Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-292/2020 13.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "hüququnun yarandığı 10.03.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayır. O, 1970-1971-ci illərdə Zərdab rayonu “İsaqbağı” kolxozunda (əvvəlki adı – M.Qorki adına kolxoz), 16.11.1972-ci ildən 05.05.1975-ci ilədək Zərdab Rayon Baytarlıq Müalicəxanasında işləmiş, 09.05.1975-ci ildən 12.02.1976-cı ilədək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuş, 01.03.1976-cı ildən 27.03.1989-cu ilədək Zərdab Rayon Baytarlıq Stansiyasında, 1989-1997-ci illərdə isə Zərdab rayonu “İsaqbağı” kolxozunda işləmişdir. O, 10.03.2019-cu ildə pensiya yaşına çatmışdır. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 21.10.2019-cu il tarixli **********7 nömrəli cavab məktubu ilə bildirmişdir ki, 1970-1971, 1990-1997-ci illərdə sabiq “İsaqbağı” kolxozunda işləməyinə dair əmək kitabçası təqdim etmədiyi üçün ona əmək pensiyası təyin edilməsi mümkünsüzdür. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1970-1971, 1990-1997-ci illərdə sabiq «İsaqbağı» kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan sonra o, iddia tələbini dəqiqləşdirərək, 10.03.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, kolxozda işlədiyi müddətlə bağlı əmək kitabçası olmasa da, iş stajını təsdiq edə arayışlar vardır. Cavabdeh məhkəmənin sorğusuna 19.12.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının pensiya yaşı 10.03.2019-cu ildə tamam olmuşdur. İddiaçının hərbi xidmətdə 9 ay 3 gün, əmək kitabçasında 15 il 3 ay 19 gün və 29.03.2019-cu il tarixli 90 nömrəli arxiv arayışına əsasən 11 il olmaqla, cəmi 27 il 22 gün sığorta stajı vardır. Sabiq «İsaqbağı» kolxozunda kişilər üçün minimum adam günü norması 1970-1982-ci illər dövrü 240 adam günü, 1983-1996-cı illər dövrü 200 adam günü müəyyən olunmuşdur. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək imtina məktubunun dəlillərinə uyğun izahat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 21.10.2019-cu il tarixli **********7 nömrəli imtina məktubundan görünür ki, 1970-1971, 1990-1997-ci illər ərzində sabiq «İsaqbağı» kolxozunda işləməyinə dair əmək kitabçası təqdim edilmədiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüzdür. - İşdə olan, Zərdab Rayon Dövlət Arxivinin 29.03.2019-cu il tarixli 90 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970-1971, 1990-1997-ci illər ərzində «İsaqbağı» kolxozunda işləmişdir. - İşdə olan, Cavabdeh tərtib etdiyi 17.12.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı verilmiş 29.03.2019-cu il tarixli 90 nömrəli arxiv arayışı göstərilən sayda adam günü və əmək haqqı qazanması faktı təsdiq olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 10.03.2019-cu ildə pensiya yaşına (64 il) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının 1970-1971-ci və 1989-1997-ci illərdə Zərdab rayonu “İsaqbağı” kolxozunda işləməsi Zərdab Rayon Dövlət Arxivinin 29.03.2019-cu il tarixli 90 nömrəli arxiv arayışı ilə, 16.11.1972-ci ildən 05.05.1975-ci ilədək Zərdab Rayon Baytarlıq Müalicəxanasında, 01.03.1976-cı ildən 27.03.1989-cu ilədək Zərdab Rayon Baytarlıq Stansiyasında işləməsi ******* nömrəli əmək kitabçası ilə, 09.05.1975-ci ildən 12.02.1976-cı ilədək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olması НЗ seriyalı ******* nömrəli hərbi biletlə təsdiq olunur. Cavabdeh həmin müddətlərdən yalnız 1970-1971-ci və 1989-1997-ci illərin sığorta stajına daxil edilməsindən imtina edir və bunu belə əsaslandırır ki, həmin müddət iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında göstərilmiş müddətlərlə yanaşı, onun adına verilmiş arxiv arayışında göstərilmiş 1970-1971, 1990-1997-ci illər də sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh həmin müddətləri iddiaçının sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, məhkəmə bu nəticəyə gəldi ki, iddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi bilet və arxiv arayışı üzrə onun sosial sığorta stajı 25 ildən artıq olduğuna görə iddia təmin edilməli və ona 10.03.2019-cu il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 10.03.2019-cu ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-292/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-292/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver