Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-290/2025 22.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “əlilliyin yenidən qiymətləndirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xəstəliyi ilə bağlı imtina qərarının ləğv olunması və əlilliyin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə Zaqatala rayonu, Bəhmətli kəndində anadan olmuşdur. 5 yaşından qanından əziyyət çəkir. xx.xx.2022-ci il tarixdə Talasemiya mərkəzində Alfa-Talasemiya diaqnozu ilə dispanser qeydiyyatına düşmüşdür. Xəstəliyi ilə əlaqədar Alfa-talassemiya diaqnozu qoyulmuşdur. Xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması üçün sənədləri TSEK-ə daxil edilmiş, lakin TSEK tərəfindən imtina verilmişdir. Cavabdeh orqanın əlilliyi ilə bağlı sənədləri qiymətləndirilərkən vermiş olduğu yalnış və ya natamam doldurulmasına dair cavabı əsasız hesab edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnoz: Alfatalassemiya, Alfa- talasemiya. Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya, Splenomeqaliya ilə Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Bildiririk ki, Zaqatala rayon sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı müraciəti əsasında Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən “Alfatalasemiya. Başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya” diaqnozu ilə xx.xx.2023-cü il tarixli C00149327PTU nömrəli göndəriş rəsmiləşdirilsə də Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində “göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş, məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq 5 yaşından qan azlığından əziyyət çəkdiyini, “Alfa-talasemiya” diaqnozu ilə Talassemiya Mərkəzində qeydiyyatda olduğunu, stasionar və ambulator müalicələr aldığını, sonuncu dəfə xx.xx.2023-cü il tarixində ona eritrosit kütlənin köçürüldüyünü, hal-hazırda dərman olaraq sadecə “Fol turşusu” qəbul etdiyini bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 11057541 nömrəli ambulator çıxarışına əsasən diaqnoz “Alfa-talassemiya” şəklində göstərilmiş, xx.xx.2023-cü il tarixində vətəndaşa 1 vahid eritrositar kütlə köçürüldüyü məlum olmuşdur. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi solğun, normostenik tip bədən quruluşlu, dili nəm, ərpsiz olmuş, üz sümüklərində Talassemiyaya xas dəyişikliklər nəzərə çarpmamış, bədənində hiperemik nahiyələr, qansızmalar izlənilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa aparılmış Abdominal Ultrasəs müayinəsinin nəticəsi “Hepatosplenomeqaliya. Hepatosteatoz (grade İ)” kimi qiymətləndirilmiş, qanın ümumi analizində “Hemoqlobin” miqdarı 8 (on dörd tam onda üç) q/dl, EÇS miqdarı 5 (səkkiz) mm/s, Koaquloqrammada Protrombin vaxtı 13.6 (on üç tam onda altı) san, Protrombin indeksi - 95.3% (doxsan beş tam onda üç), İNR - 1.02 (bir tam yüzdə iki) müəyyən edilmiş, son illə dair qan köçürmələrlə əlaqədar heç bir sənəd təqdim etməmiş, xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları (qanəmələgəlmə funksiyasının mülayim pozulması ilə, tələb olunanda dövri qan köçürmələrlə; qanəmələgəlmə funksiyasının qabarıq nəzərəçarpan və ya ağır pozulması ilə, tez-tez (hər ay) qanköçürməyə ehtiyacla; qanəmələgəlmə funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən pozulması ilə, uzunmüddətli, tez-tez (ayda bir neçə dəfə) qanköçürməyə ehtiyacla) aparılmış müayinələr nəticəsində təsdiqini tapmamışdır. Əyani müayinə zamanı, vətəndaşa müayinə edilməsi üçün həkim-ekspertlər tərəfindən Talassemiya Mərkəzinə göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv və instrumental müayinələr nəticəsində diaqnoz “Alfa-talassemiya.” şəklində göstərilmişdir (tibbi sənəd xx.xx.2024-cü il tarixində təqdim edilmişdir). Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli C00149327PTU nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi,ona əlilliyin təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdeh orqanın xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2024cü il tarixli imtina qərarı;
2. xxxxxxx0002 qeydiyyat nömrəli qiymətləndirmə nəticəsi;
3. Cavabdehin etirazı və ona əlavə edilmiş sənədlər;
4. “Zaqatala Rayon Mərkəzi Xəstəxanası”nın xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş iddiaçı barəsində tibbi sənədlər;
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi”-nin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin xx.xx.2025-cİ il tarixli 2526 nömrəli məktubu və ona əlavə edilmiş T 375/2025 ekspert rəyi.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir.Müddətin pozulması baş verməmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçı ilkin olaraq iddia tələbini “əlilliyin yenidən qiymətləndirilməsi” kimi ifadə etmişdir. İş materiallarından görünür ki,iddiaçı barəsində məhkəməyə təqdim edilmiş sonuncu forma 88 göndərişi “xx.xx.2023-cü il tarixli C00149327PTU nömrəli göndəriş rəsmiləşdirililmiş, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində “göndərişin natamam doldurulması” səbəbindən imtina verilmişdir.İddia verilərkən mövcud olan məhkəmə təcrübəsi həmin iddialara münasibətdə cavabdeh orqanın üzərinə iddiaçının sağlamlıq vəziyyətinin məhkəmənin mövqeyini nəzərə almaqla əyani müayinənin həyata keçirilməsi” kimi olduğundan iddia tələbi də həmin qaydada ifadə edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin təmin olunaraq ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi ifadə etmiş,cavabdehin nümayəndəsi tələbə etiraz etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Məhkəmə İPM-in 52-ci maddəsini və prosessual qənaət prinsipinə əsasən hesab edir ki,iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq əlilliyinin müəyyən edilməsindən ibarətdir. İddiaçı barəsində tərtib edimiş sonuncu forma 88 göndərişinə əsasən iddiaçıya Meyarlarda nəzərdə tutulmuş “D56.0 Alfa-talassemiya, Alfa-talasemiya” diaqnozu qoyulmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 5.1.1-1-ci bəndində “talasemiya” diaqnozu təsbit edilmişdir.Həmin diaqnozun qiymətləndirici əlaməti kimi Meyarların həmin bəndin alt bəndlərində üç əlamət göstərilmişdir.
5.1.1- qanəmələgəlmə funksiyasının 1.1. mülayim pozulması ilə, tələb 35-60 müddətsiz olunanda dövri qan köçürmələrlə qanəmələgəlmə funksiyasının qabarıq 5.1.1- nəzərəçarpan və ya ağır pozulması 65-80 müddətsiz 1.2. ilə, tez-tez (hər ay) qanköçürməyə ehtiyacla qanəmələgəlmə funksiyasının əhəmiyyətli dərəcədə təzahür edən 5.1.1pozulması ilə, uzunmüddətli, tez-tez 85-100 müddətsiz 1.3. (ayda bir neçə dəfə) qanköçürməyə ehtiyacla Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi talassemiya diaqnozunun əlilik müəyyən etməsi üçün iki şərt müəyyən edilmişdir :
1. qanəmələgəlmə funksiyasının pozulması;
2. qan köçürmə zərurətinin intensivliyi; İddiaçıya münasibətdə aparılmış araşdırma zamanı dövri qan köçürmələrin aparılmadığı,belə bir tələbin olmadığı müəyyən edilmişdir.Məhkəmə tərəfindən iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması barədə ekspertiza təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 375/2025 nömrəli rəyindən görünür ki, vətəndaş İddiaçınm əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Zaqatala rayon mərkəzi xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, C00149327PTU nömrəli Forma 88 göndərişində qeyd edilən “D56.0-Alfa talassemiya, alfa talassemiya, R16.1başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya” diaqnoz ona “Talassemiya Mərkəz”ində müayinələr əsasında qoyulsa da, əsas diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində öz təsdiqini tapmadığından əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın hər hansı bir bəndini şamil etmək mümkün olmadı. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının barəsində təqdim edilmiş forma 88 göndərişi və onun hazırkı sağlamlıq vəziyyəti yoxlanılmışdır.Nəticədə iddiaçı barəsində qoyulmuş “D56.0-Alfa talassemiya, alfa talassemiya, R16.1-başqa rubrikalarda təsnif olunmayan splenomeqaliya” diaqnozu təsdiq olunmuşdur. Lakin, əsas diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının orqanizminin funksiyalarının pozulması Əlilliyin müəyyən olunması meyarları”nın 5.1.1-1-ci bəndində “talasemiya” diaqnozu üçün müəyyən edilmiş qiymətləndirici əlamətlərlə əhatə olunmadığından cavabdehin əlilliyin təyin edilməsindən imtina etməsi əsaslıdır. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Qüvvədə olan Meyarlara əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri aşağıdakı kriteriyalara əsasən müəyyən edilmişdir : 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin kriteriyalara əsasən isə sağlamlıq imkanlarının məhdudluq dərəcəsinə uyğun olaraq əlillik dərəcələndirilmişdir.Sözügedən Meyarların : 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İddiaçıya qoyulmuş “talassemiya” diaqnoz qüvvədə olan Meyarların М42 kodunda nəzərdə tutulmuşdur.Həmin diaqnozun qiymətləndirici əlaməti kimi 5.1.1-1.1- 5.1.1-1.3-cü bəndlərində nəzərdə tutulan orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh “iddiaçıya xəstəliyi ilə bağlı imtina qərarının ləğv olunması və əlilliyin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə