Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-295/2021 08.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, Üçüncü şəxs X6 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X8) ““B” literli talvar tikilisinin X6 adına tərtib edilmiş texniki pasportdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““B” literli talvar tikilisinin X6 adına tərtib edilmiş texniki pasportdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü şəxsin mülkiyyətindədir. Üçüncü şəxs evin yerləşdiyi torpaq sahəsində iddiaçının evinə bitişik tikili inşa edərək həmin tikilidə süd və süd məhsullarının istehsalı ilə məşğul olur. İddiaçı qeyd edir ki, üçüncü şəxsin tikilisi onun evinə bitişik olduğu üçün yaşayış evinə su sızır və nəticədə ona ziyan dəyir. İddiaçı bildirir ki, üçüncü şəxsə qanunsuz inşa etdiyi tikilini sökməsini, ona dəymiş zərərin ödənilməsini tələb etsə də, Ə.Tağıyev buna məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Beləliklə tərəflər arasında məhkəmə qaydasında mübahisə yaranmış, İddiaçı üçüncü şəxs və onun ailə üzvlərinə qarşı “tikilinin sökülməsi, vurulmuş ziyanın ödənilməsi, cavabdehlərə gələcəkdə bu kimi qanunsuz tikililərin inşasına qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın rəyinə əsasən müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus olan talvar (B literli tikili) cavabdeh tərəfindən verilmiş texniki pasportda öz əksini tapmış və tikinti işləri normalara uyğun inşa edilmişdir. Lakin üçüncü şəxs tərəfindən iddiaçının evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Bu səbəblə iddiaçı tikilinin texniki pasportdan çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli **********77 nömrəli etirazında qeyd etmişdir ki, İddiaçı X6 adına tərtib edilmiş texniki pasportda "B” literli talvar tikilisinin texniki pasportdan çıxarılması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Qanunla müəyyən olunmuş əsaslar mövcud olmadığı üçün vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirirlər, Göyçay RİH-nin Memarlıq və tikinti şöbəsinin rəyi, 1987-ci il tarixli texniki pasport, A seriyalı 284771 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5, həmin evə məxsus torpaq sahəsi üzərində isə X5, X1, X6, X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, onların adına xx.xx.2015-ci il tarixli, **********31-10301 reyestr nömrəli çıxarış verilmişdir. Göyçay rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 2V-310 və 2V-309 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında yuxarıda qeyd olunan fərdi yaşayış evi və 3/4 hissə torpaq sahəsi üzərində X6, yerdə qalan 1/4 hissə torpaq sahəsi üzərində isə X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, onların adına xx.xx.2015-ci il **********3110301 reyestr nömrəli çıxarış verilmişdir. X2 rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş, 3M-50 reyestr nömrəli payların bölüşdürülməsi haqqında saziş əsasında ayrılmış torpaq sahəsinin yerdə qalan hissəsinin rəsmiləşdirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Xidmətin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş, 3M-50 reyestr nömrəli payların bölüşdürülməsi haqqında saziş əsasında yuxarıda qeyd olunan fərdi yaşayış evi və 0.04496 ha torpaq sahəsi üzərində X6, 0.01725 ha torpaq sahəsi üzərində isə X3 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, onların adına xx.xx.2019-cu il tarixli, **********0-10301 reyestr nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərlədə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş üzrə üçüncü şəxs məhkəməyə təqdim etdiyi iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən və onun şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin Texniki pasportunda göstərilən iddiaçının mübahisələndirdiyi “B” literli talvar tikilisi iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi hazırkı yerində tikilməzdən xeyli öncə, yəni 1986-cı ildə tikilmişdir. Həmin vaxt iddiaçı ilə onun fərdi yaşayış evini ayıran həmsərhəd divarı çay daşı ilə hörülmüşdür. İddiaçı hazırkı yaşayış evini tikərkən ondan çay daşı ilə hörülmüş həmsərhəd divarının özünün yeni evinin tikintisi üçün mane olduğuna görə həmin hasarın 20 metr hissəsinin (Talvara aid olmayan hissəsini) sökülərək yerində şərikli yeni həmsərhəd hasarının çəkilməsini xahiş etmişdir. Üçüncü şəxs halhazırda maddi imkanı olmadığı üçün həmsərhəd barının sökülməsinə etiraz bildirmişdir. Lakin iddiaçı onun etirazına məhəl qoymayaraq təzə tikdirdiyi evin barısını özü sökdüyü həmsərhəd hasarının yerində yeni tikdirdiyi evin barısını qaldırdı. Onun iddiaçının həyəti ilə həmsərhəd olan hasarının bir hissəsi hal-hazırda “B” litrli talvarın qonşuarası hasarıdır və iddiaçı həmin hissədə də heç bir ara məsafəsi qoymadan, tikinti normalarına riayət etmədən yeni tikinti inşa etdirib. Həmin səbəbdən də hər iki tərəfdə problemlər yaranır. İddiaçı iddia ərizəsini əsasən onunla əsaslandırır ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində 2-ci suala cavab olaraq bildirirlir ki, cavabdehlər tərəfindən İddiaçı evinə bitişik inşa olunmuş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunur. Ekspert rəyinin bu hissəsi ilə bağlı bir daha qeyd edir ki, mübahisə predmeti olan həmin “B” literli talvar 1986-cı ildə tikilmiş və DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evinə tərtib edilmiş xx xxxxxx 2015-ci il tarixli Texniki Pasportda da öz əksini tapmışdır. İddiaçı isə hazırkı fərdi yaşayış evini çox sonralar, təxminən 2010-cu ildən sonra tikdirmişdir. Belə olan halda o, mübahisə predmeti olan həmin “B” literli talvarı necə iddiaçının evinə bitişik şəkildə tikə bilər ki? İndi müəyyən edilməlidir kim tikinti apararkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun tikinti inşa etməyib, iddiaçı, yoxsa . Göründüyü kimi iddiaçı hazırda onun həyətinə bitişik inşa etdirdiyi fərdi yaşayış evini inşa etdirərkən heç bir tikinti normalarına özü riayət etmədiyi halda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi əsassız və absurd iddiadan başqa bir şey deyil. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə tərtib edilmiş inventar nömrəsi 408- 1/6443 olan Texniki pasportun, həmçinin həmin tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iş üzrə üçüncü şəxs X6 mülkiyyətindədir. İddiaçı “B” literli talvar tikilisinin 3-cü şəxsin adına tərtib edilmiş texniki pasportdan çıxarılması tələb edir. Əsas kimi də ona istinad edir ki, həmin tikilinin texpasporta göstərilməsi onun sökülməsinə mane olur. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sənəd texniki sənəd olmaqla fərdi yaşayış evinin yerləşdiyi və 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsində mövcud olan tikililərin real vəziyyətdə yerləşməsini əks etdirir. Qeyd olunan sənəd tərtib olunarkən həmin “B” literli tikili ərazidə olduğu üçün texniki pasportda da öz əksini tapmışdır. İddiaçının ərizəsində qeyd etdiyi hallar isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan məsələdir ki, bu zaman onun hüquqlarının pozulması halı müəyyən edildiyi halda, yəni onun qeyd etdiyi kimi həmin talvar tikilisinin onun evinə ziyan vurması təsdiqini tapdığını halda, müvafiq qərarın çıxarılması üçün qeyd olunan tikilinin texniki pasportda əsk etditilməsi heç bir əhəmiyyət kəsb etməyəcək. İddiaçının ekspert rəyində qeyd olunanlara əsasən inzibati məhkəməyə müraciət etməsi əhəmiyyətsizdir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla işə baxan məhkəmə üçün məcburi qüvvəyə malik deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X8) ““B” literli talvar tikilisinin X6 adına tərtib edilmiş texniki pasportdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-295/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-295/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver