Məhkəmə qərarları › İş №2-1(116)-292/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-292/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-292/2021 29.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı "14.07.2020-ci il tarixli **********9 nömrəli qərarın ləğv edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş və hazırda Ağdaş şəhərində yaşayır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, 15.08.1975-ci ildən S.Vurğun adına orta məktəbə müəllim təyin edilmiş, daha sonra 27.10.1980-cı ildə isə 7 nömrəli günü uzadılmış orta məktəbə müvəqqəti fizika müəllimi təyin edilmişdir. O, 01.09.1994-cü ildə həmin məktəbdən azad edilmiş, elə həmin tarixdə Nizami adına orta məktəbə müəllim təyin edilmişdir. Bundan sonra iddiaçı 01.09.1999-cu ildə Nizami adına orta məktəbdən azad edilmiş və 7 nömrəli orta məktəbə ixtisası üzrə müəllim təyin edilmiş, 15.09.2017-ci ildə həmin işdən azad edilmişdir. İddiaçı 27.09.1990-cı ildə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra o, 02.12.2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə ərizə ilə müraciət edərək İİ qrup əlilliyə görə aldığı əmək pensiyasının yaşa görə əmək pensiyasına keçirilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiya şöbə tərəfindən 01.01.2017-ci ildən deyil, səhvən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan 60 yaşının tamam olduğu 19.03.2014-cü ildən yenidən hesablanmışdır. Buna görə də iddiaçıya 19.03.2014-cü ildən 01.01.2017-ci ilədək 1300,33 manat əksikvermə hesablanaraq 33 ay ərzində hər ay üçün 39,40 manat olaraq iddiaçının pensiya məbləğinin üzərinə əlavə olaraq ödənilmişdir. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılmış inventarizasiya zamanı İddiaçı aid 112300 nömrəli pensiya işində nöqsanlar aşkarlanmış və uyğunsuzluqlar aradan qaldırılmışdır. Aşkarlanmış nöqsan nəticəsində həmin pensiya işinin məbləği 342,11 manatdan 255,16 manata endirilmiş və nəticədə 01.01.2017-ci ildən 31.12.2019-cu ilədək 2696,80 manat artıq ödənilmiş vəsait aşkar edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində 22.06.2020-ci ildə həmin pensiya işinə yenidən baxılmış və iddiaçının pensiyası yenidən hesablanaraq 301,26 manata çatdırılmışdır. İddiaçıya 19.03.2014-cü ildən 31.12.2019-cu ilədək 2649,27 manat artıq pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin 14.07.2020-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı artıq ödənilmiş 2649,27 manat pensiya məbləğinin tutularaq Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı cavabdehin həmin qərarından narazı qalaraq 14.07.2020-ci il tarixli **********9 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, ona ödənilən pensiya məbləği hər hansı əsas olmadan azaldılmış, o, cavabdehə müraciət etsə də, ona təyin olunmuş pensiyanın əvvəllər əsassız hesablandığı bildirilmişdir. O, 05.10.2020-ci ildə pensiyası ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən 14.07.2020-ci il tarixli qərar ona təqdim olunmuşdur. Hər ay ona verildiyi qeyd edilən artıq pensiya məbləği ona ödənilməmişdir. Şəki İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli 2-1(116)-292/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon şöbəsi hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Cavabdeh 25.05.2021-ci ildə məhkəməyə göndərdiyi məktubda bildirmişdir ki, İddiaçı 02.12.2016-cı ildə Fondun Ağdaş rayon şöbəsinə İİ dərəcə əlil kimi aldığı əmək pensiyasının yaşa görə əmək pensiyasna keçməsi ilə əlaqədar müraciət etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətini və fərdi hesabında toplanan pensiya kapitalını nəzərə alaraq növbəti aydan, yəni 01.01.2017-ci ildən deyil, səhvən 19.03.2014-cü ildən pensiyası yenidən hesablanmışdır. İddiaçının 01.01.2006-cı ildən 01.03.2014-cü ilədək fərdi şəxsi hesabında toplanan 2975 manat pensiya kapitalı 144-ə bölünərək 01.01.2017-ci ildən ödənilməli olduğu halda, texniki səhv olaraq işlədiyi aylar nəzərə alınaraq 72-ə bölünərək 19.03.2014cü ildən 01.01.2017-ci ilədək 1300,33 manat əksikvermə hesablanaraq 33 ay ərzində hər ay üçün 39,40 manat olaraq iddiaçının pensiya məbləğinin üzərinə əlavə olaraq ödənilmişdir. Həmin dövr aşağıdakı kimi hesablanmışdır: - 19.03.2014-cü ildən 174,04 manat ödənilməli olduğu halda, 213,22 manat ödənilib; - 01.01.2015-ci ildən 175,08 manat ödənilməli olduğu halda, 214,81 manat ödənilib; - 01.01.2016-cı ildən 178,08 manat ödənilməli olduğu halda, 219,40 manat ödənilib; - 01.02.2016-cı ildən 188,08 manat ödənilməli olduğu halda, 229,40 manat ödənilib; - 01.01.2017-ci ildən iddiaçının fərdi şəxsi hesabında toplanan kapital nəzərə alınaraq pensiyasının məbləği 232,90 manat hesablanmalı olduğu halda, 244,20 manat hesablanaraq 15.09.2017-ci ilədək ödənilmişdir. İddiaçı 15.09.2017-ci ildən işdən azad olunduqdan sonra yenidən şöbəyə müraciət etmiş və 15.09.2017-ci ildən 237,31 manat ödənilməli olduğu halda, 278,04 manat 01.01.2018-ci ilədək ödənilmişdir. Sonrakı dövrlər aşağıdakı qaydada hesablanmışdır: - 01.01.2018-ci ildən 250,84 manat ödənilməli olduğu halda, 293,89 manat ödənilib; - 01.01.2019-cu ildən 258,36 manat ödənilməli olduğu halda, 302,71 manat ödənilib; - 01.11.2019-cu ildən 258,36 manat ödənilməli olduğu halda, 342,11 manat ödənilib; - 01.01.2020-ci ildən 301,26 manat ödənilməli olduğu halda, 297,52 manat ödənilib. İddiaçıya 01.08.2020-ci ildən 301,26 manat, 01.01,2021-ci ildən isə 335,60 manat ödənilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İddiaçı məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 15.08.1975-ci ildən S.Vurğun adına orta məktəbə müəllim təyin edilmiş, daha sonra 27.10.1980-cı ildə isə 7 nömrəli günü uzadılmış orta məktəbə müvəqqəti fizika müəllimi təyin edilmişdir. O, 01.09.1994-cü ildə həmin məktəbdən azad edilmiş, elə həmin tarixdə Nizami adına orta məktəbə müəllim təyin edilmişdir. Bundan sonra iddiaçı 01.09.1999-cu ildə Nizami adına orta məktəbdən azad edilmiş və 7 nömrəli orta məktəbə ixtisası üzrə müəllim təyin edilmiş, 15.09.2017-ci ildə həmin işdən azad edilmişdir. - İşdə olan, Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin 14.07.2020-ci il tarixli **********9 nömrəli qərarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılmış inventarizasiya zamanı iddiaçıya aid 112300 nömrəli pensiya işində nöqsanlar aşkarlanmış və uyğunsuzluqlar aradan qaldırılmışdır. Aşkarlanmış nöqsan nəticəsində həmin pensiya işinin məbləği 342,11 manatdan 255,16 manata endirilmiş və nəticədə 01.01.2017-ci ildən 31.12.2019-2cu ilədək 2696,80 manat artıq ödənmiş vəsait aşkar edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsində 22.06.2020-ci ildə həmin pensiya işinə yenidən baxılmış və iddiaçının pensiyası yenidən hesablanaraq 301,26 manata çatıdırlmışdır. İddiaçıya 19.03.2014-cü ildən 31.12.2019-cu ilədək 2649,27 manat artıq pensiya ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin həmin qərarı ilə İddiaçı artıq ödənilmiş 2649,27 manat pensiya məbləğinin tutularaq Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin hesabına ödənilməsi qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının 30.03.2021-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçıya 27.09.1990-cı ildən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ona 02.12.2016-cı il tarixli qərarla 19.03.2014-cü ildən yaşa görə əmək pensiyası təyin edilmiş və X4 rayon filialı vasitəsi ilə ödəniş edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinin cavabdehin mübahisələndirilən qərarının qəbul edildiyi zaman qüvvədə olmuş redaksiyasnda deyilirdi ki, bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Cavabdehin mübahisələndirilən 14.07.2020-ci il tarixli qərarından göründüyü kimi, bu qərar mahiyyət etibarilə, inzibati akt olmaqla, yalnız iddiaçıya artıq ödənilmiş əmək pensiyasının məbləğini təsbit edir. İddiaçının müvafiq razılığı olmadığına görə bu qərar əsasında iddiaçının əmək pensiyasından hər hansı məbləğ tutula bilməz. Məbləğin tutulması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, məhkəməyə müraciət etməlidir. Hazırkı işdə araşdırılan məsələ isə cavabdehin 14.07.2020-ci il tarixli qərarında göstərilən məbləğin iddiaçıya həqiqətən də artıq ödənilibödənilməməsindən ibarətdir. Şəki İnzibati Məhkəməsinin 11.12.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı yaşa görə əmək pensiyası hansı tarixdə və hansı məbləğdə təyin edilmiş, sonradan hansı tarixlərdə yenidən hesablanaraq hansı məbləğlərə dəyişdirilmişdir?

2. İddiaçıya təyin edilmiş və yenidən hesablanmış yaşa görə əmək pensiyası məbləğləri düzgün hesablanmışdırmı?

3. İddiaçıya hesablanmış yaşa görə əmək pensiyası məbləğlərinin, o cümlədən cavabdehin 14.07.2020-ci il tarixli **********9 nömrəli qərarında iddiaçıdan tələb edilən 2649,27 manat pensiya məbləğinin iddiaçının bank hesabına köçürülməsi pensiya işində olan sənədlərlə təsdiq edilirmi?

4. İddiaçıdan tələb edilən 2649,27 manat pensiya məbləğinin ona ödənilməsi qanunsuz olmuşdurmu?

5. İddiaçıya pensiya təyin edilməsi, pensiyanın yenidən hesablanması zamanı qanunvericiliyin hansı tələbləri pozulmuşdur? Məhkəməyə daxil olmuş 02.02.2021-ci il tarixli 9/5837 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı qocalığa keçməsi ilə əlaqədar yazmış olduğu ərizəsinə əsasən, o, 19.03.2014-cü ildən 2-ci qrup əlillikdən yaşa görə əmək pensiyasına keçmişdir. Bundan sonra DSMF-nin direktorunun 18.10.2019-cu il tarixli əmrinə əsasən, pensiya işlərinin və pensiyaçıların uçot vərəqələrinin şəxsi hesablarla və mərkəzləşdirilmiş vahid pensiya proqramı olan PAS-da (X5) cəmləşdirilmiş məlumatlarla üzləşdirilərək inventarizasiya aparılmışdır. İnventarizasiya zamanı 112300 nömrəli pensiya işində nöqsanlar aşkarlanmış və uyğunsuzluqlar aradan qaldırılmışdır. Aşkarlanan nöqsan nəticəsində 112300 nömrəli pensiya işinin məbləği 342,11 manatdan 255,16 manata endirilmiş və nəticədə 01.01.2017-ci ildən 31.12.2020-ci ilədək 2696,8 manat artıq ödənilmiş vəsait aşkar edilmişdir. 22.06.2020-ci ildə pensiya işinə yenidən baxılmış, 2019-cu ildə inventarizasiya zamanı mərkəzləşdirilmiş vahid pensiya proqramı olan PAS-da (X5) cəmləşdirilmiş məlumatlarla İddiaçımın fərdi şəxsi hesabından çıxarışda qeydə alınmayan 2007-ci və 2010-cu illər üçün pensiya kapitalı 22.06.2020-ci ildə araşdırma zamanı nəzərə alınaraq yenidən hesablanmış və pensiyanın məbləği 301,26 manata çatdırılmışdır. Ümumi nəticədə 19.03.2014-cü ildən 31.12.2019-cu ilədək 2649,27 manat artıq pensiya məbləği ödənilmişdir. 112300 nömrəli pensiya işi üzrə mərkəzləşdirilmiş vahid pensiya proqramı olan PAS-da (X5) cəmləşdirilmiş məlumatlarla fərdi şəxsi hesabdan çıxarışda qeydə alınmayan 2007-ci və 2010-cu illər üçün pensiya kapitalı 22.06.2020-ci ildə araşdırma zamanı nəzərə alınaraq İddiaçı yaşa görə pensiyasının hal-hazıra məbləği 301,26 manat təşkil edir. Cavabdehin 14.07.2020-ci il tarixli **********9 nömrəli qərarında qeyd edilən tarixlər üzrə müəyyən edilmiş pensiya məbləği və sonradan həmin məbləğin azalıb yenidən artırılması ilə bağlı məbləğlər (sonuncu 21.02.2020-ci ilədək karta mədaxil edilmiş məbləğlər) iş materiallarında olan iddiaçının pensiya üzrə kart hesabından çıxarış məlumatlarında öz əksini tapsa da, həmin məbləğlərin İddiaçı tərəfindən istifadə edilib-edilməməsini və eyni zamanda qeyd edilən tarixlər üzrə müəyyən edilmiş pensiya məbləği və sonradan həmin məbləğin hansı səbəbdən azalıb yenidən artırılmasının düzgünlüyünü hazırkı məhkəmə-mühasibat ekspertizası ilə müəyyən etmək mümkün olmadı. Göründüyü kimi, cavabdehin 14.07.2020-ci il tarixli **********9 nömrəli qərarında qeyd edilən 2649,27 manat məbləğində pensiyanın artıq hesablanması və İddiaçı pensiya kartına mədaxil edilməsi ekspert rəyi ilə müəyyən edilir. Belə olan halda, iddia ərizəsində göstərilən və açıq qalan digər sual həmin məbləğin İddiaçı tərəfindən istifadə edilib-edilməməsi ilə bağlıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı hazırda mübahisələndirilən 14.07.2020-ci il tarixli qərarında göstərdiyi məbləği İddiaçı geri tutmaq üçün ayrıca iddia ilə məhkəməyə müraciət etməli olduğuna görə qeyd olunan məsələ həmin iddiaya baxılan zaman araşdırılmalıdır. Cavabdehin 14.07.2020-ci il tarixli qərarının qanuniliyinə həmin məsələnin təsiri yoxdur. Beləliklə, məhkəmə cavabdehin 14.07.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsas müəyyən etmədi və bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı "14.07.2020-ci il tarixli **********9 nömrəli qərarın ləğv edilməsi" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar