Məhkəmə qərarları › İş №2-1(116)-291/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-291/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-291/2022 27.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “13 avqust 2020-ci il tarixli, **********160600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin direktoru X3 cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 02 sentyabr 2020-ci il tarixli, **********342800 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı MMC 2019-cu ilin illik mənfəət vergi bəyənmaməsi 11 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilmiş və sonuncu bəyannamə 01 aprel 2020-ci il tarixdə təsdiq edilmiş bəyənnaməyə əsasən 8575 manat mənfəətdən vergi MMC-nin üzərinə hesablanmışdır. MMC-nin təqdim etdiyi mənfəətdən vergi bəyənnaməsinə kameral vergi yoxlaması aparılmış və cəmiyyət tərəfindən 48960 manat yanacaq-sürtgü maleriallarının daşınmasına çəkilmiş nəqliyyat xərcləri nəzərə alınmayaraq cəmiyyətə əsassız olaraq 9792 manat əlavə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə isə 14.07.2020-ci il tarixdə 4785.4 manat mənfəət vergisi (Vergi məcəlləsinin 151.1 əsas gətirilməklə 15.04.2020-ci il tarixə mənfəət vergisi hesablanmalı olduğu halda) gecikdirilməklə cəmiyyətin şəxsi hesab vərəqəsinə işlənilmiş, yenə də əsassız olaraq 558 manat cəmiyyətə faiz hesablanmışdır. İddia MMC qeyd edir ki, Azərbaycan Rcspublikası ərazisində yanacaq sürtgü materiallarının pərakəndə satışı ilə məşgul olan vergi ödəyicilərinin heç birində daşınma xərclərinin xərclərə aid edilməməsi halı yoxdur. Bu hal Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən on iki Ərazi Vergilər İdarəsindən yalnız 11 saylı Ərazi Vergilər İdarəsində fəaliyyət göstərən bəzi vergi ödəyicilərinə tətbiq edilmişdir. MMC onu da qeyd edir ki, Cəmiyyət "xxxx" QSC ilə aralarında bağlanmış müqavilə əsasında aldığı yanacaq-sürtgü materiallarının 90%-ni Ucar neftbazasından, 10%-ə yaxınını isə Bərdə Neftbazasından alır. Onlarla bağlanmış müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, neft məhsullarının daşınması alıcı, yəni MMC-lər tərəfindən həyata keçirilir. Bütün halları kənara qoyaraq məntiqi cəhətdən görünür ki, il ərzində 2000 ton yanacaq sürgü materialının daşınması nəqliyyat xərci olmadan mümkündürmü? İddiaçı, 11 saylı Ərazi Vergilər İdarəsinin 13 avqust 2020-ci il tarixli, **********160600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından inzibati qaydada yuxarı vergi orqanına, hazırkı halda cavabdehə şikayət ünvanlamış və cavabdehin 02.09.2020-ci il tarixli **********342800 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Cavabdeh 06.01.2022-ci il tarixli vəsatətində qeyd etmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinə qarşı iddia tələbi mümkünsüz hesab edilməlidir. İddiaçının mübahisələndirdiyi Dövlət Vergi Xidmətinin 02.09.2020-ci il tarixli **********342800 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və 13.08.2020-ci il tarixli **********160600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, 02.09.2020ci il tarixli **********342800 nömrəli Qərar şikayət instansiya tərəfindən dəyişdirilmədən saxlanıldığından və üçüncü şəxslər üçün hər hansı öhdəlik yaradan inzibati akt olmadığından həmin qərar “mübahisələndirmə haqqında” iddianın predmeti ola bilməz. Göründüyü kimi, hazırkı iddia ərizəsi ilə Dövlət Vergi Xidmətinin 02.09.2020-ci il tarixli **********342800 nömrəli qərar deyil, iddiaçı tərəfindən inzibati qaydada şikayət verilmiş ilkin inzibati akt, yəni 13.08.2020-ci il tarixli **********160600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar mübahisələndirilə bilərdi. İddiaçı bundan öncə eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 18.05.2021-ci il tarixli 2-1(112)-5416/2021 nömrəli qərardadı ilə iddiaçının iddia ərizəsinin geri götürülməsi barədə ərizəsi təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bununla yanaşı iddiaçının yol verdiyi bir digər prosessual pozuntu müddətlərin ötürülməsi olmuşdur. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınsa ki, 02.09.2020-ci il tarixli **********342800 nömrəli qərarı vergi ödəyicisinin elektron kabinetinə 02.09.2020-ci il tarixdə **********048000 nömrəli məktubla göndərilmiş və 70.2-1.3-cü maddəyə əsasən elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır və iddiaçı açıq şəkildə prosessual müddətlərin ötürülməsinə yol vermişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin 02.09.2020-ci il tarixli **********342800 nömrəli qərarının ləğv edilməsi dair iddia tələbi mümkünsüz hesab edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə və vəkilinə qanunvericiliyin tələbləri izah edilmiş və iddia tələbininin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “13 avqust 2020-ci il tarixli, **********160600 nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsinə (vəkilinə) buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, göstərilən məsələyə münasibət bildirmələri təklif olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, müddətin bərpa edilməsini xahiş etmişlər. Müddətin buraxılmasını mümkün olan şikayətin aiddiyəti üzrə Bakı İnzibati Məhkəməsinə verilməsi, lakin sonradan aidiyyət qaydalarının dəyişməsi ilə əlaqədar iddianın geri götürülərək yenidən Şəki İnzibati Məhkəməsinə müraciət etmələri ilə əsaslandırmışlar. Odur ki, iddianın mümkün hesab edilərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə iddia ərizəsi, digər iş materialları və Şəki İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(116)-1506/2020 nömrəli işilə birlikdə araşdıraraq müəyyən etmişdir ki, 2-1(116)-1506/2020 nömrəli inzibati iş üzrə iddiaçıya 09.10.2020-ci il tarixli yardım məktubu göndərilərək qanunvericiliyin tələbləri izah olunmuş, məhz 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 13.08.2020-ci il tarixli qərarının iddiaçı tərəfindən ilk növbədə mübahisələndirilməli olması izah edilmiş, məhkəmənin yardım məktubu iddiaçının vəkili tərəfindən 20.10.2020-ci il tarixdə, iddiaçı tərəfindən isə 23.10.2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilənlər Məhkəmənin iş üzrə 18.11.2020-ci il tarixli qərardadında (hakim İ.Cabbarov) da öz əksini tapmış, iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən eyni qərar Bakı İnzibati Məhkəməsində mübahisələndirilimiş, lakin sonradan iddianın geri götütülməsi ilə iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq iddiaçı iddianın geri götürülməsindən dörd aya yaxın müddət keçdikdən sonra yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bu dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək eyni cavabdehə qarşı 13 avqust 2020-ci il tarixli, **********160600 nömrəli qərarın ləğv edilməsi tələb etmişdir. İddiaçı vəkillə təmsil olunaraq ona professional hüquqi yardım göstərildiyi nəzərə alınsa da, İPMin 13-cü maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən əlavə yardım göstərilərək qanunvericiliyin tələbləri izah edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli qərarından daha əvvəl məlumatlı olsa da, onu İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, həmin qərarın qəbul olunmasından on üç aydan artıq müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı tərəfindən cavabdehin qərarının ilkin olaraq iddia ərizəsinin imzalandığı 13.09.2021-ci il tarixdən mübahisələndirdiyi nəzərə alınsa belə, İPM-in 24.4-cü maddəsi ilə nəzərdə tutulan 1 illik prosessual müddətin onun tərəfindən ötürüldüyü müəyyən olunur. Belə ki, iddiaçı mübahisələndirilən qərarı aldıqdan bir ildən artıq müddət keçdikdən sonra məhkəmə qaydasında cavabdehin qərarını mübahisələndirməklə iddiasının təmin olunmasını tələb etmişdir. İddiaçının qeyd olunan 1 illik müddəti ötürmədiyi fərz olunsa belə o, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilən 30 günlük müddəti də ötürmüşdür. Belə ki, iddiaçının şikayət instansiyasınının 02.09.2020-ci il tarixli qərarının mübahisələndiyi tarixdən nəzərə alınsa belə, aydın olur ki, 2-1(116)-1506/2020 nömrəli inzibati iş üzrə iddianın məhkəmədə irəli sürüldüyü anda iddiaçı artıq mübahisəli qərardan məlumatlı olmuş və qərarı cavabdehdən almışdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “13 avqust 2020-ci il tarixli, **********160600 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar