sahəsinin Ağdaş rayon Xosrov bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ona ayrıldığını iddia edir. X5 və X9 vəfat etmişdir. Odur ki, X4, X1 və X2 məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-345/2023 nömrəli qərardadının surəti həmin tarixli məktubla iş üzrə üçüncü şəxslər X4, X1 və X8 göndərilmiş, iddia tələbinə münasibət bildirmələri təklif olunmuşdur. Lakin iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs Ağdaş rayon Xosrov bələdiyyəsi xx.xx.2023-cü il tarixli 5-32-15/2- 32/2023 nömrəli məktubunda bələdiyyənin sənəd və materiallarının Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyini bildirmişdir. Məhkəmənin Ağdaş Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Ağdaş Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(014)-50/2022 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçılar X1 və qeyrilərinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə cavabdehlər İddiaçı və Məmmədov imran Zakir oğlunun vəkili X3 Ağdaş Rayon Məhkəmənin 06 iyun 2022-ci il tarixli, 2(014)-50/2022 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətləri işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin sərəncamını icrasının təmin olunması məqsədilə iddia ərizəsinə əlavə olunmuş sənədlərin əsllərini məhkəməyə təqdim etmişdir. Ağdaş rayon Xosrov bələdiyyəsi məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq 39 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna Ağdaş rayon Xosrov bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclasının protokolunun, torpaq sahəsinin yerquruluşu planının, DTXK-nın Ağdaş rayon şöbəsinin rəyinin və torpaqların alqısatqısına dair aktın surətlərini əlavə edərək məhkəməyə təqdim etmişdir. Ağdaş rayon Xosrov bələdiyyəsi məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq 52 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Xosrov bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclasının qərarı ilə İddiaçı 0,17 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin dövlətə ödəniləcək 100 (bir yüz) manat rüsumunun qəbzi bələdiyyəyə aid olan sənədlərin içərisində tapılmamışdır. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2079/2022 nömrəli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə sorğu edilərək, mübahisəli torpaq sahəsinə dair ətraflı məlumatın Məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsindən xx.xx.2022-ci il tarixli cavab məktubu Məhkəməyə daxil olmuşdur. Həmin məktubda göstərilir ki, tədqiqat obyektinə baxış keçirilərək mütəxəssis rəyi hazırlanmışdır, lakin mütəxəssis rəyinin məhkəməyə göndərilməsi, təqdim olunmuş smetada nəzərdə tutulan 95 manat xidmət haqqının ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə təmin ediləcək. Məhkəmə tərəfindən ödənişin olunacağı bank rekvizitlərinin əks olunduğu müvafiq sənədlər xx.xx.2022-ci il tarixdə iddiaçıya göndərilmiş, lakin ötən müddət ərzində iddiaçı tərəfindən ödəniş həyata keçirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim edilməmiş, bununla bağlı iddiaçı tərəfindən yazılı münasibət bildirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia tələbinə hüquqi qiymət verilməsi üçün cavabdeh orqandan mütəxəssis rəyinin alınması zəruridir. Müvafiq rəy olmadan tələbdə qeyd olunan torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsinin eyni olub-olmamasını müəyyən etmək mümkün deyil. Məlumat üçün iddiaçının nəzərinə çatdırılmışdır ki, İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Odur ki, işin qeyd olunan halına münasibətdə də məhkəmə tərəfindən analoji qaydanın tətbiq edilməsi yol veriləndir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən alınmışdır. Lakin ötən müddət ərzində məktubda qeyd olunanlara münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İlkin olaraq iddiaçı ilə iddia ərizəsində göstərilən mobil nömrə vasitəsilə oktyabr ayında əlaqə saxlanılmış, iddiaçı yeni işə başladığını bildirmiş, əmək haqqını aldıqdan sonra mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqını ödəyəcəyini və ödənişi təsdiq edən müvafiq qəbzi məhkəməyə təqdim edəcəyini bildirmiş, bu səbəblə ona noyabr ayının 7-dək möhlət verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən ödənişi təsdiq edən qəbz məhkəməyə təqdim olunmadığından, iddiaçıya xx.xx.2023-cü il tarixdə Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə eyni məzmunlu məktub yenidən ünvanlanmış, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan Azərbaycan Respublikası Tarif Şurasının 04 yanvar 2021-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbzin məhkəməyə təqdim olunması, bununla bağlı yazılı münasibət bildirməsi xahiş olunmuş, həmçinin nəzərinə yenidən çatdırılmışdır ki, İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Odur ki, işin qeyd olunan halına münasibətdə də məhkəmə tərəfindən analoji qaydanın tətbiq edilməsi yol veriləndir. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu iddiaçı tərəfindən alınsa da, ötən müddət ərzində məktubda qeyd olunanlara münasibət bildirilməmiş, mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin İddiaçı ünvanladığı məktubların heç birinə iddiaçı tərəfindən yazılı münasibət bildirilmədiyindən, həmçinin mütəxəssis rəyinin məhkəməyə təqdim olunması üçün tələb olunan xidmət haqqının ödənilməsini təsdiq edən müvafiq qəbz məhkəməyə təqdim olunmadığından smetada tələb olunan ödənişin ödənilib-ödənilməməsi barədə məlumat almaq üçün xx.xx.2024-cü il tarixdə yenidən İddiaçı ilə iddia ərizəsində göstərilən ***-***-**-** nömrəsi ilə əlaqə saxlamağa cəhd olunmuş, lakin nömrə işləməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunan iddiaçının FİN koduna bağlı digər ***-***-**-** nömrəsi ilə əlaqə saxlanıldıqda cavab verən şəxs özünü iddiaçının oğlu olaraq təqdim etmiş, İddiaçı mobil telefonunda texniki nasazlıq səbəbi ilə əlaqə saxlanıla bilməməsini və atasının hazırda Şuşa şəhərində işlədiyini bildirmişdir. Həmin şəxsə zəngin məqsədi izah olunmuşdur. İddiaçı oğlu olaraq özünü təqdim etmiş şəxs atası ilə əlaqə saxlanılması mümkün olan kimi bu barədə ona məlumat verəcəyini bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə zəng edərək, mütəxəssis rəyi üçün tələb olunan ödənişi mart ayının 5-dək ödəyəcəyini və müvafiq qəbzi məhkəməyə təqdim edəcəyini bildirmişdir. Lakin ötən müddət ərzində ödənişi təsdiq edən qəbz məhkəməyə daxil olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPMin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır." Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 55 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon Xosrov kənd alma bağı deyilən sahənin şimal hissəsində yola yaxın sahədə 0,17 ha torpaq sahəsinə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılır və iş üzrə icraata xitam verilir. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-29/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-29/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver