Məhkəmə qərarları › İş №2-1(116)-290/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-290/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-290/2024 13.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə , İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “İİİ dərəcəli əlillik qrupunun “ümumi xəstəlik” səbəbinin əlaqəsinin təyin olunduğu xx.xx.2021ci il tarixdən etibarsız hesab edilməsi və həmin tarixdən əlillik səbəbinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İİİ dərəcəli əlillik qrupunun “ümumi xəstəlik” səbəbinin əlaqəsinin təyin olunduğu xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilməsi və həmin tarixdən əlillik səbəbinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçıya xx.xx.2021-ci il tarixdə müddətsiz olaraq 3-cü dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş təyin edilmiş diaqnoz hərbi xidmət dövrü döyüş zonasında aldığı travmalarla əlaqədar olsa da (“Hərbi əməli yatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Hər iki yuxan ətrafın çoxsayda qəlpə yaralanmasından sonrakı hal. Oynaqların kontrakturası. Sol əl barmaqlarının kontrakturası. Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Sol ovucda pastravmatik dartıcı çapıqlar.”) əlilliyinin səbəbi “Ümumi xəstəlik” ifadəsi ilə göstərilmişdir. Hesab edirəm ki, əlilliyinin səbəbi dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” ifadəsi ilə göstərilməlidir. Bu barədə cavabdeh orqana müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, Komissiyanın sədri Ş.Əliyev xx.xx.2021-ci il tarixli iclası açıq elan edərək, Komisiyyanın yetərsay olmaqla səlahiyyətli olduğunu qeyd etdi. Agentlikdə mütəxəssislərin iştirakı ilə 33 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər, eləcə də sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilmişdir. Əlilliyin müəyyən edilməsindən imtina edilmiş şəxslərin hər biri barəsində ayrı ayrılıqda verilmiş qərarın əsaslılığının yoxlanılması ilə bağlı komissiyanın üzvləri ilə birgə müzakirəyə başlanıldı. Qəbələ rayon sakini İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsində 0240003AAHDL nömrəli göndərişi əsasında xx.xx.2021-cİ il tarixdə qiymətləndirilmiş və natamam doldurulma barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 218 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Hər iki yuxarı ətrafların çoxsaylı qəlpə yaralan. Sol bazu yaralarının irinləməsi ilə. Üzün birincili dərəcəli yanığı.’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Hər iki yuxarı ətrafın çoxsayda qəlpə yaralanmasından sonrakı hal." anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Anamnezə əsasən, vətəndaş hərbi xidmətindən sonra mülki travma almış və əllərində ciddi xəsarət almışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’ nin 2.5.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştiraki olmadan keçirilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçıya “ümumi” xəstəlik səbəbi ilə xx.xx.2021-ci il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********9 nömrəli protokolundan görünür ki, Agentlikdə mütəxəssislərin iştirakı ilə 33 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər, eləcə də sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilmişdir. Əlilliyin müəyyən edilməsindən imtina edilmiş şəxslərin hər biri barəsində ayrı ayrılıqda verilmiş qərarın əsaslılığının yoxlanılması ilə bağlı komissiyanın üzvləri ilə birgə müzakirəyə başlanılmışdır. Tərtib edilmiş cədvəldə İddiaçı adı qeyd olunmuşdur.

3. MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 94 nömrəli Qərarı.

4. İddiaçı barəsində Əlilik altsistemindən 2005-2021-ci illərə aid Çıxarışlar.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı inzibati aktın qəbul edilməsindən ibarətdir. İşin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2005-ci il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” əlillik təyin edilmişdir.Əliliyin təyin edilməsi zamanı diaqnoz “Hər iki yuxarı ətrafın çoxsayda qəlpə yaralanması.Son əlin V.b amputasiyası. Sol əl barmaqlarının funksiyasının pozulması” kimi qeyd edilmişdir.Eyni diaqnoz sonrakı qiymətləndirmə zamanı da təsdiqlənərək xx.xx.2021ci il il tarixədək qüvvədə olmuş əlilliyin təyin edilməsi əsası olmuşdur. MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 94 nömrəli Qərarında da iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Dəmiryolu xəstəxanasında müayinə və müalicə olunduğu qeyd edilmiş,yaralanma diaqnozu “Hər iki yuxarı ətrafın çoxsaylı qəlpə yaralanması,Üzün İ dərəcə yanığı” kimi göstərilmişdir. İddiaçı barədə xx.xx.2021-ci il il tarixli qiymətləndirmə aparılarkən yuxarıda qeyd olunan diaqnozun təsdiqini tapmaması və iddiaçının hərbi xidmətdən sonra mülki travma aldığı,əllərində ciddi xəsarətlə olduğu qeyd edilərək “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin edilmişdir. Gründüyü kimi digər sübutlarla təsdiq olunur ki,hazırkı əliliyin təyin edilmə diaqnozu “Hər iki yuxarı ətrafın çoxsaylı qəlpə yaralanması”ndan ibarətdir.Həmin xəsarətin yaranma səbəbi isə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ” olması MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli 94 nömrəli Qərarı,eləcə də iddiaçı barəsində 2005-2016-cı illərdə dəfələrlə qiymətləndirilmə zamanı cavabdehin təyin etmiş olduğu təyinatlarla təsdiq olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)

1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ... İddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin 2-1(102)-2437/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı barəsində cavabdehin xx.xx.2021-ci il tarixli qərarına dəyişiklik edilərək təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar