Məhkəmə qərarları › İş №2-1(116)-2911/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2911/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2911/2023 30.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2911/2023 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və 1 nömrəli Balakən Peşə Məktəbi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Balakən şəhəri, Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem istehsal zavoduna məxsus tikililərin və torpaq sahəsi üçün reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtina səbəbi olaraq, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün lazimi sənədlərin tədim olunmaması göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli münasibətlərində qeyd etmişdir ki, İddiaçı MMC ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və texniki pasport sənədi ilə rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Məlum olmuşdur ki, iddiaçı, ərizəsinə Balakən şəhəri, Atatürk prospekti, 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (yem istehsalı zavodunun) inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməmişdir. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-700/2023 (**********00) nömrəli məktub göndərilmişdir. Bundan sonra, iddiaçı "X6” MMC cavabdeh 18 saylı Zaqatala ərazi idarəsinə qarşı hazırki iddia tələbilə eyni olan iddia tələbilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyət hüququ üzrə öz adına dövlət qeydiyyatına alınması istənilən 8,2 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi isə mavafiq hüquqmüəyyənedici sənədlərlə iddiaçının mülkiyyətinə yox, istifadəsinə verilmişdir. Eyni zamanda, həmin iş üzrə keçirilən məhkəmə prossesində Azərbaycan Respublikasının Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına əsasən iddia tələbində göstərilən tikililərə müvafiq hüquqmüəyyənedici sənədlərin əldə olunmasının mümkünlüyü cavabdeh orqan tərəfindən iddiaçıya izah olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 11.08,2023-cü il tarixli, 2-1(116)-1611/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının vəkili (nümayəndəsi), məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 2015-ci ildə tərtib edilmiş Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən Yem istehsalı zavodunun mövcud binalarının eskiz layihəsindən görünür ki, sözügedən layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış, Balakən rayon Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən İddiaçı MMC-nin naturada istifadəsində 12,44 ha torpaq sahəsi mövcuddur.” X6” MMC-nin naturada istifadəsində olan 12,44 ha torpaq sahəsinin 0,24 ha və 4,83 ha hissəsi hüquqları dövlət reyestrində dövlət qeydiyyatına alınmış reyestr nömrəsi **********24 olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Balakən Peşə Məktəbinin istifadəsində olan 66,40 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi qismən üst-üstə düşür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi X1 Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 23310 nömrəli rəyindən görünür ki, “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yem zavodu”nun gücləndirmə layihəsini razılaşdırmaq olar. Layihədə verilən gücləndirmə işləri müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədləri yenidən təqdim edilməlidir. - xx.xx.2021-ci il tarixli AA 628712 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, məqsədli təyinatı kənd təsərrüfatı torpaqlara aid olan Balakən şəhəri Atatürk prospekti 32 ünvanında yerləşən, 66.40 ha (sənəd üzrə və faktiki) torpaq sahəsi Dövlət mülkiyyətindədir. Sözügedən plan-ölçü sənədinin hüquq sahibi qrafasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Balakən Peşə Məktəbi qeydi icra edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, Balakən 1 №-li Peşə Məktəbinin təlim təsərrüfat sahəsindən istifadəyə yararsız 8,2 ha-nın Balakən rayonunda tikiləcək yem fabriki üçün ayrılmasına Təhsil Nazirliyi etiraz etməmişdir. - Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 174/1 nömrəli sərəncamından görünür ki, “Azəryem DHT Holdinq” firmasına Yem fabrikinin tikintisi üçün Balakən 1 №-li Peşə Məktəbinin təlim təsərrüfat sahəsindən 8,2 ha torpaq sahəsi ayrılmış, Balakən 1 №-li Peşə Məktəbinin təlim təsərrüfat sahəsindən ayrılmış 8,2 ha torpaq sahəsi məktəbin balansından çıxarılmışdır. - xx.xx.2010-cu il tarixli BL001 nömrəli icarə müqaviləsindən görünür ki, 1 nömrəli Balakən Peşə Məktəbinin direktoru (icarəyə verən) ilə "xxxx" MMC-nin icraçı direktoru Sitarə Bayramova arasında (icarə alan) arasında icarə müqaviləsi bağlanmış, icarəyə verən Balakən rayon ərazisində yerləşən, əkinə yararsız 8 ha torpaq sahəsini (bundan sonra torpaq) 30 il müddətinə icarə alanın istifadəsinə verməyi, “icarə alan” isə müqavilənin şərtlərinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş rəyin nəticə hissəsində gücləndirmə işlərinin aparılması müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədlərinin yenidən təqdim edilməsi qeyd olunmuşdur. Lakin, sifarişçi tərəfindən bu barədə X1 Baş İdarəsinə təkrar müraciət edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş tikililər və torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə nail olmaqdır. İddia olunan 8,2 ha torpaq sahəsi ilə bağlı məhkəmə qeyd edir ki, Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən sözügedən torpaq sahəsi xx.xx.2010-cu il tarixli BL001 nömrəli icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, müəyyən edilmişdir ki, həmin torpaq sahəsi üzrə tərtib edilmiş AA 628712 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə hüquq subyekti olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Balakən Peşə Məktəbi qeyd edilmiş, torpaq sahəsi isə Dövlət mülkiyyətindədir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən (Dövlətin torpaq üzərində mülkiyyət hüququ) dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara daxildir. İstinad olunan maddənin 2-ci bəndinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Göründüyü kimi iddia olunan torpaq sahəsi dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaq sahələrinə aiddir və qanunvericiliyin tələbinə görə sözügedən torpaq sahəsi yalnız istifadə və icarəyə verilə bilər. İşin hallarından göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas yoxdur. xx.xx.2010-cu il tarixli, BL001 nömrəli icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının eskiz layihəsi ilə müəyyən edilir ki, sözügedən tikili 2013-cü ilin yanvarın 1-dən sonra (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra) inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə müqavilə, tikilinin eskiz layihəsi mövcud olsa da, tikilinin inşasına icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi mövcud deyil. İş materiallarında olan “sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti Dövlət Agentliyi üçün texniki təhlükəsizliyə dair” ekspertiza rəyində İddiaçı MMCyə məxsus yem zavodunun silos qurğularının layihə sənədləri texniki təhlükəsizlik baxımından müvafiq normativ sənədlərin, norma və qaydaların tələblərinə uyğun hesab edilmişdir. Yəni, sözügedən rəy iddia olunun qeyri-yaşayış binasına münasibətdə yox, həmin tikilidə istismar olunan silos qurğularına münasibətdə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi X1 Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 23310 nömrəli rəyində “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yem zavodu”nun gücləndirmə layihəsini razılaşdırmasının mümkünlüyü, layihədə verilən gücləndirmə işləri müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədlərinin yenidən təqdim edilməsi qeyd edilmişdir. Göründüyü kimi təqdim edilmiş rəyin nəticə hissəsində gücləndirmə işlərinin aparılması müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədlərinin yenidən təqdim edilməsi qeyd olunsa da, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, sifarişçi tərəfindən bu barədə X1 Baş İdarəsinə təkrar müraciət edilməmişdir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsi və üzərində inşa olunmuş Yem zavoduna məxsus tikililər üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar