Məhkəmə qərarları › İş №2-1(116)-295/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-295/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-295/2020 06.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "mərhum əri X2 19.07.1971-ci ildən 03.03.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, 05.06.1980-cı ildə X7 ilə nikaha daxil olmuşdur. İddiaçının əri X7 19.07.1971-ci ildən 03.03.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi işləmiş, lakin adına əmək kitabçası yazılmamış və 29.03.2001-ci ildə o,vəfat etmişdir. İddiaçı 11.02.2019-cu ildə 61 yaşına çatmışdır. O, mərhum ərinin 19.07.1971-ci il tarixli 139 nömrəli əmrlə Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi qəbul edilməsi və 03.03.1997-ci il tarixli 09 nömrəli əmrlə işdən azad edilməsi barədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X8 filialından aldığı 24.10.2019-cu il tarixli 343 nömrəli arxiv arayışını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə təqdim etmiş və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh 31.10.2019-cu il tarixli **********5 nömrəli məktubla bundan imtina edərək iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini, təqdim edilən arxiv arayışına əsasən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hesablanmasının mümkünsüz olduğunu bildirmişdir. Bundan sonra İddiaçı “X3 adına yazılmış işəgirmə əmrinin X4 aid olması və mərhum əri X2 19.07.1971-ci ildən 03.03.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, mərhum ərinin əmək kitabçası olmasa da, işə qəbul edilməsi və işdən çıxması barədə əmrlər dövlət arxivində saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı öz iddia ərizəsində mərhum əri X2 19.07.1971-ci ildən 03.03.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə yanaşı, həm də “X3 adına yazılmış işəgirmə əmrinin X4 aid olması” ifadəsini də yazsa da, məhkəmə hesab edir ki, həmin ifadə ayrıca iddia tələbi kimi nəzərə alına bilməz. İddiaçının hüquqi marağı mərhum ərinin işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi yolu ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən ibarət olduğuna görə əmrin X4 aid olub-olmaması məsələsinə əsas iddia tələbinin əsaslılığının yoxlanılması zamanı qiymət veriləcək. Cavabdeh 09.12.2019-cu il tarixli **********8 nömrəli etirazında bildirmişdir ki, X2 19.07.1971-ci ildən 03.03.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Bu müddət 25 il 7 ay 14 gün təşkil edir. Qeyd olunan müddət məhkəmə qərarı əsasında nəzərə alınmaqla mərhumun sosial sığorta stajına daxil edildiyi halda, iddiaçının 61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyası hüququ yarandığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, X7 və İddiaçı 05.06.1980-ci ildə nikah bağlamışlar. - İşdə olan, 12.06.2001-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 29.03.2001-ci ildə vəfat etmişdir. - İşdə olan, X8 filialının 24.10.2019-cu il tarixli 343 nömrəli arxiv arayışından görünür ki, X7 19.07.1971-ci il tarixli 139 nömrəli əmrlə Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi qəbul edilmiş və 03.03.1997-ci il tarixli 09 nömrəli əmrlə işdən azad edilmişdir. Birinci əmrdə onun adı Sahrab kimi yazılmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 17.1-ci maddəsində deyilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsində isə deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçının yaşa görə əmək pensiyası yaşına çatması və onun mərhum ərinin 12 il 4 aydan az olmayan sosial sığorta stajına malik olmasıdır. Bu rəqəm aşağıdakı qaydada hesablandı: mərhumun əmək qabiliyyətli yaş dövrü 37 ildir. Həmin 37 ilin hər biri üçün 4 ay sığorta stajı, yəni 148 ay=12 il 4 ay tələb olunur. Müəyyən edildi ki, 01.07.2018-ci ildən 30.06.2019-cu ilədək pensiya yaşı qadınlar üçün 61 il olmuş və iddiaçı 11.02.2019-cu ildə 61 yaşına çatmışdır. İddiaçının mərhum ərinin sosial sığorta stajına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən maddi hüquq normasının tələbindən görünür ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış nəzərə alınır. Ona görə də iddiaçının mərhum əri X2 19.07.1971-ci ildən 03.03.1997-ci ilədək (25 il 7 ay 14 gün) Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində fərdi paltar tikişi üzrə dərzi işləməsi barədə arxiv arayışı mövcud olduğu üçün həmin müddət onun sosial sığorta stajına daxil edilməlidir. Onun işə qəbul edilməsi barədə əmrdə adının Söhrab deyil, Sahrab yazılması isə həmin sənədin məhz göstərilən şəxsə aid olmasını istisna etmir. Həmin məsələni cavabdeh də mübahisələndirmir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mərhum ərinin işlədiyi 25 il 7 ay 14 gün müddəti onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının mərhum əri X2 19.07.1971-ci ildən 03.03.1997-ci ilədək Göyçay Rayon Əhaliyə Məişət Xidməti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar